15 sentyabr 2021 23:58
2471

Qarabağ dünya əhəmiyyətli ekoturizm mərkəzinə çevriləcək

Hələ işğaldan əvvəl təkcə dağ-mədən, metallurgiya, yeyinti, emal, yaradıcı sənaye, əczaçılıq, taxılçılıq baxımından deyil, həm də turizm-rekreasiya sahəsindəki geniş inkişaf potensialına görə fərqlənən Qarabağ və ətraf rayonlarımızda erməni işğalı nəticəsində təhlükəsizliyin təmin edilməsində yaranan problemlər, infrastrukturun dağıdılması səbəbindən hələlik turizmin təşkili mümkünsüzdür. Təbii ki, Qarabağ və ətraf rayonların turizm imkanlarından tam istifadə üç əsas amil təmin edildikdən sonra mümkün olacaq. Bunlar da işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmini, əhalinin oraya qayıdışı və infrastrukturun yaradılmasıdır. Yaxın gələcəkdə bütün bu məsələlər həll edildikdən sonra Qarabağın Azərbaycanın turizmində öz hegemonluğu ilə seçiləcəyi heç kimdə şübhə doğurmur. Hətta inamla söyləmək olar ki, Qarabağ regional əhəmiyyətli, daha sonra dünya əhəmiyyətli ekoturizm mərkəzinə çevriləcək.

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərin turizm inkişaf strategiyası hazırlanıb. Sözügedən sənədə görə, turizm məhsullarının hazırlanması həmin ərazilərdə turizm infrastrukturunun qurulması ilə paralel aparılacaq. Əlbəttə, turistlərin təhlükəsizliyinin təmin olunması başlıca vəzifədir. Əhalinin geri qayıdışı, yaşayışın və infrastrukturun bərpası ilə paralel olaraq orada turizm məhsulları da yaradılacaq. İnvestisiyalar üçün artıq start verilmişdir. Gələcəkdə Füzuli-Xocavənd-Şuşa-Laçın, Füzuli-Cəbrayıl-Zəngilan, Zəngilan-Qubadlı-Kəlbəcər-Laçın, Bərdə-Ağdam istiqamətlərində turizm marşrutlarının təşkili nəzərdə tutulur.

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə mətbuata verdiyi açıqlamada Azərbaycanın 2030-cu ilə qədər iqtisadi prioritetlərinin müəyyənləşdirildiyini və buna uyğun olaraq turizm strategiyasının hazırlandığını söyləyib. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilər - Qarabağ və Şərqi Zəngəzurla bağlı planlar artıq müəyyənləşib: “Burada iki yanaşma var: birincisi klaster yanaşmasıdır. Yəni, turizm məhsullarının və potensialının cəmləşdiyi yerlərdə görüləcək işlərə başlanmasıdır. Digər yanaşma dəhlizlər üzrə yanaşmadır. Həmin ərazilərdə əsas dəhlizlər olacaq və bunun üzərində yeni turizm layihələri, infrastruktur, marşrutlar və turizm məhsulları qurulacaq. Bölgənin turizm potensialı çox genişdir. Qarabağda yeni otellər tikiləcək. Amma bundan öncəki mərhələlər təhlükəsizliyin təmin edilməsi, infrastrukturun qurulması və insanların buraya qayıdışıdır. Həmçinin turizmyönlü insan resurslarının, kadrların hazırlanmasına artıq başlanıb”.

Onun sözlərinə görə, turizm marşrutlarına uyğun olaraq ilk növbədə “Yolumuz Ağdamadır” devizi ilə marşrut təqdim olunacaq. Daha sonra “Yolumuz Qarabağadır” konsepsiyası ilə marşrutlar qurulur: “Yaxın zamanlarda artıq bir neçə marşrut ictimaiyyətə təqdim ediləcək. Bu marşrutlarda xüsusi dəhlizlər üzərindən təhlükəsizlik məsələləri nəzərə alınacaq. İlkin mərhələdə həmin dəhlizlər üzərində sanitar qovşaqların qurulması, tullantılar və qidalanma ilə bağlı məsələlərin həlli nəzərdə tutulur. Bununla da həmin marşrutlar daxili turistlərin istifadəsinə veriləcək”.

