COVID-19 virusuna yoluxub sağ qalanlarda bəzi nevroloji simptomlar alzheimerin erkən əlamətlərinə çox oxşardır: əsasən yaddaş, konsentrasiya və beyin tutqunluğu ilə bağlı problemlər yaşanır. Alimlər koronavirusun neyronlara zərər verdiyini fərz edirlər, lakin hələ də araşdırılmalı çox şey var.
Qoxu itkisi təhlükəli bir simptomdur
Alzheimer Assosiasiyasının bu il Denverdə keçirilən beynəlxalq konfransında müzakirələrin bir hissəsi COVID-19 ilə davamlı idrak pozğunluğu, o cümlədən adətən 65 yaşdan yuxarı insanlara təsir edən Alzheimer xəstəliyi arasında əlaqəyə həsr olunub. Erkən mərhələdə onları ayırmaq çətindir – hər ikisində insan sadəcə dağınıq və unutqandır. Zamanla uzunmüddətli yaddaşda pozulmalar baş verir, nitq və düşüncə pozulur.
Argentinada aparılan bir araşdırmanın müəllifləri altı ay ərzində koronavirus infeksiyasından sağalmış 60 yaşdan yuxarı 234 yaşlı insanı izləyiblər. Testlər koqnitiv səviyyəni, emosional reaktivliyi və motor koordinasiyasını ölçmək üçün istifadə edilib. Neyropsixiatriyada qəbul edilən klinik demensiya miqyasında nəticələr COVID xəstəliyi olmayan eyni yaşlı insan qrupu ilə müqayisə edildi.
Tədqiqat iştirakçılarının 60 %-dən çoxu düşünmə ilə bağlı problemlər yaşayırdı, təxminən üçdə birində isə əhəmiyyətli problemlər var idi. Demensiyanın erkən mərhələsinə xas olan simptomlar - unutqanlıq, əşyaları sıralamaqda və sözləri tapmaqda çətinlik - yüngül dərəcədə COVID-19 keçirənlər arasında daha çox müşahidə edilirdi.
Koronavirusdan sonra beyin sanki əvvəlki kimi işləmir. Alimlər koqnitiv pozğunluqların müddəti və şiddəti ilə qoxu itkisi arasında əlaqəni xüsusi qeyd ediblər. Bu, koronavirusun mərkəzi sinir sisteminə nüfuz etmək üçün qoxuya reaksiya verən beyin hüceyrələrinin yerləşdiyi iybilmə köklərini istifadə etməsi ilə izah edilir. Virus bu hüceyrələri zədələməklə beyin mərkəzlərinə gedən sinir dövrələrini sıradan çıxarır. Buna görə də, tədqiqat müəllifləri xəbərdarlıq edirlər ki, uzun müddət qoxu itkisi kimi bir postkovid simptomuna qarşı qeyri-ciddi yanaşmaq olmaz.
Britaniyada genişmiqyaslı test
Bu günə qədər intellektlə bağlı aparılmış ən geniş tədqiqat Londonun İmper kollecinin alimləri tərəfindən 2020-ci ilin yanvar ayından dekabr ayınadək aparıldı. Testlər vasitəsilə 81337 insan üzərində planlama, diqqət, konsentrasiya, düşünmə sürəti, yaddaş qiymətləndirilib. Bir neçə ay sonra onlar içərisində COVID 19-a yoluxanlar seçilərək yenidən testlərdən keçirilib.
Nəticələr birmənalı olaraq, COVID-19-un mənfi təsirini göstərib və xəstəlik zamanı xəstənin saturasiyası nə qədər aşağı düşübsə, onun koqnitiv funksiyalarının bir o qədər ciddi şəkildə təsirləndiyi ortaya çıxıb.
Bu tədqiqatın tam dəqiq nəticələrini elan etmək üçün hələ növbəti üç-beş il ərzində də davam etdirilməsi nəzərdə tutulub.
Nubar Süleymanova, “İki sahil”