KÖŞƏ

Vəli İlyasov

Dilindən qıfıl götürülən Araik nə dedi?

09 oktyabr 2021 01:15
1204

Və yaxud özünü çəkib apara bilməyən quldurbaşının “xalası oğlunu” belinə alması

Bu həmin Araikdir ki, vaxtilə Qarabağda “atını köndələn çapırdı”. Qarabağ qatili kimi tanınan oyuncaq rejimin terrorçubaşı keçən ilin bu ərəfələrində “Gəncəni, Tərtəri, Bərdəni” dağıdacağıq deyib bizə barmaq silkələyən, körpə uşaqlara cəlladlıq edən həmin Araik Arutyunyandır. Onun əlləri günahsız gəncəlilərin, bərdəlilərin, tərtərlilərin qanına bulaşıb. Ancaq bu hamısı deyil, onun əlləri başqa soydaşlarımızın da qanına batıb. “Erməni tankları Bakıya gedəcək” deyirdi. Dediyi kimi də oldu-erməni tankları Bakıya gəldilər və Hərbi Qənimətlər Parkında öz “mövqelərini” tutdular. Başından böyük danışan Araikin sərsəmləmələri bunlarla bitmirdi. “Gözləri yeri-göyü görməyən” havalı başkəsən “Dəmir yumruq”lardan sonra rəzil günə düşüb və əvvəlki təkəbbüründən, iddialarından, cəlladlığından əsər-əlamət belə qalmayıb. Araik Arutyunyan indi yenə də “quzu” cildinə girərək özünü “yazıq” və “əzabkeş erməni” kimi aparır.

Xeyli vaxtdır ki, artıq əzilib ruhdan düşmüş və ölgünləşmiş, orda-burda baş girləyən terrorçubaşının “səsi-küyü” eşidilmirdi. Məğlubiyyətin səbəbkarlarından biri olduğu üçün səsini çıxarmağa cəsarət etməyərək öz “qınına” girmişdi. Ancaq belə davam edə bilməzdi. O, həmcinsləri arasına çıxmalı, danışmalı və öz günahlarını kiminsə belinə yükləməli idi. Nəhayət, o məqam yetişdi. Bir neçə gün əvvəl axır ki, Araikin kilidlənmiş dilindən qıfıl götürüldü və dili açılar-açılmaz “bəyan” etdi ki,  mən “aydan-arı, sudan-duru” bir cayılam və bütün günahlar Ermənistanın keçmiş üç prezidentinin üzərinə düşür. O, “köhnə palan içi” tökərək dedi: “2006-cı ildə Artur Tovmasyan “Qarabağ məsələsində neft faktorunun rolu” mövzusunda dəyirmi masa keçirirdi, orada dəfələrlə demişdim ki, 2014-2015-ci illərdə müharibə başlaya bilər və əgər inkişafımız belə ləngisə, nəinki Qarabağı, hətta Ermənistanı da itirəcəyik.”

Araik kimlərəsə barmaq silkələyərək xatırladıb ki, həmin dəyirmi masada çıxışı konkret olub: “Çıxışımın məzmunu bu idi. Qazanmaq və ya məğlub olmamaq üçün yeganə amil Ermənistanın illik iqtisadi artımının ən azı 8 faizini təmin etmək olardı, çünki Azərbaycan 2007-2008-ci illərdə artıq Bakı-Tbilisi-Ceyhan neft kəmərini istismara vermiş və gündə 1,2 milyon barel neft hasil etməyə başlamışdı. O vaxtkı qiymətlə neftin bir bareli 70-80 dollar idi, bu da hər il ən azı 30 milyard dollar təşkil edirdi və təbii ki, Azərbaycan məsələni hərbi yolla həll etməyə hazır olduğu fürsətini qaçırmadı”.

Separatçı məğlubiyyəti özündən əvvəlkilərin üzərinə atmaq məqsədilə deyib ki, iqtisadi artım və kifayət qədər silah ehtiyatları olsaydı, mübarizə də mümkün olardı. Lakin Qarabağ alınandan sonra Ermənistana rəhbərlik edənlər lazımi addımlar atmadılar, neft zirvəsi Azərbaycanda davam etdi, Ermənistanda isə 2008-ci ildə iqtisadi geriləmə 14 faiz oldu. Daha sonra artım ən yaxşı halda 4-5 faiz idi. 

 Azərbaycan tərəfindən iqtisadi blokadaya alınmış Ermənistanda vəziyyət ildən-ilə ağırlaşırdı. İqtisadi enişlə bərabər siyasi  böhran düşmən ölkəni dalana dirəmişdi. Azərbaycan Ermənistanı bir neçə iri beynəlxalq layihədən kənarda qoymaqla zəiflədib gücdən saldı və 2015-ci ildən sonra təzyiq göstərərək Qarabağ problemini məlum bir variantla həll etməyə qəti qərar verdi. 2016-cı ilin 4 günlük Aprel müharibəsi Ermənistana ciddi siqnal olsa da başları dumanlanmış ermənilər yaxınlaşan həlledici məğlubiyyəti görmədilər. Nəhayət, 2020-ci il sentyabr 27-də Ermənistan qoşunlarının hücumuna əks-hücumla cavab verən Azərbaycan Ordusu otuz illik münaqişəni 44 gündə nizamladı. Gözləmədikləri öldürücü zərbələrdən şok keçirən işğalçı ölkənin qoşunları və dövlət başçıları hələ də “reanimasiyadadırlar”. Tək-tək ayılanlar isə günahkar axtarışındadır.

Deyirlər ki, tısbağa özünü çəkib apara bilmir, amma xalası oğlunu da belinə alır. Araik Arutyunyan özünü zibildən təmizləməmiş, qardaşağası Nikol Paşinyanı da təmizə çıxarmaq üçün arqumentlər gətirib. O deyib ki, əgər Robert Koçaryanla Serjik Sarkisyanın qurduqları Ermənistan ordusu güclü idisə 2018-ci ildə hakimiyyətə gələn Paşinyan onu iki ilə necə zəiflədə bilərdi? Ağır iqtisadi və siyasi böhran içində boğulan Ermənistanı iki ilə yüksək inkişaf yoluna necə çıxarmaq olar? Cavabını da özü verib: bunun üçün onillər lazımdır. Yəni, Ermənistanın dirçəlməsi qaldı İsrafil sur tütəyini çalana...