Ermənistan İkinci Qarabağ müharibəsində 4,8 milyard dollarlıq silah itirib
Vətən savaşında qazanılan Qələbə Azərbaycanın müstəqillik və bütövlükdə dövlətçilik tarixinin ən mühüm hadisəsidir. Torpaqlarımızın işğaldan azad edilməsi göstərdi ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətən tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu gün hər birimiz Cənubi Qafqazın təkcə lideri deyil, həm də qalib dövlətinin vətəndaşı olmağımızla qürur duyuruq. İkinci Qarabağ müharibəsindəki hərbi-siyasi Qələbə ilə Azərbaycan bölgədəki statusunu bir qədər də möhkəmləndirdi. Bütün sadalananlarla XXI əsr müharibəsindəki qalibiyyətimiz “müzəffər erməni ordusu” mifologiyasını da darmadağın etdi.
Heç kəsə sirr deyil ki, İkinci Qarabağ müharibəsi ərəfəsində artıq Ermənistan ordusu adında heç nə qalmamışdı. Vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, silah-sursatı qoyub qaçan, başıpozuq ermənilər məğlub oldular. 30 il ərzində əldə etmək istədiklərinin heç birinə nail olmayan Ermənistana müzəffər ordumuz öz layiqli yerini göstərdi.
Bir neçə gün öncə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu məsələyə toxunaraq vurğuladı: “Otuz il ərzində uydurulan mifologiyadan əsər-əlamət yoxdur. Bəs, haradadır onların “müzəffər” ordusu? Haradadır “yenilməz” erməni əsgəri? Bizə qarşı otuz il ərzində çirkin təbliğat aparan, Azərbaycan xalqının ləyaqətini alçaltmağa çalışan artıq öz payını aldı, öz dərsini aldı. Daha heç kim dünyada “müzəffər erməni əsgəri” haqqında bir söz demir. Çünki on min fərarisi olan orduda hansı şücaətdən, hansı qəhrəmanlıqdan söhbət gedə bilər? Heç kim “yenilməz Ermənistan ordusu” haqqında danışmır. Ermənistan ordusu yoxdur. Biz onu məhv etmişik, dibdən-kökdən məhv etmişik”.
Qırx dörd günlük Vətən müharibəsi Azərbaycan Ordusunun döyüş hazırlığının nə qədər yüksək, həmçinin maddi-texniki bazasının nə qədər güclü olduğunu göstərdi. Azərbaycan bu müharibədə hərbi texnologiyanın ən müasir yeniliklərini tətbiq etdi. Azərbaycan Prezidenti əvvəlki müsahibələrində, çıxışlarında dəfələrlə söyləyib ki, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir: “Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.
Cari ilin aprel ayının 12-də dövlət başçısı Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışında bildirmişdi: “Onların otuz il ərzində yığdıqları bütün texnikanı darmadağın etmişik. Onun bir hissəsi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Canlı qüvvəsini məhv etmişik. Bunu Azərbaycan xalqı edib və öz üstünlüyünü göstərib”. Parkda 44 günlük Vətən müharibəsi zamanı Ermənistandan qənimət götürülmüş və məhv edilmiş texnikalar və s. nümayiş etdirilir. Açıq səma altında nadir Parkdakı hər nüans Azərbaycan Ordusunun qalibiyyətini, məğrur əsgərlərimizin şücaətini, şəhidlərimizin Vətən sevgisini bir daha ziyarətçilərə xatırladır. Burada nümayiş etdirilən hərbi qənimətlər Azərbaycan torpaqlarında 30 il ərzində möhkəmlənən işğalçı Ermənistana məxsusdur. Bu, onu göstərir ki, hibrid ermənilər nəinki başqasının torpağına göz dikən oğrudurlar, onlar həm də savaşdan qorxan məxluqlardır. Ermənistan ordusu döyüşmədən, vuruşmadan 150-dək ağır texnikanı, “T-72” tanklarını, piyadaların döyüş maşınlarını, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusunu, “Osa” zenit-raket kompleksini qoyaraq, mövqelərini işıq sürəti ilə tərk ediblər. Təbii ki, bu qorxunun əsas səbəbi Oğuz eli ərənlərinin ata-baba yurdlarına dönüşü idi. Artıq son damla səbr kasasını daşırmışdı. Onlar qaçdılar, həm də arxaya baxmadan qaçdılar.
Azərbaycan xalqının ürəyi Vətən sevgisi ilə dolu olan övladları əsrlər öncəsində olduğu kimi, indi də Vətənini qorumaq, onu ucaltmaq üçün hər fədakarlığı edir, hər çətinliyə sinə gərir. Əcdadımızın mirasına sahib çıxaraq 44 günlük Vətən müharibəsində bütün dünyaya öz birliyimizi, bərabərliyimizi, Vətən sevgimizi göstərdik.
Nəticə… 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu nəinki işğal olunmuş torpaqları azad etdi, hətta düşmən ordusunu darmadağın etdi. Onilliklər boyu təcavüzkar Ermənistan ərazilərimizdə istehkamlar, beton hasarlar qurmuş, müdafiə xətlərini gücləndirmişdi. Buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələrinin inventarında olan müasir silahlar və əzmkar, qəhrəman, igid Azərbaycan hərbçilərinin sayəsində ermənilərin ağır silah arsenalı tamamilə məhv edildi. Bütün dünya ictimaiyyəti Azərbaycanın müasir müharibə üsullarının uğurlu tətbiqinin, Vətən, torpaq sevgisinin şahidi oldu.
Xatırladaq ki, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) silah və texnika itkisindən Ermənistan tərəfinə dəymiş maddi ziyanı qiymətləndirib. UNEC -in məlumatına görə, Ermənistan İkinci Qarabağ müharibəsində 4,8 milyard dollarlıq silah itirib.
Günel Eyyubova, “İki sahil”