24 sentyabr 2021 09:45
1069

SOCAR iqtisadiyyat dərsliklərinin tərcüməsini maliyyələşdirəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və onun Cənubi Qafgaz Boru Kəməri şirkətindəki tərəfdaşları müxtəlif təhsil müəssisələrində təhsil alan, tədrislə məşğul olan və araşdırma aparan şəxslərin müasir akademik ədəbiyyatdan istifadəsini təmin etmək və biliklərini artırmaq məqsədi ilə dünyanın ən qabaqcıl universitetlərində tədris materialı kimi istifadə olunan dərsliklərin Azərbaycan dilinə tərcüməsinin maliyyələşdirilməsini həyata keçirməyi planlaşdırır.

“İki sahil”in SOCAR-a istinadən verdiyi məlumata görə, layihə “SOCAR Midstream Sosial Sərmayə Təşəbbüsləri” çərçivəsində həyata keçirilir.

İqtisadiyyat dərsliklərinin tərcüməsi ilə yanaşı biologiya və kimya mühəndisliyi ixtisasları üzrə də bu kimi layihələr reallaşdırılır.

Ölkəmizdə iqtisadiyyat üzrə tanınmış mütəxəssislər tərəfindən aşağıdakı beş kitabın tərcümə edilməsi məqsədəuyğun sayılıb:

• Ali Makro-iqtisadiyyat, 5-ci nəşr, 2019. Müəllif: Devid Romer (Advanced Macroeconomics 5th Edition, 2019. Author: David Romer);

• Orta səviyyəli Mikro-iqtisadiyyat riyazi hesablamalarla: Müasir yanaşma, 2019. Müəllif: Hel R.Verian (Intermediate Microeconomics with Calculus: A Modern Approach, , 2019. Author: Hal R. Varian);

• İqtisadi inkişaf, 13-cü nəşr, 2020. Müəlliflər: Maykl P. Todaro, Stiven Ç. Smit (Economic Development, 13th edition, 2020. Authors: Michael P. Todaro, Stephen C. Smith);

• Tətbiqi ekonometrika, 4-cü nəşr, 2021. Müəlliflər: Dimitrios Asteriu, Stiven C. Holl (Applied Econometrics, 4th edition, 2021. Authors: Dimitrios Asteriou, Stephen G. Hall);

• Beynəlxalq siyasi iqtisad, 6-cı nəşr, 2018. Müəllif: Tomas Outli (International Political Economy, 6th Edition, 2018. Author: Thomas Oatley)

Kitabların hər biri 200 tirajla nəşr olunacaq və təmənnasız olaraq iqtisadiyyat üzrə ixtisaslaşan dövlət ali təhsil müəssisələrinin kitabxanalarına təqdim ediləcək. Kitabların tərcüməsi, redaktəsi və korrekturasının təmin olunması prosesinə təcrübəli peşəkar tərcüməçilər və ali məktəb müəllimləri cəlb edilib. Tərcümə olunacaq kitabların 2022-2023-cü tədris ilindən başlayaraq ali təhsil müəssisələrində dərs vəsaiti kimi müəllim və tələbələrin istifadəsinə verilməsi planlaşdırılır.