16 noyabr 2021 16:54
2165

Sən demə güzgülərin də sehrli dünyası var imiş…

Güzgü müasir insanın vacib atributudur. Hər evdə ən azı bir güzgü var. Qədim zamanlarda güzgülər başqa dünyalara açılan portallarla və "şeytanın gözləri" ilə müqayisə edilirdi. Məsələn,  keltlər güzgülərin köməyi ilə hətta taleyinizi dəyişdirə biləcəyinə inanırdılar. Tarixə nəzər yetirsək, güzgülərlə bağlı dəhşətli hadisələrə rast gələrik. Bəziləri sübut olunub, bəzilər isə hələ də dillərdə qorxulu nağıl kimi dolaşır.  Hələ 16-cı əsrdə yaşamış kimyagər Paracelsus öz inanılmaz təcrübəsini güzgülərin köməyi ilə həyata keçirirdi. Onun apardığı bu tədqiqatların nəticəsində aynanın insana  olan energetik təsiri faktı təsdiqlənib. Onun fikrincə, güzgü təkcə insan və əşyanı əks etdirmir, həm də onların enerjisini udur. Daha sonra isə udduğu bu enerjini başqasına ötürür. Ona görə də tarixdə “lənətlənmiş güzgülər” haqqında bir çox rəvayətlər gəzir.Güzgülərlə bağlı topladığımız maraqlı məlumatları təqdim edirik.

Güzgülərin yaranması ilə bağlı...

Güzgülərin tarixi çox qədimlərə gedib çıxır. İlk güzgüləri hələ qədim Şumerlərdə, Hindistanda və Misirdə düzəldiblər. Əvvəllər güzgünü bürüncdən və gümüşdən düzəldirdilər. İlk şüşə güzgülər isə XII əsrdə Murano adasında yaşayan Venesiya ustaları tərəfindən düzəldilib.
İlk güzgülərin düzəlməsi sirrini venesiyalılar düz 200 il gizli saxlayıblar. Həmin vaxtlar güzgünün düzəldilməsi də çox baha başa gəlirdi.

Güzgüyə gecə baxmaq olmaz

Güzgü ilə düzgün rəftarın ən birinci qaydası  gecə qaranlıq düşəndə güzgüyə baxılmamasıdır. Səbəb isə belə izah olunur: gecə güzgüylə o biri dünya arasında özünəməxsus əlaqə yaranır. Əgər insan gecə güzgüyə baxmış olsa, güzgüdəki ruhlar onun enerjisi ilə qidalanacaqlar. Xüsusilə də gecə saat 00:00-03:00 arası daha çox təhlükəlidir. Bu saatlar ərzində şeytanın özünü güzgüdə görmək olar. Məhz buna görə bu vaxtlar xalq arasında "şeytan saatı" adlanır.

Güzgünüzü heç kimə verməyin

Güzgü səthi insanın enerjisini saxlamağa qadirdir. Güzgünüzü kiməsə verirsinizsə, o zaman onunla birlikdə gücünüzü, uğurlarınızı və firavanlığınızı verə bilərsiniz.

Güzgünün qabağında yemək yemək məsləhət deyil

El arasında deyirlər ki,  güzgünün qabağında yemək yeyən insan, öz xoşbəxtliyini və ya yaddaşını yemiş olur.Qədim inanclara görə, güzgünün qabağında  yemək yesəniz sizin gözəlliyiniz və sağlamlığınız o biri dünyaya keçə bilər. Çox maraqlıdır ki,  hətta alimlər də bununla  razıdırlar. Onlar iddia edirlər ki,  güzgünün qabağında yemək yemək, televizorun qabağında yemək yeməklə eyni ölçülür. Belə ki, güzgünün qarşısında insan nədənsə çox yeyir , bu da öz növbəsində həzm prosesini çətinləşdirir.

