18 sentyabr 2021 01:15
1312

İnternetdən səmərəli istifadə edirikmi?

Azərbaycan internetdən istifadə edənlərin sayına görə MDB məkanında aparıcı yerlərdən birini tutur. Ölkəmizdə internetdən daha çox istifadə edənlər 16-35 yaşlı gənclərdir. Əylənmək məqsədilə internetə daxil olan gənclərimiz ümumən internetlə məşğul olan gənclərin təxminən 80%-ni təşkil edir. Yaşı 64-dən çox olan insanların internet istifadəçilərinin ümumi sayında xüsusi çəkisi 0,7 faiz təşkil edir. İstifadəçilərin 55 faizi ali təhsillidir.

Dünya təcrübəsi də təsdiqləyir ki, internetdən geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına xidmət edir. Məhz bu texnologiyalar bəzi problemlərin həlli üçün tutarlı vasitələrdən biri kimi daim gündəmdə olur. Bununla yanaşı, internet gənclərin həyatında müəyyən mənfi fəsadlar da yaradır. Gənclər mənəviyyatlarına mənfi təsir göstərən, arzuolunmaz təsirlərə gətirib çıxaran internet saytlarına daxil olurlar. Bu isə hələ özünü təsdiq etməmiş gəncin gələcək həyatının yanlış istiqamətdə formalaşmasına səbəb ola bilər. Hazırda bu, çox narahatlıq doğuran bir problemdir.

Şübhəsiz, bilik mənbəyi kimi internetin əhəmiyyəti çox olsa da o, kitabı əvəz edə bilməz. Çünki internetdə yerləşdirilmiş materiallarda müxtəlif bilik səviyyəsinə malik, diletant adamların elm tərəfindən təsdiq olunmamış, qəbul edilməmiş, şəxsi versiyalarla zəngin olan yanlış elmi fikirlərinə də çox rast gəlmək olur. Bütün bunlar isə bilik qazanmaq istəyən, tərbiyəyə ehtiyacı olan yeniyetmədə çaşqınlıq yaradır.

Təcrübə göstərir ki, internetdən istifadənin yeniyetmələrin psixoloji vəziyyətinə həm mənfi, həm də müsbət təsirləri vardır. Özünü kompleksli hesab edən, yaşıdları və böyüklərlə ünsiyyətə girməyi bacarmayan, hansısa istedadının olmasına inanmayan gənc internet vasitəsilə tanımadığı adamla söhbət zamanı özünə inanır və özündə olan müsbət cəhətləri aşkar edə bilir.

Psixoloji cəhətdən internetin mənfi təsiri ondan ibarətdir ki, kompüterə aludəçilik yaranır və insanlar real həyatdan uzaqlaşır, heç bir faktiki əməklə məşğul ola bilmirlər. Belələri həmişə özlərini sosial şəbəkələrin mənfi psixoloji və texniki təsiri altında hiss edirlər.

Kompüterdən çox istifadə, internetə və sosial şəbəkələrə aludəçilik insanlarda, xüsusilə yeniyetmə və gənclərdə güclü sosioloji problemlərin yaranmasına gətirib çıxarır. Ailədə müxtəlif söz-söhbətlərə səbəb olur. Bu zaman normal işlə məşğul olmaq mümkünsüzləşir, maddi çətinliklər yaranır. Kompüterə həddindən artıq aludəçilik ailələrin dağılmasına səbəb olur, gənclərin tərbiyəsinə sağalmaz yaralar vurur.

Kompüter qarşısında çox oturmaq, internetdən həddən artıq istifadə mənfi izləri ən çox yeniyetmələrin fiziki inkişafında buraxır. Onların normal fiziki inkişafına ağır zərbə vurur. Düzgün olmayan qidalanma, hərəkətsizlik artıq çəkiyə səbəb olur, insanda müxtəlif xəstəliklər əmələ gəlir. Müəyyən vaxtdan sonra bel, boyun, baş ağrıları, gözlərin qızarması, görmənin zəifləməsi hiss olunur.

Sonda gəlin etiraf edək ki, artıq həyatımıza daxil olan və xüsusən gənclərin həmdəminə çevrilən internetin intellektual inkişafa təsiri əvəzsizdir. Hətta bir çox ailələrin təməli də internetdə tanışlıqdan sonra qoyulur.

Cavid Əkbərov, “İki sahil”