03 noyabr 2021 16:27
2517

Mineral gübrələrin tütün bitkisinin həyatında rolu

Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul əldə edilməsi üçün torpağa birinci növbədə azot və fosfor, ikinci növbədə isə kalium gübrələrinin verilməsinə ehtiyac vardır. Torpağın münbitliyini yüksəldən aqrotexniki tədbirlərdən ən əsası gübrələrdən düzgün istifadə etməkdir. Bitkilərin normal inkişafı üçün onlara çoxlu miqdarda kimyəvi elementlər lazımdır. Bu elementlərin demək olar ki, hamısına az və ya çox miqdarda torpaqda rast gəlinir. Əgər torpaqda kifayət qədər əsas qida maddələrindən azot, fosfor və kaliumun asan mənimsənilən formaları olmazsa kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı aşağı düşər. Torpaqda NPK -ın asan mənimsənilən formaları az olduqda gübrələrin iqtisadi effektliyi də yüksəlir. Xüsusilə intensiv tipli tütün sortlarına düzgün normada və lazımi nisbətlərdə verilən mineral gübrələr fermer təsərrüfatlarına yüksək əlavə gəlir gətirir.

Ümumiyyətlə bütün gübrələri iki əsas qrupa: üzvi və mineral gübrələrə bölürlər. Bitkilərin yaxşı böyüyüb inkişaf etməsi üçün mineral və üzvi gübrələrin böyük əhəmiyyəti vardır. Belə ki, fosfor və kalium bir sıra fizioloji proseslərə kömək etməklə şəkərlərin toplanmasını artırır. Torpaqda fosfor və kaliumun asan mənimsənilən formaları az olduqda və təkcə azot gübrəsindən istifadə etdikdə bitki kökləri vasitəsilə aldığı azotu həll edə bilmir ki, bunun da nəticəsində şəkərlərin və zülalların biosintezi zəifləyir.

Azot bitkilərə lazım olan əsas elementlərdən biridir. O, bitki hüceyrələrinin protoplazmasının başlıca tərkib hissəsi olan bütün sadə və mürəkkəb zülalların tərkibinə daxil olur. Azot həmçinin nuklein turşularının (ribonuklein - RNT və dezoksiribonuklein turşusu - DNT) tərkibində olur. Bu turşular orqanizmdə maddələr mübadiləsində son dərəcədə mühüm rol oynayır. Azot xlorofildə, fosfatitlərdə, alkoloidlərdə və bitki hüceyrələrinin bir çox başqa üzvi maddələrində olur. Bitkilərin qidalanmasından ötrü başlıca azot mənbəyi nitrat turşusunun duzları və ammonium duzlarıdır. Bitkilər azotla kifayət qədər təchiz olunmadıqda, onların böyüməsi və inkişafı zəif gedir. Azotun təsiri ilə bitki yarpaqlarının rəngləri kəskin dəyişir. Azot ilə az təmin olunmuş yarpaqlar açıq yaşıl rəngli olurlar. Bitkinin azot qidalanmasının gücləndirilməsi üst və alt epidermis hüceyrələrinin qalınlaşmasına xüsusi təsir göstərmir. Azot gübrəsi ilə təmin edilmiş bitkinin yarpaqlarının ölçülərinin artması xüsusilə hüceyrələrin ölçülərinin deyil, onların sayının artması ilə bağlıdır.

Fosfor qidanın zəruri elementidir. Onsuz nəinki ali bitkilərin, həmçinin ibtidai orqanizmlərin də həyatı mümkün deyildir. O, həyati hadisələrdə mühüm rol oynayan bir çox maddələrin tərkibinə daxil olur. Maddələr mübadiləsinin böyük əksəriyyəti yalnız fosfat turşusunun iştirakı ilə gedir və şəkərlərin toplanmasını sürətləndirir.

Bitkilərdə fosfor mineral və üzvi maddələrdə olur. Mineral formada o ən çox bitkilərdə ortofosfat turşusunun kalsium, kalium, maqnezium duzları şəklində olur.

Bitkinin həyatında üzvi birləşmələrə daxil olan fosfor ən mühüm rol oynayır. Onların içərisində nuklein turşularını birinci yerə qoymaq lazımdır. Bu mürəkkəb, yüksək molekulyar maddə olub, həyat fəaliyyətinin ən mühüm proseslərində: zülalların sintezində, böyümə və çoxalmada, irsi xassələrin nəslə keçirilməsində iştirak edir. Fosforlu gübrələr nisbətən gec həll olunduğu üçün onu torpağa, əsasən, payız dövründə verirlər, çünki dənəvər halda olan gübrə tədricən həll olur və bitkini uzun müddət qida maddələri ilə təmin edir. Fosforlu gübrələrdən 14-18,7%-li tozşəkilli superfosfatı, 19,5-22%-li dənəvərləşdirilmiş superfosfatı, mürəkkəb gübrə şəklində olan 50 %-li ammonium fosfat, Diammosu və nitrofoskanı göstərmək olar.

