Əksər evdar qadınlar yeməklərini göyərtisiz təsəvvür edə bilmirlər, çünki təravət və xoş ətir bəxş edir və yayı xatırladır. Ancaq qışda bu məhsul ilə əlaqədar problemlər yaranır - çeşid əhəmiyyətli dərəcədə azalır və mağazada təqdim olunan göyərtilərin keyfiyyəti aşağı olur.
Hansı göyərtiləri dondurmaq olar?
İlk və əsas qayda göyərtilər təzə olmalı, bostandan təzə dərilməlidir, yuyularaq tam qurudulmalıdır.
Konkret olaraq, cəfəri, şüyüd, yaşıl soğan, kərəviz dondurucuya qoyula bilər.
Dondurmaq üçün konteynerlər, paketlər, plastmas bankalar uyğundur. Nazik polietilen, metal qab və ya qapaqsız taslar bu məqsədlə istifadə edilə bilməz.
Göyərti lazımı porsiyalarda ayrılaraq saxlanılarsa daha yaxşı olar. Saxlanılan qabın içərisinə hava getməməlidir. Buz qabında xırda kublar şəklində də donduraraq, qışda bir-bir istifadə etmək olar.
Bundan başqa, bu işdə duz sizin köməyinizə gələcək. Duz göyərtilərin ömrünü uzatmağa kömək edir. Bu üsulla bir ilə qədər göyərti dondurucuda qala bilər.
Digər bir üsul isə göyərtilərin yağda dondurulmasıdır. Buz qabına duru yağla birlikdə doğranmış göyərti dolduraraq, dondura bilərsiniz. Bu halda göyərtilər çox təravətli qalıre və xörəklərdə istifadəyə rahat olur. Bu üsulda zeytun yağından istifadə etmək mümkündür, lakin mütəxəssislər daha çox yağlılıq dərəcəsi 80 %-dən aşağı olmayan kərə yağlarını tövsiyə edirlər.
Nubar Süleymanova, “İki sahil”