22 oktyabr 2021 21:15
1547

Sənətin Kamil zirvəsi - FOTOLAR

Deyirlər insan var evə gəlib evdən gedir, insan var elə gəlib eldən gedir. Hər kəsin ömür qatarına yüklənən qisməti hər dayanacağında bir şeyləri arxada buraxa-buraxa, bir şeyləri yükləyə-yükləyə gedir. Kamil Əliyevin ömür qatarı da özünəxas yüklərin ağırlığı, məna dəyərləri, rəng çalarlarının çeşidliyi, xalqa, millətə, dövlətə, milli-mənəvi dəyərlərimizə əvəzsiz təsir gücüylə seçilən həyat marşurutunu başa vurmuş, qızıl hərflərlə yazılan və dünya var olduqca oxunacaq olan bir səhifə qoymuşdur. Bu elə bir səhifədir ki, oxuduqca bitmir, yaxınlaşdıqca əlçatmaz olur.

Kamil Müseyib oğlu Əliyev 1921-ci il oktyabrın 22-də Qərbi Azərbaycanda, İrəvan xanlığının mərkəzi olan İrəvan şəhərində anadan olub. O dövrlər mənfur ermənilərin millətimizə qarşı törətdikləri soyqırım siyasətinin qurbanı olan xalqın sağ qalan qismi yurd yuvasından didərgin düşür. Amansız düşmənin zorakılıq tətbiq etdikləri ailələrdən biri də elə Əliyevlər ailəsi idi.1922-ci ildə ailə Türkiyədə sığınacaq tapır, lakin bir müddət sonra yenidən İrəvana dönür, davam edən amansızlıqlar artıq  burada qalmalarını mümkünsüz edir və Müseyib kişi ailəsini götürüb Bakıya köçür. Asan olmayan köçkün həyatı Kamil Əliyevi nə yaşamaq, nə də yaratmaq eşqindən döndərə bilmir.

O, keçirdiyi acılı-şirinlı günləri içərisində nənə və anasının toxuduğu xalçalar arasında böyüyüb və bu sənətin sirlərinə yiyələnib. Atasını erkən itirən Kamil ailənin məhz xalça toxuyub satmaqla dolandığını görmüş və bu onun zehnində dərin iz buraxmışdı. Əliyevlər ailəsində xalçaçılıq əcdadlarından qalma miras bir sənətə çevrilmişdir. Onun böyük bacısı Mənzərin rəssamlığa və xalçaçılığa  böyük marağı nəticə etibarilə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin dekorativ-tətbiqi sənət şöbəsinə daxil olmasına rəvac vermişdi. Burada Mənzər xanım görkəmli rəssam Lətif Kərimovdan dərs almışdı. Bacısından ilhamlanan Kamil Əliyev 1936-cı ildə Bakı Rəssamlıq Məktəbinə daxil olur, görkəmli rəssam Əzim Əzimzadənin tələbəsi olur. Burada üç il dekorasiya şöbəsində oxuduqdan sonra müəllimlərinin məsləhəti ilə təhsilini davam etdirməklə yanaşı, «Azərxalça» Birliyində eksperimental laboratoriyada köçürücü rəssam kimi işləməyə başlayır. Böyük Vətən müharibəsində (1941-1945) iştirak edən K.Əliyev cəbhədə böyük rəşadət göstərir, 22 orden və medalla vətənə dönür. Ordudan qayıtdıqdan sonra sevimli peşəsini davam etdirən rəssam Azərbaycan xalq dekorativ-tətbiqi sənətini yeni yüksəklərə qaldıran, xalça sənətinin incəliklərini qoruyub-saxlayaraq onu daha da zənginləşdirən, xalçada rəngarəng naxışlar, rəng çalarları, müxtəlif kompozisiya və süjetlər yaradan sənətkar kimi tanınır. Onun yaratdığı xalçalardakı texniki mükəmməllik, yüksək səviyyəli rəsm duyumu xüsusilə özünü göstərir.

İşinin peşəkarı olmaqla yanaşı, həm də gözəl insani keyfiyyətlərə sahib olan rəssam qazandığı nailiyyətlərin qürur selinə qapılmadan, dəyişilmədən ömür sürdü, sadə yaşayıb, zəngin və bənzərsiz bir sənət yaratdı. İncə ruhlu Kamil yaradıcılığı Azərbaycan incəsənətinə möhürlənmiş bir səhifə, əsrlər sonra da nəsillərə öyrədiləcək məktəb buraxdı.

Məhz Azərbaycan incəsənətində göstərdiyi əvəzsiz xidmətlərinə görə ilk dəfə 1960-cı ildə Fəxri fərmana layiq görülür, “Respublikanın tətbiqi incəsənət ustası” adını qazanır. 1967-ci ildə Əməkdar, 1982-ci ildə Xalq rəssamı fəxri adları ilə təltif edilir. 1998-ci ldə Ali Atestasiya Komissiyası tərəfindən ona dekorativ və tətbiqi sənət üzrə professor elmi adı verilir. 1999-cu ildə “İstiqlal” ordeninə layiq görülür. Dövlət ona böyük etimad göstərir və o, müxtəlif zaman kəsimlərində müxtəlif rəhbər vəzifələrdə çalışır. Lakin heç bir zaman bütün ruhu ilə bağlandığı xalçaçılıq sənətini göz ardında saxlamır, daim onunla bağlantıda olur və biri-birindən gözəl xalçalar yaratmağa davam edir. Özünün etirafına görə Lətif Kərimov onun rəssam olmasında önəmli bir rol oynayıb. Və heç də təsadüfü deyil ki, XX əsrdə Azərbaycanda xalça sənətinin böyük inkişafı elə bu iki rəssamın adı ilə bağlıdır. Kamil Əliyevin toxuduğu xalçalar zəngin mənəvi aləm, təkrarsız bəzək texnikası, qədim tariximizin məqamları, əlvan və çoxsaylı rəng palitrası, kompozisiya və rəng çalarlarının uyumluğu ilə özünü min arşından bəlli edir, mən kamil bir sənətin kamil bir sənətkarının əsəriyəm, deyir.

