KÖŞƏ

Vəli İlyasov

Ermənistanın KTMT şousu

18 sentyabr 2021 01:56
799

Bu təşkilatdakılar işğalçı dövlətlə müttəfiqlik etmir, onu “yola verirlər”

Ermənistanın sədrlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) oyuncağa çevrildi. Bu təşkilatın sonuncu iclasında elə hadisələr baş verib ki, onu ancaq oyuncaq adlandırmaq olar. Belə ki, Ermənistanın bu təşkilata sədrliyi qəbul etməsi prosedurları məzəli ssenarilərlə müşayiət olunur. Bir gün əvvəlki hazırlıq iclasının keçirilməsindən sonra KTMT-yə sədrlik Ermənistana verilmişdir. Təşkilata daxil olan ölkələrin xarici işlər nazirlərinin buradakı toplantısına “təşrif buyurmayan” Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, onun təyyarəsi “xarab” olduğu üçün Düşənbəyə gələ bilməyib. Ancaq ertəsi gün təyyarə “düzəlib”. Mirzoyanın bu “manevrini” heç kəs heç cür mənalandıra bilmir. Paşinyan isə protokol qaydalarını pozmaqla özünü yenə də gülünc vəziyyətə salıb. O, tez gəlməyi ilə hərbi qarovulu yarım saat artıq gözlədib. KTMT-nin yaradıcısı və faktiki rəhbəri Rusiya Federasiyasının prezidenti Vladimir Putin də təşkilatın iclasına gəlməyi özünə rəva görməyib. Bu, Ermənistana açıq hörmətsizliyin bir nümunəsi kimi qiymətləndirilə bilər. Buna münasibət bildirən Prezident Putin bu addımını ətrafındakı onlarla insanın COVID-19-a yoluxması ilə əlaqələndirib. O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) zirvə görüşündə videobağlantı vasitəsilə çıxış edərkən belə deyib: “Bilirsiniz, təəssüf ki, mən Düşənbəyə səfərimi son anda ləğv etməyə məcbur oldum. Mən çox təəssüflənirəm, amma bunun səbəbi bildiyiniz kimi, mənim yaxın ətrafımda koronavirusa yoluxma hallarının müəyyən edilməsi ilə bağlıdır”. Fikrinə davam edərək: “Bu, bir deyil, iki deyil, onlarla insandır”, – deyə Putin yenidən təkrar edib. “İndi bir neçə gün ərzində özünü təcridetmə rejiminə əməl etməliyik”, - deyən Vladimir Putin tədbirə şəxsən qatıla bilmədiyinə görə üzr istəyib.

RF Prezidenti KTMT sammitinin hər bir iştirakçısının “əlini sıxa, qucaqlaya” bilmədiyini təəssüf hissi ilə qeyd edib. “Ancaq əlbəttə, biz təşkilatımızın qarşısında duran açar vəzifələrin müzakirəsində distant şəkildə olsa da iştirak etməkdə maraqlıyıq” – deyərək Tacikistan prezidentii Emoməli Rəhmona həm ölkənin KTMT-yə sədrliyi dövründə aktiv fəaliyyətinə, həm də bu iclası hazırlamasına görə təşəkkürünü bildirib.

Beləliklə, KTMT-yə sədrliyin Ermənistana keçməsi soyuqluqla və hörmətsizcəsinə, üzv dövlətlərin saymazyana münasibətləri ilə müşayiət olunub. Bir sözlə, onlar dolayısı ilə Ermənistana başa salıblar ki, təşkilatdan ona Azərbaycana qarşı istifadə etmək üçün dəstək göstərilməyəcək. Xatırladaq ki, II Qarabağ müharibəsi günlərində Ermənistan acizanə surətdə cilddən-cildə girərək üzvü olduğu bu hərbi təşkilatdan kömək istəsə də üzv dövlətlər onun xahişini əsassız olduğuna görə qəbul etmədilər. Qızışıb özündən çıxan Nikol Paşinyan hətta təşkilatdan çıxacaqlarını desə də, sözünün üstündə durmağa cəsarət etmədi. İndi Paşinyan başa düşür ki, təşkilata sədrlik Ermənistana keçəndə də Ermənistan özbaşına hansısa qərar qəbul edə bilməz. Bundan başqa da kiçik bir toplumdan ibarət olan Ermənistanın həyasız iddiaları, qonşularına “buynuz” göstərməsi onun öz müttəfiqləri tərəfindən də qətiyyən bəyənilmir. Ona görə də hətta üzvü olduğu təşkilatda da onun işğalçı və təhrikçi məqsədlərinə dəstək verməyəcəklər.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?