31 oktyabr 2025 11:07
172

Tarixi mövzuda film çəkmək istəyən sənətkar

Xalq artisti Kazım Abdullayev: Hər səhnəyə çıxandan aktyor olmaz

Qısa arayış

Kazım Ənvər oğlu Abdullayev 1953-cü il aprel ayının 6-da Bakı şəhərinin Balaxanı qəsəbəsində anadan olub. 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Kino aktyorluğu fakültəsini bitirib. Sumqayıt Dövlət Dram Teatrında, Bakı Bələdiyyə Teatrında çalışıb. Artıq 20 ildən çoxdur ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında fəaliyyət göstərir. Teatrla yanaşı, kino sahəsində də çalışan Kazım Abdullayev “Arvadım mənim, uşaqlarım mənim” (Şamil), “İsmayıl bəyin mücrüsü” (Ata), “Qorxma, mən səninləyəm” (Məmməd), “Atları yəhərləyin” (Qurd Kərim), “Alman klinikasına qeyri-rəsmi səfər” (Qafarov), “Yük” (Aktyor), “Sonuncu döyüş” (Polis mayoru), “Milli bomba” (Referat) və digər filmlərdə, eləcə də seriallarda yaddaqalan rollara imza atıb. O, 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2019-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 2023-ci ildən Prezidentin fərdi təqaüdçüsüdür. Beləliklə, müsahibimiz Kazım Abdullayevdir.

-Tanınmış teatr-kino rejissoru, aktyor Adil İsgəndərovun tələbəsi olmusunuz. Onu neçə xatırlayırsınız?

-Mən Adil müəllimi ilk dəfə 1970-ci ildə, yəni M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul imtahanı verəndə görmüşəm. Tale elə gərirdi ki, o, mənim kurs rəhbərim oldu. Onu da deyim ki, Adil İsgəndərov kursuna 12 nəfər qəbul etmişdi, özü də onların hər birini özü seçmişdi. Yeri gəlmişkən, həmin 12 nəfərdən 3-ü Xalq artisti, qalanları isə Əməkdar artist adına layiq görülüblər. Bəli, mən bu sənətin əlifbasını ondan öyrənmişəm. Adil İsgəndərov çox tələbkar bir müəllim idi. O, həftədə bir dəfə məktəbə gələrdi. Bu da səbəbsiz deyildi. Çünki Adil müəllim o illərdə “Azərbaycanfilm” Kinostudiyasının direktoru idi, orada kinoaktyor studiyası açmışdı. Hətta bizə demişdi ki, təyinatlarımızı kinostudiyaya götürək. Amma iş elə gətirdi ki, diplom tamaşamızın təqdimatı günü Adil müəllimi kinostudiyadakı vəzifəsindən azad etdilər.  Tamaşadan sonra çıxış edən Adil müəllim hamımızı təbrik etdi və dedi ki, uşaqlar, bağışlayın, sizin üçün nəsə edə bilmədim, bilsəydim belə olacaq, əvvəldən sizin iş əmrlərinizi verərdim. Təzə rəhbərlik bizə lazım deyilsiniz dedi. Biz də hərəmiz bir tərəfə dağılışdıq.

- Sizin yaradıcılığınızda Sumqayıt Dövlət Dram Teatrı, Bələdiyyə Teatrı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yer alıb. Onlardan hansı sizə daha doğmadır?

