KÖŞƏ

Vəli İlyasov

Dəmir yumruqlar, daş qapazlar, polad şillələr

22 sentyabr 2021 00:58
593

Bunları yeyən Ermənistan deyəsən ağıllanacaq axı…

Azərbaycanla müharibədə hərbi gücü tarmar olan və dərin iqtisadi böhran içində boğulan Ermənistanın başının üstünü daha dəhşətli fəlakət alıb. Əgər ermənilər Azərbaycanla 10 noyabr 2020 və 11 yanvar 2021-ci illər razılaşmalarına əməl etməsələr həmin dəhşəti də yaşamalı olacaqlar. Həll olunmamış vacib məsələlərin uzun müddət açıq saxlanması ölkəni geridönməz uçuruma yuvarlada bilər.  Məsələ ondadır ki, bu reallıq artıq bir çox ermənilər tərəfindən də dilə gətirilir. İşğalçı ölkədə revanşist qüvvələrin xeyli dərəcədə sakitləşməsi də buna dəlalət edir.

“Ermənistan dərin krizis yaşayır, ancaq ölkə əhalisinin 70 faizi bu reallıqla barışıb.”

 Bu sözləri erməni messenat Ruben Vardanyan “2020-ci ilin  Ermənistanından 2041-ci ilin Ermənistanına” forumunda deyib.

Onun sözlərinə görə, əgər hazırkı situasiyadan ciddi və dərin dəyişiklik üçün istifadə etməsələr, onda ermənilərin sonu çatacaq.

Ruben Vardanyan  bunun üçün hökumətə 15 bənddən ibarət proqram təqdim etdiyini bildirib: “O bəndlərdən biri odur ki, biz keçmişdəki kimi illüziyalarla yaşamaqdan imtina edib, müasir reallığı danışmalıyıq. İkinci vacib məqam - ətrafımıza daha çox insanı cəlb etməliyik”.

Onun sözlərinə görə, 20 il ərzində ölkə orta inkişaf keçib, inqilabdan sonra insanlarda böyük ümidlər yaranmışdı, müharibədən sonra isə dərin krizis yaşanır: “Əhalinin 6 faizi baş verənlərə tamamilə  laqeyddir, onlar situasiyanın ciddiliyini görmürlər, 30 faiz əhali hər şeyi atıb ölkədən getmək istəyir, çünki ölkənin xoş gələcəyinə olan bütün ümidlərini itiriblər. Ancaq dəyişiklik üçün hələ şans var”.

Ermənistan parlamentinin deputatı Andronik Koçaryan sərhədlərin demarkasiya və delimitasiyası işləri barədə hazırlıq işlərindən danışaraq bildirib ki, bu işləri sürətləndirmək lazımdır, çünki vaxtın uzanması Ermənistanın ziyanına işləyir. Ermənistan hakimiyyəti Azərbaycanla münasibətləri normallaşdırmaq üçün barışığa nə qədər tez getsə, bir o qədər yaxşı olar.

ABŞ-ın “Moderna” şirkətinin nümayəndəsi Nübar Afetyan isə Ermənistanda baş verənləri kollektiv satqınlıq adlandırıb. Sətiraltı bildirib ki, hazırkı hakimiyyətin başçısının və onun komandasının apardığı ağılsız siyasətin aqibəti yaxşı görünmür. Revanşizm ölkəni öz içindən partlayışa hazırlayır. O, fikrini əhalinin gələcəyə inamının məhv olması, keçmişlə yaşaması ilə izah edib: “Biz bu hökumətə inanmırıq, bizim üçün heç bir fərqi yoxdur. Məsələ ondadır ki, biz hər zaman “soyqırımı”ndan danışırıq, keçmiş haqqında rəvayətlər yaradırıq…Gələcək haqqında isə düşünən yoxdur.”

Keçən ilin sentyabrında “boynu hələ qoltuq görməyən” Nikol Paşinyan Azərbaycanın yeni ərazilərini işğal etmək barədə lovğalıqla danışırdı. Dəmir yumruqlar, daş qapazlar, polad şillələr yeyəndən sonra əməlli-başlı ağıllanıb. İndi nala-mıxa döysə də barışıq üçün yollar axtarmaqdadır. Baş nazir Nikol Paşinyanın müavini Mqreb Qriqoryan və bəzi dövlət rəsmiləri açıq surətdə bildiriblər ki, kommunikasiyaların açılmasına, Türkiyə və Azərbaycanla birlikdə Zəngəzur dəhlizindən istifadədə maraqlıdırlar. Mətbuatda yayılan məlumatlara görə Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyə hazır olduğunu bildirib. Rəcəb Tayyib Ərdoğan aydın və qısa bir tərzdə bildirib ki, əgər Paşinyan Zəngəzur dəhlizinin açılmasına mane olmasa görüş baş tuta bilər, hətta Türkiyə Ermənistanla diplomatik əlaqələr də qurar. Paşinyanın jestlərindən belə başa düşülür ki, Türkiyə Prezidentinin şərtini yerinə yetirməyə razıdır. Bu istiqamətdə işlərin azacıq da olsa irəliləməsi buna sübut kimi göstərilə bilər. Əslində Ermənistanın başqa çıxış yolu da yoxdur. Gec-tez, zor-xoş yolu ilə Zəngəzur dəhlizi açılacaqdır.Çünki Zəngəzur dəhlizinin açılmasında təkcə Azərbaycanla Türkiyənin deyil, bir çox ölkələrin maraqları var. Məsələn, uzaq Çində bunu yumorla “Çin dəhlizi” də adlandırıblar. Bu və ya başqa amillər də Ermənistanı dəhlizin açılmasına vadar edir.

Necə deyərlər, “Adın nədir?:  Daşdəmir. Yumşalısan, yumşalı.” Belə deyib bizim aqil atalar.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?