Təbii ki, heç kim timsah və ya köpək balığının dişləməsini istəməz. Bəs kiçik heyvanlar haqqında nə demək olar? Bir çox canlının potensial olaraq təhlükəli olduğunu düşünmürük, amma bəzi dişləmələr digərlərindən daha pisdir.
Ev pişikləri
Bir it insanı şikəst edə bilər, buna görə də əksər insanlar aqressiv itlə qarşılaşanda ehtiyatlı olurlar. Pişiklər isə adətən təhlükəsiz sayılırlar. Lakin ev pişikləri də əslində təhlükəlidir, dişləri ilə yanaşı,pəncələri ilə problem yaradırlar.
Ev pişiyi insanı dişləyərsə, bir şey olmaz, çox vaxt yaraları da tez sağalır, ancaq əsas məsələ pişiklərin ağzında olan bakteriyalardır.
Bütün heyvanların tüpürcəklərində bakteriya var və pişiklər də istisna deyil. Onların dişləmələri demək olar ki, həmişə insanlarda infeksiyaya səbəb olur. Bu xəstəliklərdən biri “Bartonellahensealae” protobakteriyası tərəfindən törədilir. Qana daxil olarsa, çox böyük fəsadlar verə bilər.
ABŞ-da hər il orta hesabla təxminən 22000 insanda pişiklərdən keçmə xəstəliklər əmələ gəlir. Müalicə edilmədikdə çox təhlükəli ola bilər.
Braziliyada səyahətçi hörümçəklər
Əksər insanlar hörümçəklərdən qorxurlar və qaçırlar, çünki araxnofobiya olduqca yayqındır. Buna baxmayaraq, zaman-zaman insanlar onlarla qarşılaşmalı olurlar.
Əksər hallarda bu böcəklərdə insanlardan qaçmağa üstünlük verirlər, lakin təhlükə hiss etsələr sizi dişləyəcəklər. Hörümçək dişləmələrinin əksəriyyəti digər həşərat dişləmələri kimi sadəcə ağrılıdır, lakin hamısı yox.
Dünyada ən təhlükəli hörümçək braziliyalı səyahətçi hörümçəklərdir. Onlar Braziliyada, Mərkəzi və Cənubi Amerikanın digər hissələrində rast gəlinən aqressiv və yüksək zəhərli həşəratlardır. Əgər təhlükə hiss etsələr, mütləq dişləyirlər. Bununla belə, onlar vurulan zəhərin miqdarını dəyişə bilər.
Zəhərlənmə dərəcəsindən asılı olmayaraq, braziliyalı səyahətçi hörümçək dişləməsi çox ağrılıdır. Onun dişləri ətinizə dərindən girərək, bu sahədə şiddətli yanma ağrılarına səbəb olur. Sonra tərləmə baş verir. 30 dəqiqədən sonra qan təzyiqində dəyişikliklər, ürəkbulanma, qarında sancılar, hipotermiya, bulanıq görmə və şoka bənzəyən simptomlar ola bilər.
Bəzi hallarda bu hörümçəyin dişləməsi kişilərdə uzunmüddətli ağrılı ereksiyalara səbəb olur. Ən şiddətli dişləmələr müalicə edilmədikdə ölümcül ola bilər, lakin hörümçəklər nadir hallarda bunun üçün kifayət qədər zəhər yeridirlər.
Güllə Qarışqa
Mərkəzi və Cənubi Amerikanın tropik meşələrində güllə qarışqası kimi tanınan qarışqa növü var. Onlar böyük qarışqalardır, uzunluğu 30 mm-ə qədər olur.
Güllə qarışqaları vaxtaşırı insanlarla təmasda olur və bu baş verdikdə dişləmə ehtimalı var. Onların dişləməsi zamanı yaranan ağrı “Schmidt” şkalasında ən yüksək ağrı indeksi sayılır, hətta bir güllə vuruşu ilə müqayisə edildiyinə görə bu qarışqalar güllə qarışqa adlanır.
Bu qarışqanın dişləməsindən insan ölmür, ancaq ağrısı çox pis olur.