1968-ci ildə Məhəmməd Füzulinin (1958) 400 illik yubileyinə həsr etdiyi portret xalçası onun ilk və böyük ustalıqla ərsəyə gətirdiyi əsəri oldu. Xalça özlüyündə dərin bir məna,  fəlsəfi ideya və məzmun, möhtəşəm rəng uyumu, incə və düşündürücü məqamları əks edir. Təbii ki, ilk işinin uğurlu alınması onu daha da həvəsləndirir və o, biri-birinin ardınca şair və yazarların, yerli və xarici dövlət rəhbərlərinin portretlərini xalçaların üzərinə həkk edir. Sənətkar müxtəlif zaman kəsimlərində İmadəddin Nəsiminin portreti (1973), Nizami Gəncəvinin portreti (1978), Şota Rustavelinin portreti (1981), A.S.Puşkinin portreti (1987), Mustafa Kamal Atatürkün portreti (1991, 1996), Süleyman Dəmirəlin portreti (1994), Heydər Əliyevin portreti (1980, 1998, 2004), akademik Zərifə Əliyevanın portreti (2001), “Mənim anam” (2003) və s. kimi biri-birindən möhtəşəm əsərləri yaradır. Bu sənət nümunələrinin hər biri böyük diqqət, dəqiqlik, zövq, rəng duyumu və ən önəmlisi yüksək peşəkarlıqla ərsəyə gəlib. Portretlərdə təqdim olunan şəxsiyyətlərin üz cizgiləri ən incə ayrıntısı və rəssam dəqiqliyi ilə işlənmişdir. Potretləri bəzəyən medalyon, haşiyə, mədaxil və kətəbələrin düzülüşü və bəzəyi kompozisiyanı uğurla tamamlayıb. Bədii tərtibatda yer alan nəbati və həndəsi elementlər o qədər ustalıqla seçilir ki, heç bir şəkildə biri-birini təkrarlamır və hər dəfəsində tamaşaçısı qarşısında yeni bir dünya açır. Bu əsərlər elə bir dünyadır ki, insanı özünün görünən və görünməyən sehrinə salaraq valeh edir.

Sənətkarın yaratdığı ornametli xalçalar zəngin və düzənli kompozisiya, bu kompozisiyanı tamamlayan rəng palitrasının uyumluluğu, milli naxış anlayışına sadiqlik, səliqəli, eyni zamanda, yorucu olmayan bədii tərtibat özündən sonra gələn nəsillərə miras qoyduğu böyük bir məktəbin göstəricisidir. Kamil yaradıcılığında Azərbaycanın milli naxış nümunələri daim və özünəxas şəkildə istifadə olunmuşdur. Sənətkar “buta” ornamentini müxtəlif adlar və tərtibatlar altında öz əsərlərində geniş şəkildə istifadə etmişdir. Buta həm alov dilimi, həm də su damlası kimi səciyyələndirilir. Bir elementin iki fərqli məna çaları Kamil Əliyev sənətində də özünü ap-açıq göstərir. Alov dilimini səciyyələndirən buta bu yaradıcı insanın isti ürəyinin döyüntüsünün əlvan rənglərdə təzahür etməsinə, su damlasını ifadə etdiyində isə su kimi axıcı, maneəsiz, dolğun bir kompozisiya meydana gəlməsinə səbəb olub. O, əsasən Təbriz elit rəssamlıq məktəbi və Bakı rəssamlıq məktəbinin xəttini tutmuş və yaradıcılığında geniş şəkildə istifadə etmişdir. “Təbriz”, “Qırmızı bülbül”, “Göllü”, “Göllü buta”, “Sürməyi göllü”, “Qımıl”, “Butalı”, “Quşlu”, “Tirməli”, “Ornamental xalça”, “Qızılı xalça”, “Turunclu”, “Sandıqca” və sadalamadığımız onlarla sənət nümunələri Azərbaycan xalça sənətinin şah əsərləri, milli dəyərlərimizin qiymətsiz sərvətidir.

Kamil yaradıcılığı ilahidən gələn bir sənətdir. Onun yaradıcılığı insan təxəyyülünün ən ali səviyyədə təzahürüdür. Əsrlər keçəcək, nəsillər biri-birini əvəz edəcək, lakin Kamil sənətinin zirvəsini kimsənin fəth edərək onun sirlərini aça biləcəyi bəlkə də mümkün olmayacaq. Çünki bu elə dərin bir dəryadır ki, baş vurduqca dibi dərinlərə gedir və sonsuzluğa dayanır mahiyyət etibarilə. Bir sözlə, xalqımızın sahib olduğu xalçaçılıq sənəti Kamil Əliyev toxunuşu ilə özünün ən ali zirvəsinə çatmış, kamillik məqamına sahiblənmişdir.

Sevinc Səbzəliyeva,
Naxçıvan Dövlət Xalça Muzeyinin əməkdaşı