Cari ildən etibarən gənc məzunların və tələbələrin SOCAR-ın müəssisə və təşkilatlarında istehsalat təcrübəsi keçmələri qaydalarına dəyişikliklər olunmuşdur. Yeni qaydalara əsasən, təcrübə proqramının əhatə dairəsi genişlənmiş və bu proqram son üç tədris ilində təhsilini başa vurmuş məzunlar üçün də əlçatan olmuşdur. Eyni zamanda, təcrübə proqramını müvəffəqiyyətlə başa vurmuş gənc məzunların SOCAR-da işlə təmin olunması nəzərdə tutulmuşdur.
SOCAR Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil alan tələbə və məzunların real iş şəraiti ilə yaxından tanış olmaları, bununla da nəzəri biliklərinin təcrübədə tətbiq edilməsi və neft-qaz sənayesinin müxtəlif sahələrində təcrübi biliklərinin artırılması, ixtisas profilindən və xüsusiyyətindən asılı olaraq yeni texnologiyalar, iş üsulları ilə tanış edilməsi məqsədilə Azərbaycan vətəndaşı olan, öyrənməyə həvəsli, şəxsi inkişafı, peşəkar vərdişləri və praktiki biliklərini artırmağa maraqlı olan, təşəbbüskar, komandada işləməyi bacaran, ixtisasını sevən və yüksək ixtisas biliklərinə sahib gənclərə neft və qaz sənayesində istehsalat təcrübəsi keçmək imkanı yaradır. Gənclərin ödənişli istehsalat təcrübəsi SOCAR-ın tərkibində olan müəssisə və təşkilatlarda tələb olunan ixtisaslara uyğun olaraq, 2 ay təcrübə müddəti olmaqla təşkil ediləcəkdir. SOCAR-ın quruda yerləşən müəssisələrində təcrübə keçən təcrübəçilərə təcrübə müddətində 200 manat (vergilər daxil olmaqla), dənizdə yerləşən müəssisələrində isə 300 manat (vergilər daxil olmaqla) ödəniş nəzərdə tutulmuşdur. Təcrübə müddətinin sonunda bütün təcrübəçilərə fəaliyyətləri barədə istehsalat xasiyyətnaməsinin təqdim olunması, fəaliyyəti ilə bağlı müsbət rəy almış, SOCAR-da işləmək arzusu olan gənclərin kadr tələbatına uyğun olaraq müsahibə yolu ilə işlə təmin olunma məsələsinə baxılması nəzərdə tutulmuşdur.
Təcrübəyə aşağıdakı ixtisaslar üzrə Azərbaycan Respublikası və xarici ölkələrin ali təhsil müəssisələrində təhsilini bitirməkdə olan tələbələr, həmçinin məzunlar müraciət edə bilərlər. İxtisasların siyahısı illik kadr tələbatına uyğun olaraq formalaşdırılır və tələbatdan asılı olaraq, dəyişdirilə bilər.
Gənclərin ödənişli istehsalat təcrübəsi proqramında iddiaçı olmaq üçün gənclər aşağıda qeyd olunan bütün tələblərə cavab verməlidir:
o Azərbaycan Respublikasının vətəndaşı olmalı;
o Məzunlar tələb olunan ixtisaslar üzrə təhsil pilləsini son 3 tədris ilində bitirməli;
o Tələbələr tələb olunan ixtisaslar üzrə bakalavr pilləsinin sonuncu kursunda (sonuncu semester) və ya magistratura pilləsində təhsil almalıdır.
Təcrübəyə seçim müsabiqə əsasında həyata keçirilir. Yuxarıda qeyd olunan şərtlərə cavab verən SOCAR-ın 2018-ci il üçün daxili təqaüd proqramının qalibləri proqrama müsabiqədən kənar qoşulmaq imkanı əldə edirlər.
Gənclərin istehsalat təcrübəsi proqramında iştirak etmək üçün iddiaçılar fərdi qaydada aşağıdakı ixtisaslar üzrə SOCAR-ın korporativ veb-səhifəsinin (www.socar.az) “karyera” bölməsinin “İşə qəbul” hissəsində elektron qeydiyyatdan keçməlidirlər. Təcrübə proqramı ilə əlaqədar ətraflı məlumat həmin səhifədə yerləşdiriləcəkdir. Eyni zamanda, təcrübə proqramı ilə əlaqədar yaranmış sualları [email protected] e-mail ünvanına ünvanlamaq mümkündür.
İxtisas qrupları (Bakı şəhəri)
· Energetika
· Nöc və avtomaika
· Mexanika
· Qaz neft mədən
· Geoloji kəşfiyyat
· İnformasiya və kommunikasiya texnologiyaları
· İqtisadiyyat və idarəetmə
· Kimya texnologiya
· Tikinti
· Əməyin mühafizəsi və həyat fəaliyyətinin təhlükəsizliyi
İxtisas qrupları (Sumqayıt şəhəri)
· Ekologiya
· Energetika
· İqtisadiyyat və idarəetmə
· Kimya texnologiya
· Mexanika
· Nöc və avtomatika
· Tikinti
“İxtisas qrupları (Sumqayıt şəhəri)” üzrə müraciət edən namizədlər təcrübə prosesini Sumqayıt şəhərində keçəcəklər.