19 sentyabr 2021 21:21
1526

Naxçıvanın gənclər və idman naziri ilə AFFA nümayəndələri arasında görüş keçirilib

Naxçıvanda reallaşan “Kütləvi futbol həftəsi” yekunlaşdıqdan sonra Uzunoba Təlim-Məşq İdman Kompleksinin inzibati binasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) nümayəndələri ilə görüş keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, görüş Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı, AFFA-nın kütləvi futbol departamentinin müdiri Fərrux İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti və Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayevin iştirakı ilə keçirilib. Qonaqlara yenidənqurma işlərindən sonra istifadəyə verilən Ordubad Şəhər Stadionu və ümumilikdə muxtar respublikamızda futbolun inkişafı üçün atılan addımlar və yaradılan əlverişli maddi-texniki baza haqqında ətraflı məlumat verilib. Mövcud imkanların Naxçıvan və ümumilikdə Azərbaycan futbolu üçün əhəmiyyəti, uşaq futbolunun inkişaf istiqamətləri, bölgədə futbolun kütləviliyi, bu sahədə həyata keçirilən təhsil və maarifləndirmə işləri, futzal və çimərlik futbolunun perspektivləri kimi mövzular müzakirə olunub, gələcək addımlarla bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin, tərəflər arasında əməkdaşlıq əlaqələrinin uğurla davam və inkişaf etdirilməsi amili bölgənin futbol həyatı və gələcək potensialları baxımından yüksək qiymətləndirilib.