Bu içki 1886-cı ildə ABŞ-ın Corciya ştatının Kolumbus şəhərinin sakini farmaseft Con Stis Pemberton tərəfindən ixtira edilmişdir. Əslində, o, bu içkini dərman vasitəsi kimi yaratmışdı. İş burasındadır ki, ABŞ-da XIX əsrdə bir çoxları morfiyə aludə olmuşdular və “Cola”nın köməyi ilə bu asılılıqla mübarizə aparırdılar. İlk “Cola” nın tərkibində alkoqol var idi. Əslində bu, koka yarpaqları ilə şərabın qarışığı əsasında hazırlanan içki idi. Lakin sonra bir neçə müddətdən içkinin resepti dəyişdirilir və koka yarpaqlarına yandırılmış şəkərdən şərbət əlavə edirlər.
“Cola”nın qazlaşdırılması isə maraqlı hadisə ilə bağlıdır. Bir səhv nəticəsində Pembertonun köməkçisi preparatı qazlı su ilə qarışdırır və dünyada ilk "Coca-cola" içkisi yaranır. Bir neçə müddətdən sonra Pemberton içkinin istehsal hüququnu "The Coca-Cola Company" şirkətinə satır. Yeni bir dad alıcıların xoşuna gəlir. Şirkət uzun illər bu sirli reseptlə milyonlar qazanır.
Mühasib Frank M. Robinson Pemberton ilə işləyirdi. “Coca-Cola” adının və loqosunun müəllifi məhz odur. Qeyd edək ki, bu gün də istifadə olunan Spencer şrifti ilə yazılmış “Coca-Cola” loqosu dünyada ən çox tanınanlardan biridir.
İçkinin ilk reklam sloqanı “Nəfis və Sərinləşdirici” oldu və 1888-ci ildə 3 versiyası satışa çıxdı. “Coca-Cola Company” şirkəti isə 1892-ci ildə 100 min dollarlıq sərmayə ilə quruldu.
1985-ci ilin aprelində şirkət orijinal reseptini dəyişmək istədiyini elan edərək, içkiyə "New Coke" adını qoydu. Deyilənlərə görə, yeni formula sodanı daha şirin edəcək. “New Coke” buraxıldıqdan sonra yeni formul ilə hazırlanan içki tənqidçilərin qınaq obyektinə çevrildi. Onların iddialarına görə, şirkət yeni yaradılan içkini su ilə qarışdıraraq insanları beləliklə, aldatmış olurlar. Həmçinin, ictimaiyyətin etirazı ilə üzləşən şirkət cəmi 3 aydan sonra köhnə formuluna qayıtdı.
Pemberton istehsal etdiyi içkinin formulunu hər zaman gizli saxlamış, daha sonra Candler 1887- ci ildə formulu alaraq gizli tutmuşdur. Candler öldükdən sonra formul oğlu tərəfindən saxlanmışdı. 1919- cu ildə formul Atlantadan Nyu-Yorka aparılmış və bank krediti qarşılığında banka təslim edilmişdi. Formul borc ödənənə qədər 1925-ci ildədək orada saxlanılıb və sonra yenidən Atlantadakı” SunTrust” bankına aparılıb. Sirrin gizli saxlaması üçün banka hər il 48.3 milyon dollar ödənildiyi də deyilir. Formul 2011-ci ildə “Coca-Cola Dünyası” muzeyinə gətirilib.
Əvvəllər bu soda avtomatlar sayəsində yalnız şüşələrdə satılırdı. Lakin insanlar tərəfindən artan tələbatı nəzərə alaraq şirkət öz məhsullarını ictimaiyyət arasında yaymaq məqsədilə daha əlverişli yolların axtarışına başladı. Ölümündən öncə 1888-ci ildə Con Pemberton şirkətinin bir hissəsini Asa Grigs Kandlerə satdı. İş adamı şirkətin fəaliyyətini genişləndirdi və 1899-ci ildə üç sahibkar ilə birləşərək genişmiqyaslı qablaşdırma sistemini yaradaraq “Coca-Cola”nı ictimaiyyətə təqdim etməyə başladı.
1903-cü ilədək hər “Coca-Cola” içkisinin tərkibində 9 mq kokain mövcud idi. Buna görə bəzi ölkələrdə içkinin satışı qadağan idi. Bunlara misal olaraq Şimali Koreya və Kubanı misal göstərmək olar.
“Coca-Cola” şirkəti istehsal etdiyi müxtəlif içkilərdən təqribən 1 milyard dollar gəlir götürməkdədir. “Coca-Cola” markası isə şirkətə ildə 83.8 milyard dollar gəlir gətirir. Bu da öz növbəsində Subway, “Pepsi” və “KFC" kimi markaların bütün gəlirlərinin toplam ortalamasına uyğun gəlir.
Bir çox insanlar bu sodanın ən böyük istehlakçısının ABŞ olduğunu düşünə bilər. Lakin bu, belə deyil. Statistikaya görə, hər bir meksikalı amerikalıdan iki dəfə daha çox “Coca-Cola” istehlak edir.
“Fanta” içkisini necə bəyənirsiniz? “Fanta”nın “Coca-Cola” istehsal edən eyni şirkət tərəfindən icad edildiyini bilirdinizmi? Sən demə, ABŞ nasist Almaniyası ilə müharibəyə girəndə şirkətin Üçüncü Reyxdə yerləşən filialı iflas ərəfəsində idi. “Coca-Cola”nın Almaniyadakı filialının rəhbəri Maks Keyt nasistlərin şirkəti müflis edəcəklərindən qorxurdu və buna görə də sırf Almaniya bazarı üçün yeni, alternativ içki yaratmağa qərar verdi.
Samirə Tağıyeva, “İki sahil”