02 noyabr 2021 16:09
1453

Adrenalin sevənlər üçün… - FOTO

Planetimiz gözəl və eyni zamanda, olduqca təhlükəli və ekzotik yerlər ilə zəngindir. Əgər siz adrenalin həvəskarısınızsa onda bu yerləri ziyarət edə bilərsiniz.

Keymada-qrandi (İlanlar adası)

Keymada-Qrandi və ya İlanlar adası adlanan bu ada San-Paula şəhərinin 43 hektarlıq ərazisində yerləşir. Əsas özəlliyi isə “dünyanın ən təhlükəli adası” adına sahib olmasıdır. Adanı bu qədər təhlükəli edən yaşıl gözəlliklər altında yaşayan sürünənlərdir. Daha dəqiq desək, ilanlardır. Bu səbəbdən adanın digər adı “İlanlar adasıdır”. Ada o qədər təhlükəlidir ki, Brazilya höküməti tərəfindən adaya giriş qadağan edilmişdir. Adada hər kvadrat metrdə 5 ilan yaşayır və hər biri də zəhərlidir. Burada yaşayan ilanların uzunluğu 70 sm-ə qədərdir və digər Cənubi Amerika ilanları ilə müqayisədə 2 qat daha  zəhərlidir.

Adada yaşayış olmasa belə dəfələrlə balıqçıların ölümünə rast gəlinib. Yalnız xüsusi geyimlə alimlərin buraya girişinə icazə verilir. Adada müxtəlif növ ilanlar yaşayır. Bunlardan botrops ilanı insanlar üçün ən təhlükəlisidir. Onun dişləməsi qurbanının bütün toxumalarının dağılmasına gətirib çıxarır.

Natron gölü- Tanzaniya

Tanzaniyada Natron Gölü hər kəsi heyrətə salan, dəhşətverici təbiətinə və canlıları duzdan heykəllərə çevirməsinə görə tanınır. Şimali Tanzaniyada olan Natron gölü Şərqi Afrikanın Böyük Rift Vadisinin cənubuna qırıq bir bilərzik kimi düzülmüş bir neçə soda gölündən biridir.
Sıx miqdarda duz ehtiva etdiyi üçün zaman zaman  burada suyun istiliyi 60° C-ə qədər çıxa bilir. 9-10.5 arasında dəyişən  Ph dərəcəsi canlılar üçün ölümcül ola bilir.

Sadəcə flaminqolar, yosun və alcolapia acalica, alkaline tilapia kimi balıq növləri bu göldə yaşaya bilirlər.

Danakil səhrası-Efiopiya

Danakil səhrası Efiopiyada yerləşir. Danakil səhrasını hətta “Yer kürəsinin cəhənnəmi” adlandırırlar. Qorxunc səhranın torpağı  duzla , kükürt  turşusu və yer qatına qalxan zəhərli qazlar ilə boldur. Səhranın qeyri-adi landşaftında sarı və narıncı rənglər üstünlük təşkil edir. Müşahidələrə görə, burada ekstrimal istilər qeyd olunub (təxminən 50 dərəcəyə qədər). Danakil səhrasının xarici görünüşü insana sanki başqa bir planetdə olduğunu hiss etdirir. Oksigen azlığı və zəhərli qazlar ucbatından bu səhrada  həyat yoxdur. Tektonik piltələrin burada yerləşməsi nəticəsində  bu qorxunc yerdə zəlzələlər tez-tez baş verir.

Ölüm yolu vadisi-Kaliforniya

Ölüm yolu vadisi ABŞ-ın Kaliforniya ştatının ən isti yerlərindən biri kimi  tanınır. Təhlükəli yol Boliviyada yerləşir və onun uzunluğu 70 kilometr, eni isə 3.2 metrdir. Ölüm yolu kimi tanınan bu vadi təhlükə səviyyəsinə görə dünyada 3-cü yer tutub. Bu yol paytaxt olan La-Pas və Koroyko şəhərlərini birləşdirən yeganə yoldur. 2013-cü ilin iyun ayının 30-da burada 54 dərəcə isti qeyda alınıb. Çox maraqlı faktlardan da biri odur ki, noyabr ayından başlayaraq marta qədər burada tropik yağışlar yağır və duman yolu tamamilə bağlayaraq, keçən avtomobil və yük maşınlarının hərəkətini iflic edir. Hər il burada 150-200 insan həlak olur. Lakin bu təhlükəyə baxmayaraq, “Ölüm yolu” bir çox turistlərin marağına səbəb olur. Turistlərin sözlərinə görə, burada temperatur o qədər yüksəkdir ki , hətta yerə atılan yumurta anında bişir. Adrenalin həvəskarları buraya gələrək velosiped sürürlər. Hətta 1998-ci ildə qorxu saçan bu yol 18 velosipedçinin həyatına son qoyub.

Omyakon qəsəbəsi-Yakutiya

Rusiyanın şimal-şərqində Yakutiya muxtar respublikasında yerləşən Omyakon qəsəbəsi  dünyanın ən soyuq yeri kimi qeyd edilib. Hava temperaturu mənfi 63 dərəcəyə endiyi Omyakonun yaşayan 500 nəfər sakinisərt qış şəraitində həyatlarını sürdürürlər.

Hava istiliyinin tez-tez mənfi 50 dərəcəyə çatdığı Omyakonda çaydan tutulan balıqlar ən əsas qida mənbəyidir.

 Şimali Sentinel adası- Hindistan

Hindistanda yerləşən Şimali Sentinel adası əsrlər boyu sivilizasiyadan təcrid edilib. İnkişafdan qalmış bu adada 400-ə yaxın sakin yaşayır. Sentineldə  yaşayan bu insanlar bu günə qədər  dünyada baş verən hadisələrdən xəbərsizdirlər. Onlar kənar şəxslərlə bütün əlaqələri kəsirlər və adaya gələnləri gördükcə qorxurlar . Hətta bir neçə dəfə adanı müşahidə etmək üçün gələn elmi qruplara hücum da etmişdilər. Qəbilənin sakinlərinin  bu hərəkətlərinə görə Sentinel adası tamamilə kəşf olunmayıb.  Hindistan hökuməti belə adanın təbii gözəlliyi pozulmasın deyə, bura gələn müşahidəçilərin adaya ayaq basmasına  qadağa qoyub.

Vaşinqton dağı- ABŞ

ABŞ-ın şimal-şərqində yerləşən Vaşinqton dağının hündürlüyü 1917 metrdir. Bu  dağın  zirvəsi dünyanın ən sürətli küləklərinə ev sahibliyi edir. Burada küləyin sürəti rekord həddə çatır. İndiyə qədər burada qeydə alınan ən yüksək külək  sürəti 327 km-dir. Lakin  təhlükəli olan sadəcə küləklər deyil. Burada havanın temperaturu 40 dərəcəyə qədər düşə bilir. Bölgədə davamlı qar yağır. Bu da Vaşinqton dağını dünyanın ən təhlükəli zirvəsi edir. Lakin buna baxmayaraq, dağın gözəlliyi turistləri cəlb edir.

Samirə Tağıyeva, “İki sahil”