Kalium heyvanlara, bitkilərə və mikroorqanizmlərə mütləq lazım olan əsas qida elementlərindən biridir. Bitkilərdə onun böyük bir hissəsi (ümumi miqdarının 4/5-dən az olmayaraq) hüceyrə şirəsində olur. Kalium azlığının xarici əlamətləri bitkilərin yarpaqlarının qonurlaşması və onlarda pas ləkələrinin əmələ gəlməsidir; bu əlamətlər bitkilərdə kaliumun normaya nisbətən 3-5 dəfə azalan zaman meydana çıxır. Kalium çatışmadıqda bitkilərin inkişafı və yetişməsi ləngiyir.

Tütün bitkisindən yüksək və keyfiyyətli məhsul alınmasında son dərəcə böyük əhəmiyyət gübrələrin üzərinə düşür. Tütün bitkisi hektardan 25-30 s/ha məhsuldarlığında torpaqdan 90-120 kq azot, 40-50 kq fosfor və 150-200 kq kalium  mənimsəyir. Bu qədər qida maddələri adətən zəngin olmayan torpaqlarda az miqdarda olur. Əsasən də azot və fosfor çatışmamazlığı daha çox müşahidə olunur. Gübrələrin verilməsi ilə çox geniş şəkildə onun məhsuldarlığına (yarpaqların sayının, ölçüsünün və sıxlığının artması hesabına) və keyfiyyətinə təsir etmək mümkündür. Düzgün normada verilmiş gübrələr təkcə tütün bitkisinin məhsuldarlığına və keyfiyyətinə müsbət təsir göstərmir, o həm də bitkinin xəstəlik və ziyanvericilərə qarşı davamlılığını da artırmış olur. Tütün bitkisi altına həm üzvi həm də mineral gübrələr verilir. Mineral gübrələrdən əsasən azot, fosfor və kalium daha böyük əhəmiyyət kəsb edir. Tütün altında mineral gübrələrin böyük əhəmiyyəti onun xammalının materiallığından asılı olub, kimyəvi tərkibində baş verən dəyişikliklər bitkinin fizioloji və morfoloji əlamətlərinə təsiri ilə sıx əlaqədardır. Az bir vaxtda tütün yarpağının morfoloji-anotomik strukturunun tərkibində gedən kimyəvi dəyişiklik, alınmış xammalın çəkim və texnoloji tərkibinin yüksək səviyyədə yaxşılaşmasına gətirib çıxarır.

Gübrələr təkcə kənd təsərrüfatı bitkilərini qida elementləri ilə zənginləşdirmir, o həm də torpağın xüsusiyyətlərini dəyişərək orada gedən proseslərin intensivliyini artırır.

Tütün bitkisinə mineral gübrələrin lazımi normada və vaxtında da verilməsi olduqca vacibdir. Tütün bitkisi istər şitil dövründə istərsə də tarlada mineral gübrələrin verilməsinə çox həssasdır. Belə ki, şitil vaxtı verilən gübrələr standart şitillərin vaxtında əmələ gəlməsinə səbəb olur və onların xəstəliklərə tutulması faizini aşağı salır. Tütün bitkisinə verilən gübrələr onun məhsuldarlığının 5-6 sen artmasına və məhsulun keyfiyyətinin yaxşılaşmasına səbəb olur. Mineral gübrələr həm də yarpaqların əmtəə keyfiyyətinin, kimyəvi tərkibinin və texnoloji göstəricilərinin yüksəlməsinə səbəb olur.

Tütünçülükdə mineral gübrələrdən istifadə əsas texnoloji amillərdən biri olaraq qalır. Azot gübrələri tütün bitkisinin inkişafına və yarpaqların böyüməsinə gətirib çıxarır ki, bu da öz növbəsində məhsul artımına səbəb olur. Fosfor və kalium gübrələri xammalın keyfiyyətinin yaxşılaşmasına səbəb olur. Lakin fosforun da normadan artıq olması yarpaqların texniki yetişkənlik fazasından əvvəl qurumasına gətirib çıxarır. Torpaqda yuyulmadıqlarına və az hərəkət etdiklərinə görə bu gübrələr şum altına verilir. Gübrə verilərkən sələf mütləq nəzərə alınmalıdır.

