Dövlət proqramları çərçivəsində ölkəmizin hər yerində geniş infrastruktur layihələri həyata keçirilir ki, bu da əhalinin sosial-məişət şəraitinin getdikcə yaxşılaşdırılmasına təkan verir. Təkcə onu qeyd etmək kifayətdir ki, son illər ölkə əhalisinin elektrik enerjisi, içməli su ilə təminatı əsaslı şəkildə yaxşılaşıb və bu istiqamətdə işlər davam etdirilir.
Ölkəmizdə təbii qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin “mavi yanacaq”la təmin edilməsi istiqamətində də genişmiqyaslı işlər görülüb. Bunun nəticəsində respublikamızda əhalinin qazla təchiz edilməsi 93%-ə çatdırılıb. Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsri olunmuş konfransda deyib: “Bu, çox yüksək göstəricidir. Hesab edirəm ki, bu göstəriciyə görə də biz dünya miqyasında qabaqcıl yerlərdəyik. Relyefimizi nəzərə alsaq, bir daha görərik ki, bu, nə qədər mürəkkəb işdir. Ona görə bu gün də qazlaşdırmanın səviyyəsi - 93 faiz yaxşı göstəricidir”. Halbuki 2004-cü ildə bu göstərici 51 faiz təşkil edirdi. Bölgələrimizdə, demək olar ki, təbii qaz yox idi.
Qeyd edək ki, ötən il istehlakçıların qaz təchizatının yaxşılaşdırılması və yaşayış məntəqələrinin qazlaşdırılması məqsədilə 1886 kilometr yeni qaz kəməri quraşdırılıb. Üstəlik, qaz kəmərlərinin təhlükəsiz rejimdə istismarının təmin olunması üçün 221 kilometr qaz kəməri əsaslı təmir edilib.
Prezident İlham Əliyevin tapşırığına əsasən, qazlaşdırma bu ilin sonuna qədər 95 faizə çatdırılacaq. Bu məqsədlə cənab İlham Əliyevin “Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında” 5 mart 2018-ci il tarixli Sərəncamına əsasən, dövlət büdcəsindən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə 100 milyon manat da ayrılıb. Cari ildə 41 rayonun 79 kəndinin qazlaşdırılması nəzərdə tutulub.
Əvvəlki illərdə olduğu kimi, cari ildə də ölkənin təbii qaz təsərrüfatının inkişafı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir, istismar müddəti başa çatmış müxtəlif diametrli qaz kəmərləri təmir-bərpa edilir. Belə ki, 2018-ci ilin yanvar-aprel ayları ərzində 775,4 kilometr yeni qaz kəməri quraşdırılıb, qaz kəmərlərinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 78,7 kilometr qaz kəməri əsaslı təmir olunub. Cari ildə aparılan tikinti-quraşdırma işləri nəticəsində Bərdə, Şəki, Göyçay, Ucar, Xaçmaz, Beyləqan, Sabirabad, Lerik, Salyan, Cəlilabad, Masallı rayonları üzrə 26 yaşayış məntəqəsi “mavi yanacaq”la təmin edilib. Bununla da “mavi yanacaq”la təmin olunmuş abonentlərin sayı artıb. Onu da qeyd edək ki, bu ilin yanvar-aprel ayları ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 31 min 62 yeni abonent qeydiyyata alınıb. Bunun da 19 min 717-si Bakı, Abşeron və Sumqayıt, 11 min 345-i isə regionlar üzrədir. Bununla da ölkəmizdə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 126 min 910-a çatıb.
Yaşayış məntəqələrində təbii qazın verilməsi münasibətilə keçirilən tədbirlərdə sakinlər sevinclərini ifadə edərək bu qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. Bu, təbii ki, dövlət başçısı İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi uğurlu sosial siyasətin məntiqi nəticəsidir.
Yaşayış məntəqələrinin qazlaşdırılması hər bir rayonun, hər bir kəndin simasını dəyişməklə yanaşı, müəyyən problemlərin aradan qaldırılmasına da vəsilə olur. Məsələn, Xaçmaz rayonunun istirahət zonasında yerləşən kəndlərinin (Meşəli, Sahillər, Samurçay və sair) qazlaşdırılması sakinlərin rahatlığına, ərazidəki meşələrin, yaşıllıqların qorunmasına, ekoloji mühitin sağlamlaşmasına təsir göstərməklə yanaşı, sahibkarların qış aylarında turizm obyektlərinin qızdırılması xərclərini də xeyli azaldacaq. Yeri gəlmişkən, qeyd edək ki, Xaçmazda qazlaşdırılan yaşayış məntəqələrinin sayı 106-ya çatdırılıb. Rayon üzrə qazdan istifadə edən abonentlərin sayı isə 35 min 200-dən çoxdur. Hazırda rayonun bir neçə kəndində də tikinti-quraşdırma işləri sürətlə davam etdirilir.
“Azəriqaz” İstehsalat Birliyi cari ilin yanvar-aprel aylarında “Asan xidmət” və “Asan kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında da onlara xidmət göstərib. Məlumata görə, belə müraciətlərin sayı 74 min 488 olub. Birlik istehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirmək niyyətindədir.
Qvami Məhəbbətoğlu