16 iyul 2025 14:30
188

CASCFEN ilə Manisa Jurnalistlər və Yazarlar Cəmiyyəti arasında ƏMƏKDAŞLIQ PROTOKOLU İMZALANIB

“Orta Aiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) Türk dünyasının oxşar qurumları, həmçinin təhsil müəssisələri ilə əməkdaşlığını genişləndirir. Bu baxımdan ötən həftə də zəngin olub.

“İki sahil” xəbər verir ki, “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi çərçivəsində Manisada səfərdə olan CASCFEN sədri, Əməkdar jurnalist Nadir İsmayılov bir sıra görüşlərdə də iştirak edib. Belə görüşlərdən biri də Manisa Jurnalistlər və Yazarlar Cəmiyyətində (Manisa Gazeteciler ve Yazarlar Cemiyeti) gerçəkləşib. Nadir İsmayılov ilə Cəmiyyət rəhbəri İsmail Aydın arasında keçirilən görüşdə öncədən əldə edilmiş razılaşma protokolunun son variantı müzakirə edilib.

İyulun 12-də isə iki qurum arasında Türk dünyasının ortaq mədəni dəyərlərini gündəmə daşıyacaq mühüm bir əməkdaşlıq protokolu imzalanıb.
CASCFEN-in mətbuat xidmətindən verilən məlumata görə, bu protokolla media və kommunikasiyada güclü körpülər qurulmasına dəstək istiqamətində addımların atılması hədəflənir.

İmza mərasimində çıxış edən Manisa Jurnalistlər və Yazarlar Cəmiyyətinin sədri İsmail Aydın bu əməkdaşlığın yalnız Manisa və Türkiyə ilə məhdudlaşmayacağını vurğulayaraq deyib:“Bu protokol çərçivəsində təkcə ölkəmizdə deyil, bütün Türk dünyasında yadda qalacaq tədbirləri gündəmə gətirmək üçün var gücümüzlə çalışacağıq.”

CASCFEN sədri Nadir İsmayılov öncə Manisada göstərilən qonaqpərvərliyə görə təşəkkür edib: “Manisaya gələn andan bizə xüsusi diqqət ayıran Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinə və Manisa Jurnalistlər və Yazarlar Cəmiyyətinə təşəkkür edirəm. Kuzey Kıbrısda təşkil etdiyimiz uğurlu konfransdan sonra, Manisada da həm keçirdiyimiz dəyimi masa, həm də imzaladığımız bu protokolla geniş rezonans doğuracaq bir işə imza atacağımıza inanıram”