14 oktyabr 2021 18:30
990

Avropa, Cənubi Amerika xalqları və Yaxın Şərq xalqları qohum imiş?

Qətərin “Sidre Medicine” təşkilatının həkimləri Yaxın Çərq sakinlərinin genomunun çoxmiqyaslı təhlillərini həyata keçiriblər.  Bu tədqiqat antik dövrdə Homo sapiens nümayəndələrinin miqrasiya proseslərinin öyrənilməsinə kömək edib.

“Planet Today”in məlumatına görə, elm adamları Yaxın Şərq xalqlarının DNT -sini müasir avropalıların, Cənubi Amerika və Asiya xalqlarının genomu ilə müqayisə ediblər. Araşdırma Ərəbistan yarımadası sakinlərinin DNT -sinin dünyanın digər ölkələrində yaşayan insanların genomunun inkişafına töhfə verdiyini ortaya qoyub.

"Ərəb nəsilləri bir çox müasir populyasiyanın əsas irsi komponentidir", - deyə araşdırmanın həmmüəllifi Yunes Mokrab bildirib.

Qətər alimlərinin əldə etdiyi məlumatlar müasir insanların atalarının təxminən 90 min il əvvəl erkən afrikalılardan ayrıldığını göstərir. Qeyd olunur ki, bu məlumatlar Homo Sapiensin Afrikadan Ərəbistan üzərindən köç edərək planet ətrafında məskunlaşdığı digər araşdırmaların nəticələri ilə ziddiyyət təşkil etmir.

Qeyd edək ki, DNT və ya deoksiribonuklein turşusu, canlı orqanizmlərin nəsildən -nəslə inkişafı və işləməsi haqqında məlumat verən bir makromolekuldur. Genlərin deşifrə edilməsi alimlərə yalnız müxtəlif xalqların kökünü  təyin etməyə deyil, həm də ayrı -ayrı xəstələrdə müxtəlif xəstəliklərin yaranacağını proqnozlaşdırmağa imkan verir.

Nubar Süleymanova, “İki sahil”