Terminalın limanı indiyədək 2 min 200-dən çox tankeri qəbul edib və yola salıb
SOCAR-ın Gürcüstandakı aktivi olan Kulevi neft terminalının istismara verilməsindən 10 il keçir.
AZƏRTAC xəbər verir ki, Kulevi limanı 2008-ci il mayın 16-da fəaliyyətə başlayıb. Ötən 10 ildə limanın tutumu artırılıb. Həmçinin də qəbuletmə, yükləmə və yolasalma əməliyyatlarının payı artıb, nəticədə isə liman 2 min 200-dən çox tankeri qəbul edib və yola salıb. Liman ilboyu fasiləsiz fəaliyyət göstərir.
Kulevinin gücü ildə 10 milyon ton təşkil edir. Terminalın anbar parkının ümumi tutumu 320 min kubmetrdir. Tbilisi-Poti mərkəzi dəmir yolu magistralı ilə Kulevini birləşdirən 14 kilometr uzunluğunda yeni dəmir yolu mövcuddur. Terminalın infrastrukturu müntəzəm olaraq müasirləşdirilir.
Terminal və liman 2008-ci ilin mayında istismara verilib. Bir ay sonra limana ilk tanker yan alıb.