06 sentyabr 2021 22:19
1497

Ovdakı mübahisədən yaranan ideya...

Və ya rekordların pasportuna çevrilən “Ginnesin Rekordlar Kitabı” haqqında bunları bilirdinizmi?

Yəqin hamımız nə vaxtsa nəyisə hamıdan yaxşı edə bilmək arzusu ilə xəyal qurmuşuq. Əksərən başqalarından fərqlənməyin, “qəhrəman” ola bilməyin içimizdəki uşaqla birlikdə böyütdüyümüz şirin xəyalı zaman keçdikcə ya unudulur, ya da eləcə xəyal olaraq qalır. Ancaq nə iləsə ən yaxşı, ən fərqli, ən yüksək nəticə göstərərək seçilənlər də az deyil. Məhz bu insanların və bir də təbiətdə qeydə alınan ən yüksək nəticələrin toplandığı, ümumiləşdirildiyi məcmuə 66 ildir ki, dünyanın ən çox satılan nəşrləri sırasında ilk yerlərdən birini tutur. Söhbətin dünyanın 100-dən çox ölkəsində 24 dildə çap edilən, kitab ticarəti tarixində ən uğurlu kommersiya layihəsi olan “Ginnesin Rekordlar Kitabı” haqqında getdiyini bildiniz yəqin. Bəs bu kitabın ideyasının adicə ov mübahisəsindən yarandığını və ilk dəfə pivə zavodunun sifarişi ilə nəşr olunduğunu da bilirdinizmi? Ginnes rekordçusu olmaq üçün hansı prosedurlardan keçmək lazımdır? Kitabda Azərbaycan adına hansı faktlar var?

...Qızılı cüllütün, yoxsa şotland tetra quşunun daha sürətlə uçması barədə mübahisə düşəndə İrlandiyanın "Ginness" pivə zavodunun direktoru Hyu Biverlə ovçu yoldaşı kimin haqlı olduğunu dəqiqləşdirmək qərarına gəldilər. Ancaq məlum oldu ki, belə məlumatların toplandığı soraq kitabı yoxdur və hansı quşun daha sürətlə uçduğunu, yəni mübahisənin qalibinin kim olduğunu öyrənə bilməyəcəklər. Həmin vaxt, yəni 4 may 1951-ci ildə Hyu Biver qərara aldı ki, belə bir soraqça tərtib etdirsin. İdeyanı həyata keçirmək üçün o, bu işi Londonda məlumat agentliyinin sahibi olan Norris və Ross Makuirter qardaşlarına tapşırdı. Üç il ərzində ilk variantı hazırlanan soraq kitabı 1954-cü ilin avqustunda çap edildi və 1000 nüsxəsi pulsuz paylandı. Bir il sonra isə 197 səhifəlik kitab pulla satılmağa başlayır və Milad bayramı ərəfəsində İngiltərədə ən çox satılan kitablar siyahısında ilk yerlərə yüksəlir. Layihə o qədər maraqla qarşılanır ki, növbəti il ABŞ-da 70 min nüsxə ilə satışa çıxarılır və satılır.

İlk müəlliflik hüququ Hyu Biverin 1954-cü ildə yaratdığı "Guinness World Records Limited" şirkətinə məxsus olsa da, sonradan kitabın çap hüququ bir neçə dəfə satılıb və 1995-ci ildə konsepsiyasına da dəyişiklik edilib. Həmin vaxta kimi yalnız mətndən ibarət olan kitab indi şəkilli alboma çevrilib. Albomun özü də rekorda imza atır, sahiblərinin iddiasına görə, “Ginnesin Rekordlar Kitabı” müəlliflik hüququ ilə qorunan ən çox satılan kitabdır.

Qeyd edək ki, nə iləsə ən yüksək nəticə göstərmək hələ hər şeyi həll etmir, çünki dünyanın ən məşhur kitabına düşmək, “Ginnes” rekordçusu olmaq proseduru o qədər də asan deyil. Öz müstəsna bacarığı və qabiliyyəti ilə “ən yaxşı” olduğunu düşünənlər buna “Ginnesin” mütəxəssislərini də inandırmalıdırlar, bunun üçün isə ilk növbədə “ciddi, həssas və diqqətli hazırlıq” tələb olunur. İlk olaraq, iddiaçı kitabın rəsmi saytında “rekord cəhdi et” bölümünə girib, onlayn müraciət ərizəsini doldurmalıdır. Bu zaman saytdan müraciət edən şəxsə parolla birlikdə elektron ünvan göndərilir. Sonra rekorda imza atmaq istəyən şəxs təşkilatın bir neçə qeydiyyat mərhələsindən keçir. Nəticədə, saytdan ona içərisində “Rekord cəhdi anlaşması”nın olduğu bir məktub göndərilir. Anlaşmanı oxuduqdan sonra məktubda göstərilən qaydada imzalayıb, geri qaytarmaq lazımdır. İmzalanan anlaşmanın və rekord təklifinin araşdırılması mütəxəssislərlə məsləhətləşmək lazım gəlməzsə, 4 həftə davam edir. Qərar verildikdən sonra rekord namizədinə növbəti məktub göndərilir. Əgər müraciətə müsbət cavab verilsə, iddialı şəxs öz cəhdlərinə başlamalı, etdiyinin rekord olduğunu təsdiqləmək üçün bütün sübutlardan maksimum istifadə etməlidir. Yekunda bu sübutlar bir paketdə "Guinness World Records” şirkətinin İngiltərənin paytaxtındakı ofisinə göndərilməlidir. Burada paketin araşdırılması mərhələsi də 4 həftə davam edir. İddiaçı şəxsin cəhdi qaneedici olmadığı təqdirdə, ona bu barədə məktubla məlumat verilir. Cəhd ekspertlər tərəfindən rekord kimi təsdiqləndikdə isə iddiaçıya bununla bağlı sertifikat göndərilir, adı və şəkilləri kitaba daxil edilir. Göründüyü kimi, rekord qırmaq qədər çətin olmasa da, qırdığın rekordu sübut edib rəsmiləşdirmək də asan deyil...