Torpaqşünas alimlər tərəfindən tədqiqatlarla isbat edilmişdir ki, müxtəlif torpaq tipləri bütün bitkilər üçün eyni dərəcədə yaxşı ola bilməz. Bitki orqanizmlərinin ekoloji xüsusiyyətlərinin torpaq şəraitinə (mühitin reaksiyasına, fiziki xüsusiyyətlərinə, üzvi maddələrin, qida elementlərinin miqdarına və s.) münasibəti çox fərqlidirlər. Bu tamamilə tütün bitkisinə də aiddir. Tütün bitkisinin məhsuldarlığı və keyfiyyəti hələ sahədə ikən formalaşır. Burada əsas şərt təkcə becərilmə üsulları deyil, həm də təbii şəraitin komponentləri torpaq və iqlimdir.

Torpaqda əsas qida maddələrindən azot, fosfor və kaliumun çatışmaması bitkinin torpaqüstü orqanlarının yaş və quru kütləsinə, o cümlədən bitkinin boyuna, yarpaq səthinə və sayına, çiçəkləmənin başlanmasına, toxum əmələ gəlməsinə və fazalar üzrə orqanlarda nikotinin miqdarına təsirini müəyyən etmişlər. Azot çatışmaması nəticəsində bitkinin boyu çox ləngiyir, yarpaqlar gövdəyə sıx birləşir, rəngi saralır və çiçəkləmə gec başlayır. Fosfor çatışmadıqda bitkinin boyu zəif, yarpaqları açıq-yaşıl olur və çiçəkləməsi çox ləngiyir. Kalium qıtlığında isə yarpaqların kənarlarında tutqun ləkələr əmələ gəlir, bitkidə çiçəkləmə yubanır. Bu elementlərdən hər hansı birinin çatışmamasından bitkinin bütün orqanlarında nikotinin miqdarı həddindən artıq aşağı olur, xüsusilə azot və fosfor qidalanması zəif olduqda özünü daha çox biruzə verir.

Mineral gübrələrdən azotun optimal normadan artıq verilməsi, tütün yarpağında nikotin və zülalın miqdarını artırır, sulu karbonların miqdarını isə azaldır. Bu isə keyfiyyət göstəricisi olan Şmuk ədədinin azalmasına səbəb olur. Azotun müxtəlif forma və normalarının tütün bitkisinin morfoloji əlamətlərinə, əmtəə xassələrinə, yarpaqların forma və ölçülərinə, qönçələmə müddətinə, yarpaqlarda maddələr mübadiləsinə və suyun miqdarına təsirini geniş tədqiq etmişlər. Bitkidə qönçələnmə dövrünün başlanması ilə gövdənin müvəqqəti olaraq böyüməsi yavaşıyır. Bitkidə digər xarakterik hadisələr - aminaza və interfazanın aktivliyinin və maddələr mübadiləsinin xarakterinin, quru kütlənin toplanma sürəti və s. müşahidə edilir.

Bitkiyə daxil olmuş azot, azotlu maddələrin ehtiyatı olan nikotin asparagin və eləcə də ehtiyat zülallarının əmələ gəlməsinə sərf olunur. Azot qidalanmasının yüksək səviyyəsi zamanı bitkinin böyüməsində azotun bitkinin su rejiminə müsbət təsiri böyük əhəmiyyət kəsb edir. Bu təsir hər şeydən əvvəl bitki toxumalarında suyun artması ilə müəyyən edilir. Qeyd edilir ki, quru kütlə vahidinə suyun daha yüksək miqdarı, əsasən gübrələnmiş variantda yarpaqlarda intensiv inkişaf etməsi müşahidə edilir.

Tütün bitkisi dənli taxıl bitkilərinə nisbətən torpaqdan daha çox qida maddələri apardıqlarına görə eyni sahədə bir neçə il əkildikdə həmin sahələrdə qida maddələrinin miqdarı kəskin surətdə azalır və torpağın strukturu pozulur. Ona görə də, növbəli əkində tütün bitkisi üçün ən yaxşı sələf dənli-taxıl, qarğıdalı və birillik yem bitkiləri hesab edilir. Bu cür sələflərin zərərverici və xəstəlikləri də tütün bitkisi üçün qorxulu deyil, həm də bu sələflər torpaqda çoxlu miqdarda üzvi maddələrin toplanmasına səbəb olur. Bu da tütün bitkisindən yüksək və keyfiyyətli məhsul alınmasına şərait yaradır.

B.e.f.d., dosent Günel Seyidzadə,

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu, 

Dənli, paxlalı və texniki bitkilər laboratoriyası