İdmanla məşğul olmağın bizə nə kimi xeyri var? ABŞ-ın elm adamlarının uzunmüddətli araşdırmalarından sonra idmanın insan orqanizminə olan təsirlərinin ancaq müsbət yöndə olduğu aşkarlanmışdır.
Belə ki, idmanla məşğul olmağın ən vacib səbəblərindən biri ürəyi möhkəmləndirmək, yüksəlmiş qan təzyiqini nəzarətdə saxlamaqdır. Belə ki, idman hərəkətləri qanda olan trombların sorulmasına kömək edir və orqanizmin tez qocalmasının qarşısını alır. İnsan aktiv hərəkətlər etdikcə, oksigen hər bir hüceyrəyə daxil olur. Bu zaman daxili üzvlərdə tənəffüs aktivləşir, dəri təravətlənir, qan dövranı yaxşılaşır, dəridə olan sızanaqlar azalır və reflekslər yüksəlir.
İdmanla məşğul olmaq əzələləri tonuslandırır, onlar daha çox elastik və möhkəm, insan üzü isə cazibədar olur. Daim fəal hərəkət etmək isə pəhrizin köməyi ilə əldə oluna bilməyən ideal çəkiyə çatmağa və onu saxlamara kömək edir.
Bununla bərabər, idmanla məşğul olan insanın iştahı da yaxşılaşır.
İdman edən insanın həm də xroniki yorğunluğu aradan qalxır. Bu zaman beyində əlavə oksigen ehtiyatı yaranır ki, bu da gün ərzində insanı yorulmağa qoymur.
Daim hərəkətdə olmaq dərin və sakit yuxuya səbəb olur. Çünki bu zaman endorfinlərin ifrazı stimulyasiya olunur, onlar da gün ərzində toplanmış sinir gərginliyindən uzaqlaşmağa kömək edir. İdman insana depressiv vəziyyətdən çıxmağa və yuxusuzluğu dəf etməyə kömək edir. Çünki bu zaman orqanizmdə adrenalin normaya düşür, digər stress əmələ gətirən hormonlar isə azalır.
İdmanla məşğul olmaq insanda öz gücünə inamı artırır. Siz hiss edirsiniz ki, əhval-ruhiyyəniz və xarici görünüşünüz xeyli yaxşılaşıb.
Hərəkət etmək maddələr mübadiləsini və bağırsaqların peristaltikasını stimulyasiya edir. İdmanla məşğul olanlar üçün siqareti atmaq daha asandır. İdmanla məşğul olan insanın bədənində oksigenin miqdarı artır. Siqaret çəkənlərdə isə bu, get-gedə azalır.
İdmanla məşğul olan insanlar həm də ağır xəstəliklərdən, cərrahi əməliyyatlardan sonra tez sağala bilirlər. Çünki onlarda olan güclü əzələlərin oksigeni mənimsəmək qabiliyyəti daha yüksəkdir. Onlar nə qədər çox oksigen qəbul etsələr, orqan və toxumaların funksiyasının bərpası da bir o qədər tezləşər. Təsadüfi deyil ki, bəzi xəstələrə cərrahi əməliyyatdan əvvəl xüsusi idman hərəkətləri etmək məsləhət görülür.
Samirə Tağıyeva, "İki sahil"