28 oktyabr 2021 17:52
1296

Uşaqlar da post COVID sindromundan əziyyət çəkir?

Alimlər Almaniya əhalisinin demək olar ki, yarısını əhatə edən tibbi məlumat bazasını təhlil edərək, COVID-19-un uşaq və yeniyetmələrdə uzunmüddətli təsirə malik simptomlarının siyahısını və şiddətini müəyyən ediblər. Tədqiqatın nəticələri medRxiv.org portalında dərc olunub.

Müəyyən insanlarda uzunmüddətli ağırlaşmaların baş verdiyi bilinir. Sağaldıqdan sonra həftələr və hətta aylar ərzində yorğunluq, narahatlıq, yuxu, yaddaş və konsentrasiya problemləri yaşamaqda davam edirlər.

Alman alimləri 2019-cu ilin yanvarından 2020-ci ilin dekabrına qədər bir sıra tibbi sığorta şirkətlərinin standart tibbi məlumatlarını vahid məlumat bazasında birləşdiriblər. Ümumilikdə onlar 38 milyon insan haqqında məlumat emal ediblər ki, bu da ölkə əhalisinin 45 %-ni təşkil edir. 30 iyun 2020-ci il tarixinədək COVID-19 diaqnozu qoyulmuş 157 min nəfər - 145 184 böyük və 11 950 nəfər 17 yaşa qədər uşaq və yeniyetmələr seçilib. Hər iki qrupda mütəxəssislər xəstəliyin təsdiqlənməsindən üç ay sonra şikayətləri davam edənləri müəyyən ediblər.Onlar qeyd edirlər ki, böyüklər arasında say baxımından xəstələnənlər üstün olsa da, postCOVID sindromlarının özünü göstərməsi baxımından fərq elə də böyük deyil.

 Sadəcə, böyüklərdə bu sindrom daha çox nəfəs darlığı, saç tökülməsi, ümumi halsızlıq, dad və iybilmənin təhrifi, baş ağrı hissi ilə daha çox özünü göstərsə də, uşaqlarda qarında sancılar, somatik pozğunluqlar, depressiya, yorğunluq hissi ilə üzə çıxır.

 Mütəxəssislər bildirirlər ki, kiçik yaşlılarda psixi pozuntulara daha çox rast gəlinir.

 "Digər müvafiq aspektlərə dair məlumatlarla birlikdə, bizim nəticələrimiz profilaktik tədbirlərin görülməsi zərurəti, həmçinin uşaqlar və yeniyetmələr üçün peyvəndin risk və faydalarının qiymətləndirilməsi ilə bağlı son müzakirələrə bir əlavədir”,-deyə məqalə müəllifləri bildiriblər.

 Onlar həm də vurğulayıblar ki, bu, indiyədək uşaq və yeniyetmələrdə koronavirus infeksiyası sonrası sindromla bağlı ən geniş tədqiqatdır. Tədqiqat nəticələrində həmçinin, son zamanlar bütün dünya üzrə uşaqlar arasında koronavirusa yoluxma sayında artım xüsusi qeyd edilir.

Nubar Süleymanova, “İki sahil”