08 oktyabr 2021 16:43
1033

Fərqli COVID-19 vaksinləri ilə bağlı nələri bilirsiniz?

Maska, sosial məsafə və vaksinasiya. Son iki ildə davam edən koronavirus pandemiyası ilə əlaqədar bu üç söz gündəlik lüğətimizdə özünə yer edib.

Xüsusilə, Delta variantının sürətlə yayılmasından sonra hökumətlər vaksinasiyanın pandemiyanın öhdəsindən gəlmək üçün yeganə çıxış yolu olduğunu düşünərək, bu işi sürətləndiriblər.

İnsanlar arasında hələ də peyvəndlənməyə şübhə ilə yanaşanlar olsa da, son statistika göstərir ki, reanimasiya şöbəsində yatan insanların çoxu peyvənd olunmayıb. COVID-19 peyvəndləri virusu tutmayacağınıza tam zəmanət verməsə də, ciddi xəstələnməyin və ölümün qarşısını alır.

 Aşağıda mövcud və hələ ki, təcrübə mərhələsində olan vaksinlər və onların işi barədə məlumat əldə edə bilərsiniz:

 mRNT peyvəndləri

mRNT vaksinlərində virus və ya onun bir hissəsi əvəzinə, xüsusi zülalların əmələ gəlməsi üçün proqramı ehtiva edən genetik strukturun bir hissəsindən istifadə olunur. Yəni belə peyvəndlər hüceyrələrə DNT və ya mRNT şəklində "təlimatlar" verir ki, immun sistemini işləməyə təhrik etsin. Hüceyrələrimiz zülalın surətini çıxardıqdan sonra peyvənddən gələn genetik materialı məhv edirlər. Moderna, Pfizer- BioNTech COVID-19 peyvəndləri mRNT texnologiyası ilə hazırlanmışdır, COVID-19-a səbəb olan canlı virusu ehtiva etmirlər.

Pfizer-BioNTech peyvəndi və onun təhlükəsizliyi ilə əlaqədar ən böyük narahatlıqlardan biri, bir il ərzində hazırlanmasıdır, lakin çoxları şirkətin artıq illərdir ki, mRNT (mRNA) texnologiyası üzərində çalışdığını bilmir.

Şirkət illərdir ki, orqanizmin öz immun reaksiyasını stimullaşdıran mRNT texnologiyasından istifadə edərək, xərçəngin müalicəsi üçün  "fərdiləşdirilmiş immunoterapiyalar" üzərində araşdırmalar aparır.

Vektor peyvəndləri

Vektor peyvəndləri, fərqli bir virusun dəyişdirilmiş bir versiyasını ehtiva edən başqa bir növ COVID-19 peyvəndidir, yəni COVID-19-a səbəb olan virus deyil. Dəyişdirilmiş virusun qabığının içərisinə COVID-19-a səbəb olan virusun materialı daxil edilir. Buna "viral vektor" deyilir. Viral vektor hüceyrələrimizin içərisinə daxil olduqdan sonra, genetik material hüceyrələrimizə COVID-19-a səbəb olan virusa xas bir zülalın necə hazırlanmasına dair təlimat verir. Bu təlimatları istifadə edərək hüceyrələrimiz zülalın surətini çıxarır. Vücudumuz zülalın orada olmamalı olduğunu qəbul edir və gələcəkdə yoluxmuş olsaq, COVID-19-a səbəb olan virusla necə mübarizə etməsini xatırladan T limfositləri (T hüceyrələri) və B limfositlərini (B hüceyrələri) qurur.

AstraZeneca peyvəndi bu texnologiya ilə hazırlanmışdır.

Protein təməlli peyvəndlər

 Protein təməlli peyvəndlər bütöv virusun yerinə, COVID-19-a səbəb olan zərərsiz virus parçalarını (zülallarını) özündə ehtiva edir. Vaksinasiya edildikdən sonra bədənimiz ona yeridilən zülalı yad cisim kimi qəbul edir və gələcəkdə yoluxmuş olsaq COVID-19-a səbəb olan virusla necə mübarizə edəcəyimizi artıq bilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, uşaqlara vurulması təşviq edilən peyvəndlərin çoxu, göy öskürək, tetanus, difteriya və s. qarşı vaksinlərin çoxu protein təməlli vaksinlərdir. COVID-19 peyvəndləri arasında isə  Amerika biotexnologiya şirkəti “Novavax”ın peyvəndi protein təməllidir.

İnaktiv peyvəndlər

Çində hazırlanan “Sinovac” və Rusiyada hazırlanan” Sputnik” kimi aktiv olmayan peyvəndlər xüsusi olaraq yetişdirilən və sonra xəstəlik törətmə qabiliyyətini məhv etmək üçün öldürülən virus hissəciklərindən, bakteriyalardan və ya digər patogenlərdən ibarətdir.

Bu vaksinlər insan orqanizminə vurulduqda güclü immunitet reaksiyasına səbəb olur, lakin digər peyvənd növləri ilə müqayisədə o qədər də güclü deyil. Bu səbəbdən tam qorunma təmin etmək üçün bir neçə dozaya ehtiyac ola bilər.

Nubar Süleymanova, “İki sahil”