Dünyanın bu sahə üzrə bir nömrəli kitabında Azərbaycanın da adı bir neçə dəfə çəkilir. Həmyerlilərimizdən ilk və ən məşhur “Ginnes” rekordçusu 168 yaşında vəfat etmiş Lerik sakini Şirəli Müslümovdur. Bu günə qədər də dünyanın ən uzunömürlü sakini kimi qəbul edilən Şirəli babanın Lerik rayonunun Barzavu kəndində 26 mart 1805-ci ildə doğulduğu bildirilir. Bəzi mənbələrə görə, o, 3 dəfə evlənib, 23 övlad sahibi olub. İlk iki arvadının adı məlum olmasa da üçüncü dəfə Xatun Nuriyeva ilə ailə qurub və deyilənə görə, Şirəli Müslümov 136 yaşında olanda Xatun xanım ondan bir qız uşağı da dünyaya gətirib. Ömrünün böyük hissəsini Lerik dağlarında çobanlıq etməklə keçirən Şirəli Müslümov haqqında 1966-cı ildə “Azərbaycanfilm” Kinostudiyası tərəfindən "Şirəli dağdan endi" adlı sənədli film çəkilib. Bildirilir ki, heç kimdən kömək istəmədən bütün işlərini özü görən Şirəli baba saxladığı sürü ilə müntəzəm olaraq hər gün 15-20 km yol qət edir, “Xəstə vaxtında belə bir iş tapıb məşğul olmalısan, tənbəllik ölümü tezləşdirir” deyirmiş. Yalnız bulaq suyu və yalnız özü yığdığı dağ, çəmən, çöl bitkilərindən dəmlədiyi çayı içən Ş.Müslümov Lerikdən başqa heç yerdə yaşamayıb, iqlimini dəyişməyib və müəyyən dövrlərdə paytaxta, rayon mərkəzinə köçmək təkliflərindən imtina edib. Şirəli Müslümov uzun ömrü boyu ilk dəfə ölümündən bir il əvvəl xəstələnib, 1973-cü il sentyabrın 2-də vəfat edib. Deyilənə görə, o, dünyasını dəyişəndə nəvəsinin artıq 100 yaşı varmış.

Bəziləri iddia edir ki, guya, Şirəli babanın 168 il yaşamağı haqda deyilənlər sovet dövrünün ucuz təbliğat formalarından biri olub. Guya Ş.Müslümov kimi uzunömürlüləri turistlərin qabağına çıxarıblar ki, qoy əcnəbilər görsünlər sovet insanları sadə əmək hesabına necə çox yaşaya biliblər. Təvəllüdünü təsdiqləyən yeganə sənədin pasportunun olması, doğum haqqında şəhadətnamə və ya onu əvəz edən hər hansı sənədin olmaması da onun yaşı haqqında şübhə doğurub. Fransız tarixçisi və sosioloqu Moşep Ud Tovem keçən əsrin 60-cı illərində çap olunmuş özünün "Qafqaz xalqları və onların mədəniyyəti" kitabında Şirəli Müslümovun doğum tarixinin düz olmamasını qeyd edib. Ancaq Lerik uzunömürlülər diyarı olduğundan Şirəli babanın məhz 168 yaşında vəfat etməsinə inananlar daha çoxdur. Fakt isə odur ki, Müslümov Şirəli Fərzəli oğlu indi də “Ginnesin rekordlar kitabın”da planetin ən uzunömürlü sakini rekordunun sahibidir.

Həmyerlilərimizdən Cəbrayıl rayonunda anadan olmuş, hazırda Belçikada yaşayan Fəxrəddin Vəliyevin, Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini Ələsgər Həsənzadənin, hazırda ABŞ-ın Las-Veqas şəhərində yaşayan sirk ustası Üzeyir Novruzovun da adları “Ginnes” rekordçuları sırasındadır. F.Vəliyev 5 dəqiqəyə 20 nəfərin siluetini çəkməklə, Ə.Həsənzadə 7 yaşında 1 saat 45 dəqiqə ərzində üzü üstə uzanılı vəziyyətdə ağırlığını barmaqlarının ucunda saxlamaqla və sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qollarının gücü hesabına qalxıb-enməklə, Ü.Novruzov isə heç bir dayaq verilməyən 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla “Ginnesin Rekordlar Kitabı”na düşüblər.

Bundan başqa, dəniz içindəki “Möcüzələr şəhəri”miz olan Neft Daşları bu kitabda “Dünyanın ilk dəniz neft platforması” nominasiyasında ölkəmizi təmsil edir.

Tariximizə yazılmış faciəli hadisələrdən biri – 28 oktyabr 1995-ci ildə Bakı metrosunun “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 126-sı qadın, 28-i uşaq olmaqla 289 nəfərin həlak olması, 400 nəfərin isə xəsarət alması "Ginnesin Rekordlar Kitabı"na ən dəhşətli metro qəzası kimi düşüb.

Mahir Rəsuloğlu, “İki sahil”