06 sentyabr 2021 17:25
3175

Min bir dərdə dərman- Küncüt

Bir çox ölkələrdə min bir dərdə dərman olan bitki kimi tanınan küncütün vətəni əslində  Cənubi Afrikadır. Lakin bu faydalı müalicəvi bitki qədim zamanlardan bir çox Şərq ölkələrində, Hindistanda da geniş istifadə olunur.

Küncüt dünyada tək mətbəxtə deyil, tibdə və kosmetologiyada da geniş istifadə olunur.

Sən demə, qədim zamanlardan bəri  küncüt və küncüt yağı ilə sonsuzluğu, cinsi zəifliyi müalicə ediblərmiş. Bu bitki güclü afrodiziakdır və onun tərkibində olan fitoestrogenlər qadın dölyaratma sisteminin fəaliyyətinə çox müsbət təsir edir.

Küncütdə həmçinin  fitosterin var. Bu maddə immun sistemini möhkəmləndirir və  aterosklerozun və piylənmənin qarşısını alır.  Eyni zamanda,qanda xolesterolun və şəkərin səviyyəsini aşağı salmaq xüsusiyyətinə də  malikdir.

Küncütün tərkibində güclü antioksidant "sezamin" var. Bu maddə xərçəngin profilaktikasında effektlidir.

Toxumların tərkibində olan yağlı turşular ürək-damar sisteminin sağlamlığı üçün çox faydalıdır, insult və infarktın riskini azaldır.

Küncüt immun sistemini möhkəmləndirir. Bu məqsədlə küncütün balla qarışığı istifadə olunur. Bu faydalı qarışıq insanı qrip və soyuqdəymə xəstəliklərindən qoruyur, orqanizmə yaxşı iltihab, virus və mikrob əleyhinə təsir edir.

Qidalı liflərlə zəngin küncütün həzm sisteminə olan müsbət təsiri danılmazdır — bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi müalicə edir, orqanizmi ziyanlı maddələrdən təmizləyir.

İnsan orqanizmi üçün çox vacib olan lesitin də küncütün tərkibində mövcuddur. Lesitin öz növbəsində baş-beyinin və qaraciyərin sağlamlığını qoruyur, orqanizmdə xolesterolun səviyyəsini aşağı salır. Lesitin uşaqlar üçün xüsusilə vacibdir, çünki bu maddə uşağın sinir sisteminin normal formalaşmasında və inkişafında böyük rol oynayır.

 Kalsiumla zəngin olan küncüt sümük və oynaqların sağlamlığı üçün də olduqca faydalıdır. Mütəxəssislər bunun üçün hər gün 1 x.q. küncütü (uşaqlar üçün 1 ç.q.) yarım saat ərzində ilıq suda islatmağı və sonra qəbul etməyi tövsiyə edirlər.

 Tərkibində A, E və C vitaminləri kimi güclü antioksidantların sayəsində küncüt orqanizmi cavanlaşdırır, xroniki xəstəliklərinin inkişafına mane olur.

 Küncütün faydalarından biri də radiasiyaya və ya davamlı bənzər şüalara məruz qalaraq işləyənlərə bərpaedici təsir verməsidir. Bu şəxslərin küncüt istehlak etmə vərdişini qazanmaları faydalıdır.

Küncütün tərkibində fitoestrogenlər var. Bu maddələr qadın sağlamlığı üçün xüsusilə faydalıdır. Bu maddə qadın cinsiyyət sistemi xəstəliklərinin, mastopatiyanın riskini azaldır.

Samirə Tağıyeva, "İki sahil"