Sən demə güzgüyə tez-tez baxmaq olmaz

Güzgüyə ancaq lazım olandan olana və ancaq yaxşı əhval-ruhiyyə ilə baxmaq lazımdır. Ən yaxşısı budur ki, siz güzgüyə harasa gedəndə və ya hansısa yaxşı görüşdən qayıdanda baxasınız. Harasa gedəndə güzgüyə baxırsınızsa, mütləq öz əksinizə gülümsəyin. Bu, gün boyu uğurun sizinlə olması üçün əla vasitədir.

Güzgünü hədiyyə etmək olarmı?

Qədim zamanlardan bəri güzgünün köməyi ilə kiməsə zərər vermək mümkün idi. O,zamanlar  bir çox cadugərlər hədiyyə verəcək güzgüləri mənfi enerji ilə yükləyib öz qurbanlarına təqdim edirdilər. Ona görə də, belə bir hədiyyəni insanlar ehtiyatla alırdılar. Daha sonra ümumiyyətlə, belə bir hədiyyəni qəbul etməkdən imtina olundu. Əgər sizə güzgü hədiyyə ediblərsə və siz heç cürə belə hədiyyədən imtina edə bilmədinizsə, onda onun neqativini təmizləməyin bir neçə yolu var. Məsələn,   güzgünü duzlu su ilə yuyub sonra yaxşıca silmək lazımdır. Hədiyyə olunmuş aynanı qutuya qoyub üzərinə duz səpməkdə olar. Duz bütün mənfi enerjini özünə götürəcək. Güzgünü duzda 3 gün saxlamaq lazımdır. Sonra güzgünü yuyub, duzu atmaq lazımdır.

Evinizdə olan bütün güzgülər tez-tez silinməlidir

Evinizdə olan bütün güzgülər təmiz olmalıdırlar. Onları tez-tez ləkələrdən və tozdan təmizləmək lazımdır. Xüsusilə də evə pis adam girib çıxıbsa gərək güzgü təmizlənsin. Qədim inanclara görə,əgər belə bir insan güzgünüzə baxıb ürəyində sizə  pislik arzulasa bu həyata keçər. Ona görə də pis insanların evinizə gəlməsindən əvvəl və getdikdən sonra güzgüləri nəm əski ilə silin.

Sınmış güzgü bədbəxtlik gətirir mi?

Elə bir mövhumat da var ki, sınmış güzgü insana bədbəxtlik gətirir. Ancaq bəzi hallarda bu, bir insanın və ya ailəsinin həyatında baş verə biləcək qaçılmaz pis hadisələr barədə xəbərdarlıq da ola bilər.  Sınmış güzgünü tez evdən çıxarmaq lazımdır, hətta  güzgü qırıqlarına baxmaq belə məsləhətli deyil.

Güzgünü yataq otağına qoymaq olmaz

 Əgər yataq otağınızda güzgü varsa, onun üzərini örtmək lazımdır. Xüsusilə də yatağın qarşısında yerləşirsə.

 Deyilənlərə görə,  güzgü olan otaqda yatdıqda gecə yuxunuzda kabuslar görmək ehtimalı çoxalır. Həmçinin  yataq otağına güzgü qoymaq tövsiyə edilmir, çünki yuxuda olan insan mənfi dünyanın varlıqlarına qarşı tamamilə müdafiəsiz olur.

Xəstə olarkən güzgəyə baxmaq məsləhət deyil

Xəstə olanda çalışın güzgüyə az baxın. Çünki  neqativ enerji digər ailə üzvlərinizə də keçə bilər.

Güzgünün ölçüsü və onun durduğu yer çox önəmlidir

Çalışın evin girişindəki güzgü böyük olsun və ailə üzvlərinizi başdan ayağa əks etdirsin.Adətən insanı tam əks etdirməyən güzgülər yaxşı olmurlar. Güzgünü asmaq üçün ən yaxşı yer  – üzbəüz olan divardır. Çöl qapısından çox müxtəlif xasiyyətdə və energetikada insanlar girir-çıxır. Güzgü isə evə girən hər insanın energetikasının hamısını özünə toplayır. Sonrası hansı energetikanı toplayıbsa, onu da ev əhlinə paylamağa başlayır. Məhz buna görə güzgünü qapının qarşısından asmaq məsləhət deyil.

Samirə Tağıyeva, “İki sahil”