Naxçıvan şəhərində "Şəhərsalma və Memarlıq İli"nə həsr olunmuş "Velo Fest" velosiped festivalı keçirilib.
“İki sahil” xəbər verir ki, festivaldan əvvəl peşəkar velosipedçilər Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Ordubad–Naxçıvan marşrutu üzrə 96 km, daha sonra şəhər daxilində həvəskarlarla birlikdə 7 km məsafə qət ediblər. Açılış mərasimində Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov və Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova velosiped idmanının, sağlam həyat tərzinin və ekoloji nəqliyyatın təşviqinin əhəmiyyətindən danışıblar.
Tədbirin sonunda təşkilatçılara və fəal iştirakçılara təşəkkürnamələr təqdim olunub. Festival çərçivəsində konsert proqramı, fotosərgi, rəsm master-klası, maarifləndirici təlim və viktorinalar da təşkil edilib.