Meymun dişləməsi
Qərbdə meymun dişləməsi barədə insanlar narahat olmasalar da, bu heyvanın çox yayıldığı Cənubi Amerika və Asiyada belə hallara tez-tez rast gəlinir.
Meymunun dişləməsi dəri toxumasına zərər verir, lakin ən ciddi təhlükə ağzında yerləşmiş bakteriya və virus patogenləridir.
Əksər məməlilər kimi, meymunlar da quduzluğu daşıya və ötürə bilər ki, bu da müalicə edilmədikdə 100% ölümlə nəticələnir. Simptomlara halusinasiyalar və qismən iflic daxildir, ancaq çox hallarda müalicə edilə bilir.
Meymunlar dişləmə yolu ilə meymun herpesinə yoluxdura bilər. Bu, beynin iltihabına səbəb olan ensefalomiyelitə səbəb olur. İflic, görmə itkisi və qusma ilə müşayiət olunur.
Gənə
Gənələr də geniş yayılmış “əsəbi” parazitlər sırasına daxildir. Maraqlıdır ki, bu siyahıdakı digər heyvanlardan fərqli olaraq, gənə insanı dişlədikdə, onu hiss etmək belə mümkün deyil. Böcəklər aşkarlanmamaq üçün dərini deşən kimi ona anestezik maddə ötürürlər.
Dərini deşdikdən sonra gənə başını mümkün qədər dərinə salır, ayaqlarının bir hissəsini və bədənin çox hissəsini çöldə qoyur. Sonra qanınızla qidalanmağa başlayır. Gənənin başı içəridə olarkən, qanı sorarkən, öz mayelərinin bir hissəsini sizə ötürür və əsl problem budur.
Gənələr bədənin hansı hissəsində olmasından asılı olaraq bir çox xəstəliyə səbəb ola bilər. Onlar insanda əsasən qızdırma, gənə səpgiləri, anaplazmoz, babezioz və Borreliaburgdoferi bakteriyası tərəfindən ötürülən Laym xəstəliyini yoluxdurur.
Laym qorxulu bir xəstəlikdir.Üz sinirlərinin məhvinə, artritə, əzələlərdə ağrılara, baş gicəllənməsinə, sinir ağrılarına səbəb olur.
Çeçe milçəyi
Çeçe milçəkləri dişləyir və qanla qidalanır. Afrikada çox olan bu milçək növü yuxu xəstəliyi olaraq bilinən Afrika tripanosomiazına səbəb olan paraziti orqanizmə daşıyır.
Afrika yuxu xəstəliyi nevroloji problemlərə, meningoensefalitik (meningit və ensefalit), davranış dəyişikliklərinə, koordinasiyanın itirilməsinə və yuxu dövrlərinin pozulmasına səbəb olur.
Ağcaqanad
Ağcaqanad altı hissəli ağzı ilə dişləyir. Düşünə bilərsiniz ki, onlar sadəcə burunlarını dəriyə yapışdırıb qan sorurlar, lakin onlar bunu yalnız alt və üst çənələri dərini deşdikdən sonra edirlər.
Ağcaqanad dişləmələri proses zamanı qurban tərəfindən tez fərq edilmir, buna görə də onu görəndə dayandırmaq adətən çox gec olur. Ağrını gizlətmək qabiliyyətinə baxmayaraq, dişləmənin özü bu kiçik “qaniçənlərin” yaratdığı ən böyük təhlükə deyil.
Ağcaqanadı tez-tez dünyanın ən təhlükəli həşəratı adlandırırlar. Bir çox ölkələrdə ağcaqanadlar daimi və ölümcül təhlükə mənbəyidir. Onlar dang, çikungunya, sarı qızdırma, Zika virusu, Qərbi Nil virusu, yapon ensefaliti və malyariya da daxil olmaqla bir çox xəstəlikləri ötürə bilirlər.
Malyariya insanlıq üçün ən qorxulu xəstliklərdən biri sayılır. Hər il təxminən 400 min nəfər bu xəstəlikdən dünyasını dəyişir.
Nubar Süleymanova, “İki sahil”