25 sentyabr 2021 22:13
455

İordaniya ilə Azərbaycan biznesmenləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın İordaniyadakı səfiri Eldar Səlimovun Krallığın İrbid vilayətinə səfəri zamanı iki ölkənin iş adamları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

“İki sahil” xəbər verir ki, diplomatımızın İrbid valisi Radvan Əl-Atum ilə görüşündə vilayətin sənaye müəssisələrinin istehsal potensialı haqqında məlumat verilib, həmçinin Azərbaycandakı iş adamları ilə idxal-ixrac və sərmayə imkanları ətrafında fikir mübadiləsi aparılıb.

İordaniyanın “JordanTV” dövlət telekanalına müsahibə verən E.Səlimov qeyd edib ki, Azərbaycan dost İordaniya ilə bütün sahələrdə, o cümlədən iqtisadi məsələlərdə əlaqələrin daha da genişləndirilməsində maraqlıdır. İki ölkənin regionları arasında əməkdaşlığın da potensialı böyükdür. İordaniya Sənaye və Ticarət Palatasının sədri Məhəmməd Əl-Şuxinin təşəbbüsü ilə yaxın vaxtlarda biznesmenlərdən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərləri də təşkil ediləcək.