KÖŞƏ

Vəli İlyasov

Biz Zəngəzura piyada gedəcəyik...

01 oktyabr 2021 01:57
1535

Başda çar Rusiyası olmaqla ermənilər XIX əsrin 30-40-cı illərində Azərbaycanın qərb torpaqlarına gətirilib və burada Azərbaycan torpaqlarında  onlar üçün zorakı üsullarla dövlət təşkil edilib. Həmin illərdə Rusiyanın “dirijorluğu” ilə elan edilən “erməni vilayəti” sonralar qonşu rayonları da zəbt etmək hesabına genişləndirilərək 1920-ci ildə Ermənistan adlı dövlətə çevrilib. Bununla da daim köçəri həyat sürmüş ermənilər mövcud olduqları yüzilliklərdə ilk dəfə olaraq dövlət “yaradıblar.” Bunu keçmiş xəritələr, salnaməçilərin qeydləri, tarixi qaynaqlar və arxiv materialları da təsdiq edir və tarixçi olmayanlar da bilir. Qısaca deyə bilərik ki, Azərbaycan ərazisində ermənilərin iddia edə biləcəyi bir qarış torpaq olmayıb və yoxdur. Bunların yalnız bolluca həyasızlıqları və namərdlikləri var.

İkinci Qarabağ müharibəsində məğlub tərəf olan Ermənistanın rəhbərləri yenə də dilənçilik və işğalçılıq planlarından əl çəkə bilmirlər. Kor tutduğunu buraxmadığı kimi, bunlar da özlərinə qətiyyən mənsub olmayan torpaqlara boş və cəfəng iddialarından əl çəkmirlər. Görünür, bu, yalnız onların özlərinə məxsus olan əcaib erməni xəstəliyinin əlamətidir. Ancaq o da qeyd olunmalıdır ki, başlarına dəyən “Dəmir yumruq”lardan sonra nəyisə başa düşməyə başlayıblar.

 Prezident İlham Əliyev “France-24” televiziya kanalına verdiyi müsahibədə Qarabağla bağlı sualı cavablandırarkən  vaxtilə Azərbaycan torpaqlarının zorla qoparılması məsələsinə toxunub. “Bu, bir tarixi faktdır ki, 1920-ci ildə sovet hakimiyyəti Azərbaycanın ayrılmaz hissəsi olan Zəngəzuru qopararaq onun Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul edib və bu qərar icra olunub. Bu hadisə 1920-ci ildə baş verib - 101 il bundan əvvəl. Tarixi torpaqlarımız haqqında danışarkən mən ərazi iddialarından bəhs etmirdim.”

 Artıq məlum məsələdir ki, istər I Pyotr Rusiyası, istər çar Nikolay, istərsə də Leninin başçılıq etdiyi bolşeviklər Rusiyası olsun, bu üç hakimiyyət Azərbaycan ərazisində Ermənistan adlı dövlət təşkil etmək üçün ermənilərə hər cür dəstək göstəriblər. Bu barədə günlərlə danışmaq, saysız-hesabsız sitatlar gətirmək, istənilən qədər sübut və faktlar göstərmək olar. Biz daim həmin birləşmiş bədxah qüvvələrin hücum və təhdidlərinə məruz qalmışıq. Biz heç vaxt başqasının ərazisinə göz dikməmişik, yalnız öz torpaqlarımızı qorumağa çalışmışıq və təəssüflər olsun ki, daşnakların at oynatdığı bolşeviklər imperiyası ilə bacarmamışıq. Tarixi ədalət yalnız 2020-ci ilin 44 günlük müharibəsində bərpa olunub. İkinci Qarabağ müharibəsindəki qələbəmizi həzm edə bilməyən bəzi ermənipərəst dairələr işarə vururlar ki, guya Azərbaycan Ordusu 2020-ci ilin 10 noyabr razılaşmasından sonra da Ermənistanın ərazilərinə daxil olur. Yəni dolayısı ilə bildirirlər ki, guya biz müharibədən sonra Ermənistana qarşı ərazi iddiasındayıq. Onlar anlamaq istəmirlər ki, Ermənistanın qondarıldığı bütün ərazilərin hamısı Azərbaycanın tarixi torpaqlarıdır. Ancaq Azərbaycan indi bunu iddia etmir.

 Fransız telejurnalistin guya Azərbaycanın Ermənistana ərazi iddiası ilə bağlı sualına Prezident İlham Əliyev dəqiq və tutarlı cavab verib: "Siz mənim heç bir çıxışımda buna rast gələ bilməzsiniz. Bununla yanaşı, hər bir ölkə kimi, biz də tariximizi bilməli, gənc nəsil qədim tariximizi  bilməli, keçmişdə hansı ərazilərdə yaşadığımızdan xəbərdar olmalı və oralara necə qayıtmalı olduğunu bilməlidir. Əminəm ki, biz oralara qayıdacağıq. Mən artıq bunu demişdim ki, biz ora tanklarla deyil, piyada, avtomaşın və təyyarələrlə gedəcəyik. Vəziyyət normallaşandan sonra sülh müqaviləsinə nail olunacaqsa, niyə də biz geri qayıtmayaq? Bu, bizim legitim hüququmuzdur".

Bəli, o yerlərə getmək bizim haqqımızdır, ya piyada, hansı nəqliyyat növü ilə olursa-olsun.  Oradakı kəndlərin  qəbiristanlıqlarında bizim ata-babalarımız dəfn olunublar. O yerlərdə dünyaya gəlmiş soydaşlarımız və onların nəvə-nəticələri hələ yaşamaqdadırlar. O yerlər bizim qəlbimizdə və tariximizdə daim yaşayıb. Cəllad Andronik Ozanyanın öz vəhşi diviziyası ilə on minlərlə Zəngəzur əhalisini necə amansızlıqla qırması yadımızdan çıxmayıb və çıxmayacaq. Ədalətsiz və ermənipərəst Sovet hökumətinin 101 il əvvəl tərtib etdiyi və zorla imza etdirdiyi müqavilə artıq qüvvədən düşüb və adi kağız parçasından başqa heç nə deyil. Bütün bunların hamısını ermənilər də yaxşı bilirlər. Ona görə də qədirbilməz ermənilər öz yerlərini bilməlidirlər, gəmidə oturub gəmiçi ilə dava etməməlidirlər. Əgər etsələr, yenə də sonu 2020-ci ilin 10 noyabrındakı kimi qurtaracaq. Ermənilər unutmamalıdırlar ki, hələ Azərbaycan ərazisinin hərbi yolla işğalında, törədilən soyqırımlarında, günahsız insanların vəhşi üsullarla  qətllərində, talanlarda, qarətlərdə və yaşayış məntəqələrinin yerlə-yeksan edilməsində iştirak edənlər ədalət mühakiməsi qarşısında da cavab verməli olacaqlar.