08 sentyabr 2021 17:39
1386

Başınızın ağrımasını istəmirsinizsə... Bu qida növlərindən imtina edin

Baş ağrısı çoxlarımıza tanışdır. Bəzilərində bu tez-tez, digərlərində isə nadir hallarda müşahidə olunur. Alman alimləri  kəskin baş ağrılarının bəzi qidaların qəbulu ilə əlaqəsini aşkar ediblər. Onlar tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, sen demə  bəzi qidaların damarları daraldıcı təsiri baş ağrısına şərait yaradır. Məsələn, amin birləşmələri – şokoladda, pendirdə, yoqurtlarda, xamada, duzlu  balıqda, hisə verilmiş ətdə olan birləşmələrdir. Ətdən hazırlanan məhsullar da, məsələn konserv,kolbasa və s. çox zaman natrium nitrit əlavə edirlər ki, bu da ona çəhrayı rəng verir. Belə ət məhsulundan hazırlanmış yemək yedikdə bəzi insanlarda üzdə ödem və qızartı müşahidə olunur. Bəzi insanlarda isə Çin mətbəxinin yeməklərini yedikdən sonra baş ağrısı tutmaları müşahidə edilir ki, bu da həmin yeməklərə natrium qlütamat maddəsinin əlavə olunması ilə əlaqədardır. Ağrı bədənin yuxarı hissəsinin qızarması, başda istilik hissi və pulsasiya ilə müşayiət olunur. Alimlər qeyd ediblər ki,  əgər qlütamat çox qəbul edilərsə, o zaman ürək bulanma, qusma, ishal, qarında ağrılar, ümumi zəiflik, ürək döyünmə müşahidə olunur.  Adətən qlütamat maddəsini  paketlərdə olan bulyonlara, kartof çipsilərinə, müxtəlif dadlı suxarılara, quru ədviyyatlara əlavə edirlər.

Bir çox insanların orqanizmi  kofeini asan mənimsəmir. Digərləri isə vərdiş etdiklərinə görə gündəlik olaraq kofe, çay və kola içməlidirlər. Bunları qəbul etmədiyi təqdirdə onlarda əsəbilik, dağınıqlıq, həyəcan, yuxu pozğunluğu, ürək bulanma da baş qaldırır. Buna alışmış insanlar  rejimini dəyişdikdə özlərində diskomfort, hətta baş ağrıları da hiss edirlər. Baş ağrısı şəkərəvəzedicilərin qəbul edilməsi zamanı da baş verə bilər. Çünki onun tərkibində aspartam var. Ona görə də əgər siz tutduğunuz pəhrizə görə şəkərdən imtina etmək istəyirsinizsə, şəkərəvəzedicini ehtiyatla seçin. Bəzi insanlar sitrus bitkilərinin  (portağal, limon, qreypfrut) tərkibində olan turşulara qarşı çox həssasdırlar. Alimlərin fikrincə bu qida məhsullaranın 20% -i kəskin baş ağrılarına səbəb ola bilər.

Samirə Tağıyeva, "İki sahil"