“İndependent” jurnalının yaydığı məlumata görə, müxtəlif ölkələrdə aparılmış 200-dən artıq elmi araşdırma göstərib ki, barmaqların uzunluğu ilə bəzi xasiyyət və sağlamlıq göstəriciləri arasında əlaqə var.
Məsələn, adsız barmaq şəhadət barmağından uzun olan insanlar daha aqressiv olur, əksər hallarda öz məqsədlərinə çatır, daha çox pul qazanırlar. Uşaq vaxtı belə insanlar hiperaktiv olur və bu səbəbdən məktəbdə problemlərlə üzləşirlər. Lakin dəqiq elmlərdə (riyaziyyat, fizika və s.) onlar çox yaxşı nəticələr əldə edir. Bu qrup insanlar stresə daha dözümlü olur, stress vəziyyətlərindən daha tez çıxır.
Adsız barmağı şəhadət barmağından qısa olan insanlar isə daha sülhsevər və sakit olur, konfliktlərdən qaçır, daha az pul qazanırlar. Bu insanlarda 1-ci qrup insanlarla müqayisədə ürək-damar sistemi xəstəliklərinə, depressiyalara daha tez-tez təsadüf edilir. Bu insanlar humanitar fənlərə (dillər, tarix və s.) daha çox meyilli olurlar.
Bunu da qeyd edək ki, bu yaxınlarda məşhur türkiyəli cərrah Ömər Aydın insan barmaqları ilə bağlı maraqlı bir açıqlama verib. Qan-damar cərrahı bildirib ki, sol əlin adsız barmağı həqiqətən də xüsusi bir damarla ürəyə bağlanır.
Maraqlıdır ki, qədim hind-çin təbii təbabətinin mənbəyi olan Tibet elmi "Ayurvedalar"da bu məqam geniş izah olunur.
Samirə Tağıyeva, “İki sahil”