Yaponiyanın Kaqava Universitetinin alimləri kivinin oksidləşdirici stresi azaltmağa kömək etdiyini göstərən bir araşdırma aparıblar. “Sabq” nəşri bu meyvənin tərkibində olan faydalı maddələr haqqında məqalə yayıb.
Aktiv idman fəaliyyətlərindən sonra insan orqanizmi oksidləşdirici streslə qarşılaşa bilər. Bu proses təbii olaraq baş verir, ancaq bədənə çox zərər vermir. Eyni zamanda yaralanmalara, həddindən artıq yorğunluğa səbəb olur və sağalmanı ləngidir. Tibbi məlumatlara görə, bu vəziyyətə uzun müddət məruz qalmaq hüceyrələrin zədələnməsinə, ürək və damar xəstəliklərinin inkişafına səbəb ola bilər.
Kaqava Universitetinin alimləri gündəlik kivi istehlakının belə stresin qarşısını tamamilə aldığını müəyyən ediblər. Ekspertlər professional qaçışla məşğul olan 30 kişinin üzərində təcrübə aparıblar. Məlum olub ki, kividən mütəmadi istifadə edən kişilərdə intensiv məşqlərin ardından yaranan mənfi təsirlər qısa bir zamanda aradan qalxıb.
Kivinin içərisində olan antioksidanların oksidləşdirici stres riskini azaltdığı təsbit edilib. Ayrıca, meyvənin tərkibindəki polifenollar qanda şəkərinin səviyyəsini tənzimləməyə kömək edir, buna görə də ürək -damar patologiyaları ehtimalını azaldır.
Nubar Süleymanova, “İki sahil”