Qaqauzlar Şərqi Avropa ölkəsi Moldovanın daxilində Qaqauziya Muxtar Bölgəsində yaşayan türk mənşəli xalqdır.
“İki sahil” belə azsaylı türk xalqlarından biri - qaqauzlar barədə yazını oxucularına təqdim edir.
Araşdırmalara görə, kök və oğuz sözlərindən qaynaqlanan qaqauzların danışdığı türkcənin də Anadoludakı türkçə ilə çox oxşarlıqları var. Türkiyə ilə yaxın əlaqələri olan qaqauzlar, xüsusilə ali təhsil üçün bu ölkəyə getməyə üstünlük verirlər.
Qaqauzlar əsasən Moldovada, Türkiyə, Ukrayna, Rusiya və Litvada yaşayırlar. Ən çox qaqauz Moldovada yaşayır. Türk tarixi ilə bağlı əhəmiyyətli araşdırmalar aparan Paul Vittekə görə, bu xalqın kökləri Anadolu Səlcuq hökmdarı II İzzəddin Keykavusun dövrünə dayanır. Bizans mənbələrində də adı keçən qaqauz xalqının XI əsrdən etibarən Qara dənizi keçərək Balkanlarda məskunlaşdıqları qeyd edilib. Bölgədə dominant inanc olan xristianlığı bu dönəmdə qəbul edən bu xalq, Balkanlardan Moldovaya köçüblər. Bolqarların təzyiqləri nəticəsində 18-ci əsrdə Dunay çayının şimalına köçən qaqauzlar bu gün yaşadıqları bölgəyə yerləşiblər. Əsasən Moldovanın Cənub-Şərqindəki Qaqauziya Muxtar Bölgəsində yaşayan qaqauz xalqının ən əhəmiyyətli şəhəri Komratdır. Qaqauziyanın paytaxtı Komratın əhalisi 50 min nəfərdir. Bundan başqa, bu türk xalqı Ukraynanın Qara dəniz sahilindəki liman şəhəri Odessada da yaşayır.
Adı noğay türklərinə əsaslanır
Paytaxt Komratın adı Konrat adlı bir noğay soyundan gəlir. Bölgədə ilk yaşayış yerləri XV əsrə aid olsa da, şəhərin rəsmi quruluşu 1789-cu ilə təsadüf edir. Sovet dövründə tikilən fabriklərlə birlikdə Komrat şəhər statusu qazanır.
Təhsilə görə Türkiyəni seçirlər
Qaqauziyada 33 məktəb, Komrat Pedaqoji Kolleci və bir universitet var. İbtidai və orta məktəb səviyyəsində təhsilin qaqauz türkcəsində verildiyi bölgədə, ali təhsil dili rumın dilidir. Burada bir çox gənc ali təhsil almaq üçün Türkiyəni seçir.
Dini inancları xristianlıqdır
Xristian dinin Pravoslav inancına sitayiş edən qaqauzlar yaşadıqları yerdə ənənəvi mədəniyyətlərini qoruyub saxlamağı bacarıblar. Qaqauz mədəniyyətinin gələcək nəsillərə ötürülməsində Qaqauz Mədəniyyət Mərkəzi, Qaqauz Rəsm Qalereyası, Atatürk kitabxanası və Yerşünaslıq muzeyi kimi mərkəzlər əhəmiyyətli rol oynayır.
Vüsal Cahanov, “İki sahil”