"UK Biobank" Biotibbi Məlumatlar və Araşdırmalar Mərkəzinin mütəxəssisləri 88 000 nəfərin həyat tərzini analiz edərək bu nəticəyə gəliblər ki, orqanizmin bioloji saatına uyğun vaxtda yatmaq infarkt və insult riskini azaldır. Dəqiqliyi desək, İngiltərə alimlərinin araşdırmalarına görə, məhz 22:00-23:00 aralığında yatmaq ürək-damar sisteminin sağlamlığı üçün faydalıdır.
Bədənin sutkalıq bioloji ritminə uyğun davranmaq sağlamlıq üçün çox vacibdir. Bu, qan təzyiqinə də müsbət təsir edir.
Tədqiqat zamanı könüllülərin yuxu və oyanma saatları haqqında məlumatlar toplanıb. Həftənin bütün günlərini əhatə edə edən bu proses altı il davam edib.
Bu müddət ərzində iştirakçıların ürək-damar sisteminin vəziyyəti qeydə alınıb.
Aparılan tədqiqatın nəticələri Avropa Kardiologiya Cəmiyyətinin akademik nəşri "European Heart Journal"ında dərc olunub. Bu məqalənin müəllifi isə Exeter Universitetinin eksperti David Plansdır.
Araşdırma zamanı cəmi 3 min nəfərdə ürək-damar xəstəlikləri aşkar edilib. Çox maraqlıdır ki, bu şəxslərin əksəriyyəti yuxu üçün ideal sayılan saat 22:00-23:00 aralığından ya əvvəl, ya da sonra yatanlar olub.
Alimlər, həmçinin vurğulayıblar ki, tez və ya gec yatmaq bədən saatına ürəyi zəiflədəcək qədər mənfi təsir edir. Ən təhlükəli isə gecə yarısından sonra yatmaqdır.
Ürək-damar xəstəlikləri ilə məşğul olan "British Heart Foundation" xeyriyyə təşkilatının əməkdaşı, kardioloq-tibb bacısı Regina Giblin araşdırmanın nəticələri haqqında bunları deyib: "Bu hərtərəfli araşdırma göstərir ki, saat 22-23 aralığında yatmaq ürəyinin sağlamlığını qorumaq üçün yaxşı vaxtıdır. Lakin yuxunun zamanı və müddəti ilə bağlı daha geniş araşdırmalara ehtiyac var".
Düzgün yuxu rejiminin təkcə ürək-damar sisteminə yox, bütün orqanizmə faydasını qeyd edən Giblin yetkin yaşlı insanların hər gün 7-9 saat yatmalı olduğunu xatırladıb.
Ürəyin sağlamlığı üçün yuxunun yeganə amil olmadığını əlavə edən Giblin qan təzyiqi, xolesterin və çəki göstəricilərini nəzarətdə saxlamağın, idmanla məşğul olmağın, spirtli içkiləri və duzu azaltmağın, balanslı qidalanmanın da əhəmiyyətini vurğulayıb.
Samirə Tağıyeva, “İki sahil”