18 noyabr 2021 17:42
1158

A vitamini koronavirus xəstələrinin iybilmə hissini bərpa edəcəkmi?

İngiltərə alimləri COVID-19-a yoluxma zamanı iybilmə hissinin itməsini və ya dəyişməsini A vitaminli burun damcıları ilə müalicə etməyin mümkün olub-olmadığını araşdırırlar.

"East Anglia" Universitetinin araşdırması 12 həftə davam edəcək. Daha əvvəl Almaniyada baş tutmuş eksperimentin nəticələri bu məsələdə A vitamininin faydalarını üzə çıxarıb.

Müalicə iştirakçıların bir qisminə tətbiq ediləcək, onlardan lax yumurta  iyləmək xahiş olunacaq.

Beyin testləri vasitəsilə vitaminin zədələnmiş hissiyyat bölgələrini və ya "qoxu sinirlərini" yaxşılaşdırıb-yaxşılaşdırmadığı öyrəniləcək.

Adətən iybilmənin zədələnməsinə qrip virusu və digərləri də səbəb ola bilir,  lakin bu hissin itməsi və ya iybilmə qabiliyyətinin azalması COVID-19-un əsas əlamətlərindən biridir.

Koronavirusa yoluxanların çoxunda iybilmə bir həftə ərzində təbii şəkildə bərpa olunsa da, bəzilərində davam edir.

"East Anglia" Universitetinin "Norwich" Tibb Məktəbinin professoru Karl Philpott eksperimentlə bağlı bunları söyləyib: "A vitaminli burun damcıları vasitəsilə xəstələrin beyinlərindəki zədəli qoxu yollarının böyüklüyündə və fəaliyyətində hər hansı artım olub-olmadığını öyrənmək istəyirik. Qoxu sinirləri ilə beyin arasında əlaqənin yarandığı sahənin ölçüsündəki dəyişikliyi analiz edəcəyik. Bundan başqa, beyində iybilmə ilə əlaqəli bölgələrin fəaliyyətinə də baxacağıq".

Samirə Tağıyeva, “İki sahil”