Turizm mütəxəssislərinin fikrincə, hər rayonun özünəməxsus turizm potensialı var. Məsələn, Kəlbəcər rayonunda təbiət, mədəniyyət, sağlamlıq, qış turizmi məhsullarının daha çox inkişaf etdirilməsi planlaşdırılır. Şuşada isə önəmli məqam tarixi-mədəni abidələrin, resursların tanıtımı, festivalların keçirilməsi üzərində turizm planları var. Həmçinin Laçın-Kəlbəcər istiqamətində təbiət, qış turizmi və sağlamlıq turizmi, Qubadlı-Zəngilanda mədəniyyət və təbiət, Füzuli-Ağdam-Cəbrayılda isə mədəniyyət turizmi inkişaf etdirilə bilər. Bir sözlə, bu bölgəyə turist axını üçün əlverişli coğrafi şərait yaratmaq bütün imkanlar mövcuddur.

Qeyd edək ki, hələ sovet dövründə də ümumittifaq əhəmiyyətli marşrutlar içərisində Qarabağ marşrutu çox populyar idi. Şuşa tarixi, sağlamlıq və mədəni turizm mərkəzi kimi tanınırdı. Tarixi mənbələrə görə, Şuşa şəhərində turizm fəaliyyətinin rəsmi təşəkkülü 1935-1936-cı illərə təsadüf edir. Şuşada ilk istirahət evi 1936-cı ildə istifadəyə verilib. Oradakı pansionat isə 1964-cü ildə yaradılıb, 1970-ci ildən sanatoriyaya çevrilib. Sanatoriya mədə-bağırsaq xəstəliklərinin müalicəsi üzrə ixtisaslaşıb. Bütün keçmiş SSRİ-də məşhur olan Şuşa Turşsu turist bazası isə 1970-ci ildən fəaliyyətə başlayıb və tez bir zamanda SSRİ məkanında məşhurlaşıb. 1971-ci ildə fəaliyyətə başlamış Xankəndi Səyahətlər və Ekskursiyalar Bürosu (SEB) və 1972-ci ildə istifadəyə verilmiş Şuşa “Şəfa” Turist Bazası da bu obyektlər sırasındadır. Turizm və Ekskursiyalar Şurası Qarabağda turizm təyinatlı obyektlərin tikintisini, bütövlükdə bölgənin turizm potensialından istifadə olunması prosesini sonralar yüksələn xətlə davam etdirib.

1990-cı illərin əvvəlləri bədxah qonşularımız olan ermənilərin Azərbaycana qarşı mənfur niyyəti və işğalçılıq siyasəti nəticəsində bütün bu imkanlar məhv edildi. 30 ilə yaxın işğal dövründə Şuşa başda olmaqla, Dağlıq Qarabağ və ətraf rayonlar talan edildi. Tarixi, mədəni abidələr, eləcə də təbii resurslar tamamilə yağmalandı. Nəhayət, düz 28 ildən sonra haqq-ədalət öz yerini tapdı – Azərbaycan Ordusu yağı düşməni Qarabağdan, eləcə də onun tacı olan Şuşadan “iti qovan kimi” qovdu. Artıq ölkəmizin ərazi bütövlüyü təmin olunub. Şuşa başda olmaqla, işğaldan azad olunan şəhər, rayon və kəndlərimizdə çox sürətlə tikinti-bərpa işləri aparılır. Bu ərazilərin tezliklə bütün dünyanın diqqətində olacaq turizm mərkəzlərinə çevriləcəyi şübhəsizidir..

Sevinc Azadi, “İki sahil”