16 sentyabr 2021 16:15
1487

Çoxlarının bilmədiyi futbol qaydaları - FOTO

Hər həftə televiziyada və sosial şəbəkələrdə futbol qaydaları müzakirə edilir. Əksəriyyətini bildiyimiz futbol qaydalarının bir də az bilinənləri var.

“İki sahil” bu qaydaları sizə təqdim edir.

Futbolçu səhvən  cəzalana  bilərmi?

Hakim oyun zamanı qaydaları pozan oyunçunun əvəzinə başqa futbolçuya  sarı və ya qırmızı vərəqə göstərərsə, qərar yenidən VAR -da yoxlanılır və düzgün oyunçu kartla cəzalanır.

Sarı vərəqə keçərlidir

Futbolçu vurduğu qoldan sonra yersiz sevinərsə nə baş verir? Tribunaya getmək və forma soyunmaq kimi hallarda futbolçu sarı vərəqə ilə cəzalanır. Hətta qol sayılmasa belə sarı vərəqə qüvvədə qalır.

Qapıçı qapı dirəyindən güc ala bilməz

Bilirik ki, qapıçıya penalti zamanı xətti tərk etməsinə icazə verilmir, eyni zamanda qapı dirəklərinə toxunmaq da qadağandır. Məsələn, topu çıxarmaq üçün dirəkdən tutub ayağı ilə saxlasa qaydaları pozmuş olur.

Kim qazanarsa seçmək hüququ onundur

Əvvəllər hakimin  dəmir pul atışını qazanan komandanın kapitanı hansı qapıya qarşı oynamağı seçirdi. İndi isə  qalib gələn kapitan topu və ya qapını da  seçə bilər.

VAR uğursuz olarsa nə olar?

VAR oyun zamanı və ya oyundan əvvəl uğursuz olarsa nə baş verər? Oyun  sanki VAR yoxmuş kimi davam edir və heç bir matç təxirə salınmır.

Qarşılaşmadan əvvəl oyunçu qovula bilər

Futbolçuya oyun başlamazdan  əvvəl qırmızı vərəqə də göstərilə bilər. Belə bir vəziyyətdə, matç başlamadığından, əvəzedici oyunçulardan biri cəzalı futbolçunu  əvəz edə bilər və komanda oyuna 11 nəfər ilə başlayır. Ancaq əvəzedici oyunçunun yerinə kimsə keçə bilməz. Oyunçu dəyişikliyi haqqı da azalmır.

Vüsal Cahanov, “İki sahil”