Yer kürəsinin bütün tarixi boyunca buz dövrləri daha isti dövrlərlə əvəz olunub. İndi də məhz belə bir keçid dönəmidir, lakin planetin səthi gözlənildiyindən daha sürətlə istiləşir. RİA Novosti kimin günahkar olduğunu və nə etməli olduğumuzu araşdırıb.
Gah isti, gah soyuq
Serb riyaziyyatçısı və geofiziki Milutin Milankoviçin yüz il əvvəl tərtib etdiyi Günəş radiasiyasının yaratdığı istilik hadisələrinin riyazi nəzəriyyəsində irəli sürdüyü bir fərziyyəyə görə, orbital parametrlərin müntəzəm dəyişməsi - ekssentriklik, fırlanma oxunun mailliyi və presessiyadan asılı olaraq, Yerin səthi Günəş tərəfindən müxtəlif yollarla qızdırılır. Nəticədə buzlaşmalar baş verir, ardınca daha isti dövrlər gəlir. Dövrlərin belə əvəzlənməsi Milankoviç adlanır, onun əsasında uzunmüddətli iqlim proqnozları tərtib edilir.
Hər bir orbital parametrin öz dövriyyəsi var. Məsələn, eksentriklik: Yerin Günəş ətrafında fırlanma trayektoriyası hər 95, 125 və 400 min ildən bir dairəvidən daha elliptikə doğru dəyişir. Planetin fırlanma oxu ekliptikadan - Yerin Günəş ətrafında fırlanma müstəvisindən - təxminən hər 41 min ildən bir üç dərəcə kənara çıxır və presessiya dövrü - yerin oxunun bir giroskop kimi konus boyunca fırlanması - orta hesabla 26 min ildir. Bu müddət ərzində Yerin oxu tam bir dövr etmiş olur.
2,6 milyon ildən 11,7 min il əvvələ qədər olan dövrü əhatə edən Pleistosen epoxasında buzlaqların planetin 30 %-nə qədərini tutduğu və Şimal yarımkürəsinin 40-cı paralelə qədər çatdığı bir neçə soyuq dövrlər yaşanıb.
Son buz dövrü təxminən 18 min il əvvəl baş verib və hazırda Milankoviç tsiklərinə görə, təxminən 12 min il əvvəl başlayan iki buz dövrü arası Holosen dövrü davam edir. Qlobal istiləşmədən söhbət gedəndə iqlimə antropogen təsir fərziyyəsinin əleyhdarları məhz buna istinad edirlər. Bununla belə, daha ətraflı modelləşdirmə göstərir ki, indi baş verənlər nə güc, nə də dinamikasına görə heç bir təbiət tsiklinə uyğun gəlmir.
Beləliklə, Yer kürəsində orta illik temperaturun "iqlim çubuğu" adlanan qrafikinə əsasən, Holosen istiliyinin maksimumu orta əsrlərdə -X-XIII əsrlərdə olmuşdur. O zamanlar planet ötən yüzilliyin ortaları ilə müqayisədə daha isti idi. Bundan sonra tədricən ümumi soyuma başladı.
Son 2000 ildə iqlim dəyişikliyi ilə bağlı aparılan 11 müxtəlif tədqiqatın məlumatları bir yerə toplanaraq baza yaradılıb. Qrafik tərtib etmək üçün 1902-2016-cı illər ərzində birbaşa temperatur göstəricilərindən və ağacların, mərcanların, buz nüvələrinin illik halqalarının təhlilindən, 1980-ci ilə qədər olan dövr üçün xronika qeydlərindən əldə edilən dolayı məlumatlardan istifadə edilmişdir.
İnsan təbiətdən daha güclü imiş
Milankoviç tsiklərinə görə, bu gün Yer tədricən soyumalıdır, lakin 19-cu əsrin sonunda sənaye inqilabı təbii tendensiyanı dəyişdirdi. İndi orta illik temperature göstəriciləri 1960-1990-cı illərin göstəricilərini 0,6-0,8 Selsi dərəcə üstələyir. Əsas səbəb istixana qazlarının, ilk növbədə karbon qazının antropogen emissiyasıdır.
