14 sentyabr 2021 23:15
608

ÜDM istehsalı ötən 8 ayda: Artım göstəricisi proqnozları qabaqlayır

Azərbaycan iqtisadiyyatı pandemiyadan əvvəlki dövrə qayıtmaqda davam edir. Belə ki, may ayından başlayan bərpa prosesinin genişlənməsi fonunda iqtisadi artım sürətlənməkdədir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-avqust aylarında ölkədə 54 milyard 730,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz çox ümumi daxili məhsul (ÜDM)  istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz azalsa da, qeyri neft-qaz sektorunda  5,7 faiz artıb. Cari ilin 8 ayında əhalinin hər nəfərinə düşən ÜDM 5 min 466,1 manata bərabər olub.

Qeyd edək ki, 2020-ci ilin yanvar-avqust aylarında ölkədə 45 milyard 962,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3 faiz az ümumi daxili məhsul istehsal olunmuşdu. İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz, neft-qaz sektorunda isə 4,9 faiz azalmışdı. Əhalinin hər nəfərinə düşən ÜDM 4 min 611,7 manat təşkil etmişdi.

Həmçinin yanvar-iyul ayları üzrə müqayisədən məlum olur ki, neft sektorunda azalma tempi 1,9 faiz bənd geriləyib. Bu dövrdə neft sektoru ötən ilin yanvar-iyul aylarına nisbətən 3,1 faiz kiçilmişdi. Qeyri-neft sektorunda isə 0,4 faiz artım olub. Yanvar-iyul aylarında qeyri-neft sektorunda əlavə dəyər 5,3 faiz artmışdı.  Yanvar-avqust ayları üzrə ÜDM-in strukturuna gəlincə, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə bu ilin eyni dövründə sənayenin payı 5,2 faiz bənd artaraq 40,4 faizə çatıb. Digər sahələrdən isə ticarətin payı 0,8 faiz bənd, nəqliyyat və anbar təsərrüfatı 0,4 faiz bənd, kənd təsərrüfatı, meşə və balıqçılıq 0,7 faiz bənd, tikinti 1,1 faiz bənd, informasiya və rabitə 0,2 faiz bənd,  turistlərin yerləşdirilməsi və ictimai iaşə 0,2 faiz bənd azalıb. Cari ilin yanvar-iyul ayları ilə müqayisədə yanvar-avqust aylarında ÜDM istehsalında sənayenin və ticarətin payı artıb, tikinti, nəqliyyat və anbar təsərrüfatının isə payı azalıb. Digər sektorlarda dəyişiklik olmayıb. 

Yanvar-avqust aylarındakı iqtisadi artımın qeyri-neft sektorunun hesabına reallaşdığını nəzərə alanda, burada sənayenin o cümlədən qeyri-neft sənayesini xüsusi vurğulamaq lazımdır. Söhbət ondan gedir ki, bu dövrdə sənayedə artım 2,6 faiz olub. Sənayenin neft-qaz sektorunda məhsul istehsalı 0,3 faiz azalsa da , qeyri neft-qaz sektorunda 18,4 faiz artıb. İllik müqayisədə sənayedə mədənçıxarma sektorunun payı 1,8 faiz bənd artıb, emal sektorunun payı 1,5 faiz bənd,  elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun payı 0,3 faiz bənd azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektoru isə dəyişməz olaraq qalıb.

Mədənçıxarma sektorunun sənayedəki payının artması qaz hasilatı ilə bağlıdır. Belə ki, mədənçıxarma sektorunda neft hasilatı 1,4 faiz azalıb, qaz hasilatı isə 14,6 faiz artıb. Emal sektorunun sənayedə payının azalmasına baxmayaraq ağacın emalı və ağacdan məmulatların, mebel, geyim, avtomobil, qoşqu və yarımqoşquların, poliqrafiya məhsulları istehsalı istisna olmaqla digər sahələrdə artım qeydə alınıb. Həmçinin ümumi sənayedəki payı azalan elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,4 faiz, payı dəyişməz qalan su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 11 faiz artıb.

Qeyd edək ki, Azərbaycan hökuməti 2021-ci ildə ÜDM-in 3,4 faiz artacağını proqnozlaşdırıb. Azərbaycanda 8 aylıq iqtisadi artım göstəricisi Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı, “Moody's”,  “Fitch Ratings”,  “S&P Global Ratings” kimi qurumların da proqnozlarını üstələyib. BVF 2021-ci ildə ölkənin ÜDM istehsalının artımının 2,3 faizdən çox olacağını, Dünya Bankı 2,8 faiz, “Moody's” 3,5 faiz, “Fitch Ratings” 2,5 faiz, “S&P Global Ratings” 2,4 faiz həcmdə olacağını proqnozlaşdırıb.

Ceyhun Piriyev, “İki sahil”