- Mənim professional səhnə fəaliyyətim Sumqayıt Dövlət Dram Teatrı ilə bağlıdır. Özü də bu teatrın səhnəsində ilk rolum “Komsomol” poemasındakı Şahsuvar olub. (Sovet dönəmində, yəni 1968-ci ildə Balaxanı Xalq Teatrında da bu rolu ifa etmişəm). Bu mənada bu teatr mənə çox doğmadır. Onu da deyim ki, Kino aktyorluğu fakultəsini bitirdiyim üçün kinonu daha çox sevirdim. Amma tale elə gətirdi ki, mən teatra daha çox bağlandım.  Sumqayıt Dövlət Dram Teatrında 20 il fəaliyyət göstərmişəm. Məni bir aktyor kimi məhz bu teatr tanıdıb. Burada 60-a yaxın rol canlandırmışam. Orada çalışanda kinostudiya ilə əlaqələri pozmadım, dublyajlara gedib-gəldim, filmlərə çəkildim. Amma Bakıda yaşadığım üçün Sumqayıta gedib-gəlmək mənə bir qədər çətinliklər yaradırdı. Nə gizlədim, o zaman həmin teatrdan aldığım məvacib yola gedirdi. Odur ki, Bələdiyyə Teatrının rəhbəri Amaliya Pənahovaya müraciət etdim. O da məmnuniyyətlə məni teatra qəbul etdi. 1996–2004-cü illərdə Bakı Bələdiyyə Teatrında çalışdım. Bu teatrın səhnəsində 10-a yaxın tamaşada ("Nadir şah"da Şah Təhmaz,  "Dəli Domrul"da  Dəli Dondar, "Tomris"də Kir, "Dönüş"də Mirzə  Camal,  "Ölülər"də Şeyx Əhməd, "Domoklun qılıncı"nda Aptekçi və s.) baş rolda oynamışam. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində oynamaq arzum idi. Elə bu arzu da məni bu sənət məbədinə gətirdi. Amma iş elə gətirdi ki, müəyyən səbəblərdən düz iki il bu teatrda maaşsız fəaliyyət göstərdim. Artıq 20 ildir ki, bu teatrın səhnəsindəyəm. Bu illər ərzində burada 40-dan çox rolda çıxış etmişəm.

-İndiyədək oynadığınız hansı rolunuz və yaxud rollarınız sizə daha çox şöhrət qazandırıb?

-İlk növbədə Şamo Arifin «Qınamayın məni» tamaşasındakı kişilik mücəssəməsi sayılan Kəlbi Kəhəri qeyd etmək istərdim. Amma məni ən çox tanıdan Hüseyn Cavidin “Afət” tamaşasındakı Ərtoğrul obrazı olub. (Onu da deyim ki, 1982-ci ilə Sumqayıt Dövlət Dram Teatrında hazırlanmış bu tamaşanın rejissoru Oruc Qurbanov idi. Allah rəhmət eləsin). Hətta deyərdim ki, o rol mənim sənət aləmimin vizit kartoçkası olub. Bir də...  Rövşən Almuradlının quruluş verdiyi V. Sergeyevin “Bağlı qapı arxasında iki nəfər” tamaşası. Amma təəssüf ki, Qızıl Fonda daxil edilmiş son iki tamaşanın heç birinin lent yazısı saxlanılmayıb.

-50 ildən çox səhnədə olan Kazım Abdullayev bugünümüzün teat və kino aləmini necə xarakterizə edərdi?

-Kinonun vəziyyəti bəllidir.  Kino bizdə az çəkilir. Çəkilənlər də sovet dönəmində çəkilənlərin yerini verə bilmir. Bu da bilirsiniz nədən qaynaqlanır? Bizim o dahi rejissorlarımız öz tələbələrini yetişdirmədilər.  Yetişdirdilərsə də, onların sayı az oldu. Məsələn, mən bu gün onlardan birinin, Elxan Cəfərovun adını çəkə bilərəm. Teatrımızda da bu gün əgər belə demək mümkünsə, rejissor qıtlığı var. Mən bura dramaturq qıtlığını da əlavə edərdim. Amma kinomuzla müqayisədə teatrımız irəlidədir, kifayət qədər də tamaşaçısı var. Məsələn, hazırda çalışdığım Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının tamaşaçı sarıdan korluq çəkməməsi dediklərimin sübutudur.

- Dublyaj da ayrıca bir sənətdir. Xeyli sayda filmin dublyajında iştirak etmisiniz. Hind aktyoru Amitabh Baççanı, Hollivud aktyoru Silvestr Stalloneni, 45 seriyalı “Həzrət Yüsif” filmində kahini və s. səsləndirmisiniz. Bəs bu barədə nələr deyə bilərsiniz?

