19 sentyabr 2021 19:40
835

UEFA-nın kütləvi futbol həftəsinə Naxçıvanda start verildi

Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) üzv olan dövlətlərdə uşaq futbolu ilə bağlı tədbiq olunan “Grassroots” proqramına əsasən “kütləvi futbol həftəsi” (Grassroots week)  və eyni zamanda “Futboldan həzz al” (Enjoy with football) layihəsi bərpa olunub. Naxçıvanda start götürən layihə daha sonra ölkəmizin bir neçə regionunu da əhatə edəcək.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirlikləri və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Uzunoba Təlim-Məşq İdman Kompleksində 100-dək məktəblinin iştirakı ilə əyləncəli futbol festivalı keçirilib. Kompleksin böyük və mini futbol meydançalarında - müxtəlif maraqlı və əyləncəli oyunları əhatə edən sektorlarda uşaqlar öz bacarıqlarını nümayiş etdiriblər. İştirakçıların “face art”la (üz boyama sənəti) bəzənən simaları, diceyin (DJ) müşayiəti ilə səslənən dinamik musiqilər əyləncəni daha da rəngarəng edib. Sonda hər bir məktəbliyə layihəni əks etdirən futbol topları hədiyyə olunub. 

Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola maraq yaratmaq və sağlam həyat tərzini təbliğ etməkdir.