Balqabaqkimilər fəsiləsinin dünyada 700-ə qədər növü vardır və bu fəsiləyə daxil olan Balqabaq (Boranı) cinsinin zəngin çeşidə malik sortları Azərbaycanın əksər rayonlarında və o cümlədən Naxçıvan Muxtar Respublikasında geniş becərilir. Balqabağın çiçəkləri birevli və iri olub tağda adətən tək-tək yerləşir. Kasacığı zəngşəkilli, 5(4-7) paycıqlıdır. Çiçək tacı sarı, zəngşəkilli, yarıya qədər və ya tamamilə beşbölümlüdür. Erkəkciyi 3 ədəd, saplağı sərbəst, tozcuğu S-ə bənzər olub, başcıq hissəsi qatlanmışdır. Meyvəsi çox iri, ətli olub, müxtəlif formalıdır. Bitki torpağa və qulluğa az tələbkardır.
Meyvəsinin lətli hissəsindən məişətdə, yeyinti sənayesində, toxumlarından isə xalq təbabətində qədim zamanlardan istifadə edilir. Son illərdə farmokoloji və kliniki təcrübələr nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanda becərilən boranı toxumları son dərəcə qüvvətli qurdqovucu təsirə malikdir. Bu cəhətdən ”böyük boranı” toxumlarının təsiri xüsusilə qeyd edilir. “Böyük” və “adi” boranının Naxçıvan MR-də müxtəlif sortları da yetişdirilir. Xüsusilə, bunlardan ”Çılpaqtoxum” boranının toxumlarının daha qüvvətli qurdqovucu təsirə malik olduğu müəyyən edilmlşdir. Bununla əlaqədar olaraq həmin sortun toxumlarının qurdqovucu dərman kimi istifadə olunmasına dair 1956-cı il aprelin 25-də keçmiş SSRİ Səhiyyə Nazirliyi Elmi Şurasının Farmakoloji Komitəsi rəsmi qərar qəbul etmişdir. Odur ki, “Çılpaqtoxum” boranının toxumlarından hazırda istər xalis halda, istərsə də emulsiya formasında girdə (askarid) və lentvari qurdlara qarşı istifadə olunur.
Lətli hissəsindən eyni zamanda mürəbbə, şirə, povidla, püre, cem, kətə və qovurmalı boranı hazırlanır. Vaxtaşırı olaraq qida rasionunun tərkibində maddələr mübadiləsi, ürək-damar, qaraciyər və böyrək xəstəliklərində istifadə edilir.
Balqabağın toxumları daha faydalı hesab olunur. Müxtəlif mikroelementlərlə zəngin balqabaq toxumu 52% -ə qədər yağa və 28% -ə qədər zülala malik olan dadlı, qidalı və faydalı bir məhsuldur. Balqabaq toxumlarının müalicəvi xüsusiyyətləri məhsulun qiymətli minerallar və vitaminlər tərkibindən qaynaqlanır. Toxum ürək-damar sistemini qoruyan doymamış yağ turşularının mənbəyidir. O, Omega-3 yağ turşusu ilə xüsusi ilə zəngindir. Balqabaq toxumları qan damarlarının divarları üçün çox faydalı olub, onların elastikliyini artırır. Toxumun tərkibindəki D vitamini sümükləri möhkəm saxlamağa kömək edir və kalsiumun orqanizm tərəfindən udulmasına kömək edir. Sink saçların, dırnaqların vəziyyətinə faydalı təsir göstərir və onların möhkəmliyini artırır. Maqnezium ürək və sinir sisteminin normal fəaliyyəti üçün vacib elementdir və o, qan təzyiqinin nizamlanmasına kömək edir. Balqabaq toxumları yaraların sağalmasını sürətləndirir və pis xolesterolun əmələ gəlməsini zəiflədir.
Toxumun 30 qramı insan orqanizminin dəmir və selenə tələbatının 17%-ini tam təmin edə bilir. Toxumlarda zövq hormonu serotoninin istehsalı üçün vacib olan triptofan amin turşusu var. Hətta baş ağrısını da kəsə bilir. Tərkibinə daxil olan maqnezium, sink və fosfor həm də beynin xoşagəlməz hisslərdən xilas olmasına imkan verir. Toxum yüksək kalorili bir məhsuldur, onun 100 q-da təxminən 500 kkal var. Onun tərkibində zülallar - 33,0 q; yağlar - 42,0 q və karbohidratlar - 12.0 q-dır.
Balqabaq toxumundan qaraciyəri zərərli maddələrdən qoruyan və müalicəsinə kömək edən bəzi dərmanlar hazırlanır. Balqabaq toxumunun yağ tərkibi doymamış yağ turşuları ilə zəngindir. Skleroz, qastrit, mədə xorası və prostatitə qarşı dərman hazırlamaq üçün onun yağından istifadə olunur. Balqabaq toxumunun yağı sədıf, herpes, yanıqlar, uşaqlarda ekzema və diatezin müalicəsi üçün geniş tətbiq edilir. Toxumun qəbulu yuxusuzluqdan əziyyət çəkənlərə də məsləhət görülür.
Qədimdən toxum xalq təbabətində yaxşı antihelmintik və sidikqovucu vasitə hesab olunmuşdur. Helmintlərdən xilas olmaq üçün, həm də qarşısının alınması üçün qurudulmuş balqabaq toxumlarını yemək kifayətdir. Məhsulun zəngin olduğu sink kişi orqanizmi üçün son dərəcə zəruridir. Yetkinlik dövründə sızanaq, sebore, və yaşlı adamlarda - prostatitin qarşısını almaq üçün balqabaq toxumları əla vasitədir. Gündə 50-60 dənə toxum yemək bu xəstəliyin qarşısını ala bilər. Kişilərdə gecələr testosteron hormonunun artmasına təsiri daha güclüdür.
Balqabaq toxumlarını qurutmaq üçün əvvəlcə yaxşıca yuyub təmizləyib, sonra hamar bir səthdə təxminən 3 saat təmiz havada saxlamaq lazımdır. Bundan sonra toxumları yüngülcə duz əlavə edib qurutmaq lazımdır. Toxumlar qovrulmur, ancaq qurudulur, belə halda qida maddəsi daha çox miqdarda saxlanılır. İstifadədən dərhal əvvəl onları təmizləyə və qabıqlı yeyə bilərsiniz, ya da əzib bal ilə qarışdıra bilərsiniz, onda əsl müalicəvi təsirini görəcəksiniz. Məhsul yeməkdən öncə və ya yeməkdən bir neçə saat sonra istehlak edilməlidir. Məhsul çox qidalı olduğundan bir uşağa bir dəfəyə 20-30 q, böyüklər üçün isə 100 q-a qədər yemək məsləhət görülür.
Səkinə Baxşəliyeva,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, kiçik elmi işçi