-Bəri başdan deyim ki, mən 2 mindən çox filmin dublyajında iştirak etmişəm. Amma nə yazıq ki, bizdə dublyajla məşğul olanlara digər ölkələrlə müqayisədə çox az vəsait ayrılır. Məsələn, 2019-cu ildə mən iki seriyalı bir hind filminin dublyajında iştirak etdim və bir neçə rolu səsləndirdim. Axırda məvacib alanda nə görsəm yaxşdır: 25 manat. Sözün düzü, ondan sonra dublyajlardan imtina etdim. Amma nə gizlədim. Sonradan gördüm ki, dublyajdan kənarda qalmaq məni narahat edir. Odur ki, son illər “CineSalam production”la əməkdaşlıq etmək qərarına gəldim.

-Aktyorların bir çoxu ürəyindən əməliyyat olunub. Siz də…

-Bilirsinizmi, aktyorlar bütün rolları ürəklərindən keçirirlər. Ürək bəzən bu ağırlığa dözmür. Bəli, 2019-cu ildə mənim də ürəyimdə açıq əməliyyat keçirilib. Buna baxmayaraq yenə də iş başındayam. Bu da mənim hələ ki tələb olunan aktyor olmağımdan irəli gəlir. Görəndə ki, mənə rol verən yoxdur, telefonuma zəng gəlmir, o zaman sənət aləmindən uzaqlaşacağam.

-Yeri gəlmişkən, hazırda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının rerertuarındakı hansı tamaşalarda rollarınız var?

-“Qarabağnamə”də İbrahim xan, “Baş”da Bakı xanı Hüseynqulu xan, “Ölülər”də Hacı Həsən ağa, “İblis”də İxtiyar, “Sehirbazlar dərəsi”ndə İbrahim ağa, “Xanuma”da Makar və sair.

-Əməyinizin dəyərləndirilməsindən razısınızmı?  

- Bəri başdan deyim ki, ölkəmizdə incəsənət xadimlərinə yetərincə qayğı göstərilir. Onların dövlət təltifləri ilə mükafatlandırılması, həmçinin sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün digər müxtəlif proqramların həyata keçirilməsi bu qayğının bariz nümunəsidir. Bu mənada mən də dövlətimizin incəsənət xadimlərinə verdiyi qiyməti yüksək dəyərləndirirəm. Şəxsən mənə gəldikdə 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2019-cu ildə Xalq artisti fəxri adlarına layiq görülmüşəm. Dəfələrlə Prezident Mükafatı almışam. 2023-ci ildən Prezidentin fərdi təqaüdçüsüsüyəm.

-Sənət aləmində başınıza gələn bir maraqlı hadisədən söz açmağınızı istərdik.

- "Atları yəhərləyin" filmində Qurd Kərim roluna çəkilirdim. Həmin filmin çəkilişlərində Nəbi rolunu canlandıran Xalq artisti Həsənağa Turabov ssenariyə uyğun olaraq mənə sillə vurmalı idi.  Boyca ondan hündür idim, həm də rejissor elə yer seçmişdi ki, ondan yüksəkdə dayanırdım. Silləni rahat vura bilməsi üçün ayağının altına daş qoymaq qərarına gəldilər. Rejissor göstəriş verdikdə sillənin üzümə doğru gəldiyini görüb dərhal geri çəkildim. Həsənağa Turabovun əli boşa getdiyindən yerə yıxıldı. O, məni yenidən vuranda özümü sıxdım, yəni yerimdən tərpənmədim. Rəhmətlik ikinci dəfə elə sillə vurdu ki, gözlərimdən alov çıxdı.

-Yeri gəlmişkən, siz ən çox mənfi obrazları canlandırırsınız.

-Bu və ya digər rol veriləndə mən onun mənfi, müsbətliyinə fikir vermirəm. Mənim işim tapşırılan rolun öhdəsindən gəlməkdir. Yəni, həmin insanın xarakterini tamaşaçıya çatdırmaqdır. Amma son vaxtlar seriallarda müsbət rollara çəkilirəm.

-Niyə indiyədək təcrübənizi tələbələrlə bölüşməmisiniz?

-Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə dəvət olunmuşam, amma təklifi qəbul etmədim. Ona görə yox ki, pedaqoji sahə çətindir. Əvvəla vaxtım, ikincisi hövsələm yoxdur. Odur ki, mən yalnız öz sənətimə üstünlük verirəm.

