Estoniya hökuməti fərdi qoruyucu vasitələrdən istifadə tələblərini yenidən sərtləşdirib. Bu barədə “Sputnik” nəşri məlumat yayıb.
Bildirilir ki, bundan sonra estoniyalılara maska əvəzinə sviter yaxası, şərf, bandana və digər geyim əşyalarından istifadə etmək qadağan olunacaq. Bundan əlavə, vətəndaş sağlamlıq səbəbiylə maska taxa bilmirsə, yoxlama zamanı həkimdən arayış göstərmək məcburiyyətində qalacaq.
Estoniya Səhiyyə İdarəsi və Estoniya polisi koronavirus məhdudiyyətlərinə riayət etmək üçün gücləndirilmiş yoxlama tədbirləri və reydlər keçirməyə hazırdır.
Pandemiya qaydalarını pozan təşkilatlara əvvəlcə xəbərdarlıq ediləcək, sonra isə 9600 avroya qədər cərimə olunacaqlar. Müəssisələr bütün karantin tələblərini yerinə yetirməsələr, hətta bağlana da bilərlər.
Nubar Süleymanova, “İki sahil”