Potsdam İqlim Dəyişikliklərinin Tədqiqi İnstitutunun alimləri qeyd edirlər ki, atmosferdə CO2 konsentrasiyası üç milyon il ərzində pik həddə çatmışdır. Tədqiqat göstərir ki, bu müddət ərzində heç vaxt sənayedən əvvəlki səviyyədən iki dərəcədən çox yüksəlməyən orta temperatur növbəti 50 ildə bu həddi keçə bilər.
Bunu 1988-ci ildə Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) və Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) tərəfindən yaradılmış İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) qiymətləndirmə hesabatlarında müntəzəm dərc olunan məlumatlar da inandırıcı şəkildə sübut edir.
Ən son, beşinci hesabat olan “IPCC AR5 Sintez Hesabatı: İqlim Dəyişikliyi 2014”də deyilir: "Planetin istilik balansına olan temperatur həssaslığının hansı real dəyərini seçdiyimizdən asılı olmayaraq, müşahidə edilən dəyişikliklər yalnız atmosferdə CO2 yığılması nəticəsində baş verə bilər"
Bu iddia Ümumdünya İqlim Tədqiqatları Proqramının (WCRP) Birgə Modelləşdirmə üzrə İşçi Qrupu (WGCM) tərəfindən CMIP (Cupled Model Intercomparison Project) çərçivəsində həyata keçirilən qlobal iqlim modellərinin təhlilinin nəticələri ilə də təsdiqlənib. CMIP3 və CMIP5 model təcrübələrinə görə, temperature göstəriciləri 1970-ci illərin sonlarından bəri təbii tendensiyalara əsaslanaraq gözlənilən həddi nəzərəçarpacaq dərəcədə üstələyir.
Qlobal istiləşmədə fasilə
Bununla belə, 1998-ci ildən 2013-cü ilə qədər klimatoloqlar qəribə bir hadisəni müşahidə etdiklərini bildirirlər - atmosferdə CO2-nin miqdarının davamlı artması ilə temperaturun yüksəlməsi dayanmış kimi görünürdü. “Yer səthinin qlobal temperaturu 30 və 60 illik daha uzun dövrlərlə müqayisədə son 15 ildə xeyli yavaş artan xətti tendensiya göstərir”,-deyə “IPCC” mütəxəssisləri tərəfindən 2014-cü ildə dərc edilmiş Beşinci Qiymətləndirmə Hesabatında qeyd edilib.
Alimlər nə baş verdiyini anlaya bilmirdilər: müşahidələr bütün iqlim modellərinə zidd idi. Qlobal istiləşmənin antropogen təbiəti fərziyyəsinin tərəfdarları və əleyhdarları arasında mübahisə yenidən alovlanmışdı.
Lakin 2013-cü ildə temperatur bir daha yüksəldi və klimatoloqlar, yəqin ki, belə 15 illik fasilələrin müəyyən tezlikdə, təxminən 30 ildə bir dəfə baş verməsi qənaətinə gəldilər.
Okeanın rolu
Əvvəllər alimlər sübut etmişdilər ki, məhz okeanda suyun dövriyyəsinin zəifləməsi Pleistosendə buz dövrünün uzanmasına və 41 min illik Milankoviç tsiklərindən yüz min il əvvələ keçidə səbəb olub. Paleoklimatologiyada bu, “yüz min ilin problemi” adı ilə tanınır.
Milankoviç tsiklləri təkcə geologiya və iqlimşünaslıqda əhəmiyyətli deyil. Belə ki, bu yaxınlarda Madisondakı Viskonsin Universitetinin antropoloqları müəyyən ediblər ki, yüz min illər ərzində qədim insanların yaşayış yerlərini dəyişməsi, o cümlədən əcdadlarımızın 125 min il əvvəl başlayan Afrikadan rütubətli subtropik iqlimi olan Yaxın Şərq və Aralıq dənizi ətrafına köçləri bu tsikllər əsasında baş verirmiş.
Nubar Süleymanova, “İki sahil”