Amerikalı alimlər müəyyən ediblər ki, barmaqlarda uyuşma B 12 vitamininin çatışmazlığından xəbər verir. Miçiqan Tibb Universitetinin alimlərinin araşdırma nəticələrinə əsaslanan Britaniyanın “Express” nəşri yazır ki, barmaqların və ayaqların qaralması və uyuşması insan orqanizmində həyati vacib vitamin defisitinə işarə edə bilər.
B 12 vitamininin çatışmazlığı sinir sisteminin zədələnməsinə səbəb olur, bu isə öz növbəsində əllərdə və ayaqlarda diskomfort yaradır.
Mütəxəssislər bildirirlər ki, büzüşmə və uyuşma varsa qorxmağa dəyməz, lakin sizi çox tez-tez narahat edirsə, həkimə getmək və müalicəyə başlamaq lazımdır.
B12 “kobalamin” olaraq da adlandırılan suda həll olunan bir vitamindir. Bu vitamin təkcə sinir sisteminin işindən məsul deyil, həmçinin qırmızı qan hüceyrələri və DNT istehsalında iştirak edir. B 12 çatışmazlığı sinirləri zədələyə bilər, qol və ayaqlarda, əzələ zəifliyi və refleks itkisinə səbəb ola bilər. Nəticədə həddindən artıq yorğunluq hissinə səbəb olan bir sindrom ortaya çıxır.
B 12 vitamininin defisitinin digər bir göstəricisi dildə şişkinlik və qızarmadır. Bu vitamin orqanizmdə çatışmadıqda anemiya riski də yüksəlir.
Nubar Süleymanova, “İki sahil”