-Sabah deyəcəklər ki Kazım müəllimin tələbəsi olmayıb. Bu, sizi narahat etmir?

-...

-Son illər həyat tarixçənizə həkk olunmuş hansı hadisədən söz açmaq istərdiniz?

-44 gün davam edən Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri bütün istiqamətlərdə rəşadət göstərdilər. Xüsusilə Şuşa istiqamətində. Yəni, orada əsgər və zabitlərimiz heç bir yüksək texnoloji vasitələrdən istifadə edilmədən əlbəyaxa, bıçaq və fərdi silahların tətbiqi ilə şəhəri azad etdilər.  Şübhəsiz, xüsusi təyinatlı qüvvələrimizin peşəkarlıqla Şuşanın azad etmələri dünya hərb tarixinin ən şanlı səhifələrindəndir. Həmin gün mənim həyat tarixçəmə, əgər belə demək mümkünsə, qızıl hərflərlə yazılıb. Yeri gəlmişkən, bu yaxınlarda Şuşada olarkən əsgərlərimizin dırmaşdıqları sıldırım qayaları nəzərdən keçirdim. Bir daha əmin oldum ki, əsgərlərimiz həqiqətən də tarixi Zəfər əldə ediblər. Hə, bir də orada mən “Mən, Lalə və Şerlok Holms” serialının çəkilişlərindı iştirak etdim və İbrahim xanın atası Pənahəli xan rolunu canlandırdım.

-Sizcə, nə əcəb indiyədək XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edən “Qarabağnamə” tamaşası Şuşada nümayiş olunmayıb?

-Bəri başdan deyim ki, ənənəvi olaraq Akademik Milli Dram Teatrında mövsümün açılış və bağlanış mərasimləri “Qarabağnamə” tamaşası ilə olur. Bu tamaşa Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissor Mərahim Fərzəlibəyovdur. O ki qaldı həmin tamaşanın Şuşada indiyədək nümayiş olunmamasına, həmin tamaşada 20 ilə yaxıdır ki, İbrahim xan rolundayam. Güman edirəm ki, bu arzum reallaşar.

- İndi verəcəyim suallar çaparaq olacaq. Siz də elə həmin şəkildə cavab verməyə çalışın...

-Aktyor olmasaydınız hansı peşəni seçərdiniz?

-Təyyarəçi olardım.

-Hansı şairləri mütaliə edirsiniz?

-Bəxtiyar Vahabzadəni, Ramiz Rövşəni, Məmməd Arazı, Musa Yaqubu.

-Həyata ən böyük təsəlliniz?

-İş.

-Həyatınızı kitab kimi vərəqləsəniz, ən çox hansı illərdə dayanıb xatirələrə dalarsınız?

-Cavanlıq illərimdə.

-Hansı rejissorun qarşısında baş əyərdiniz?

-Əgər sağ olsaydı, Adil İsgəndərovun. İndikilərə də hörmətim var.

-Səhnə sizin üçün nədir?

-Həyat.

-Darıxanda hansı mahnını zümzümə edirsiniz?

-“Küçələrə su səpmişəm” xalq mahnısını.

-Bəy verən atın dişinə baxmazlar, bəs rejissor verən rolun nəyinə baxmazlar?

-Əgər rejissor məni hansısa rolda görübsə, onu oynamalıyam. Mən rejissorların demək olar ki, hamısı ilə dostluq edirəm. Hələ indiyədək onların heç birinə deməmişəm ki, mənə filan rolu verin.

-Hər oxuyan Molla Pənah olmaz, bəs hər səhnəyə çıxan şəxs aktyor ola bilərmi?

- Hər səhnəyə çıxandan da aktyor olmaz.

-Səsinə vurulduğunuz aktyorlar kimlərdir?

-Səməndər Rzayev, Şahmar Ələkbərov, Müxlis Canızadə, Həsən Əbluc, Həsənağa Turabov.

-İmkan olsaydı nəyə vəsait qoyardınız?

-Kino çəkərdim. Özü də tarixi mövzuda.

-Həyatda rejissorunuz kimdir?

-Özüm.

Qvami Məhəbbətoğlu, “İki sahil”