Pizza
Pizza sözü latın sözü olan “pinsere”dən götürülüb, mənası isə “əzmək” və “üyütmək” deməkdir. Qədim zamanlarda pizza sadəcə Mozarella pendiri və pomidordan ibarət olmuş, İtaliyada kasıb əhalinin sevimli yeməyi kimi tanınır. Arpa və arpa suyu ilə əldə etdikləri xəmiri bu 2 məhsul ilə dadlandıran kasıb İtaliya əhalisinin süfrəsində demək olar ki, hər gün rastlaşmaq mümkünmüş. Pizzanın bütün dünya tərəfindən tanınması isə 1889-cu ildə Kraliça Marqaritanın Mozarella pendiri, pomidor və reyhan ilə bəzədilərək hazırlanmış pizzanın dadına baxması ilə bağlıdır. Bu tarixdən sonra pizza yoxsul insanların süfrəsindən çıxaraq saray mətbəxinə daxil olmuş, zənginlər tərəfindən də sevilərək yeyilməyə başlanmışdır. Pizzanı çox bəyənən Kraliça Marqarita hətta onu hazırlayan aşpaza xüsusi təşəkkür məktubu da yazmışdır.
Hal-hazırda sözügedən məktub “Pizzeria Brandi” adı ilə tanınan məşhur restoranın şüşəsinə vurularaq sərgilənməkdədir.
Suşi
Suşi yapon mətbəxinə aid ən tanınmış yeməklərdən biridir. Bu yeməyin məşhurluğu İtalyan pizzasının məşhurluğu ilə müqayisə oluna bilər. Son zamanlar bir çox fərqli ölkələrdə də bu yeməyə maraq artıb. Çox maraqlıdır ki, Yaponiya mətbəxinə aid olan suşilər, əslində Bizim eramızdan əvvəl 4-cü əsrdə Cənubi Asiya ölkələrində yaranmışdır. Lakin o zamanlar suşi indi hazırlanan suşilərdən bir qədər fərqli idi. Heç bilirdinizmi ki, əvvəllər suşilər soyuducu əvəzləyicisi sayılırdı? Qədim zamanlarda, təbii ki, yeməkləri uzun müddət saxlamaq asan deyildi. İnsanlar təsadüfən düyü və balığın birləşməsində onların xarabolma prosesinin,dəqiq desək, fermentasiyasının gecikdiyini və daha uzun müddət ərzində təzə qala bildiyini kəşf etmişdilər. Qeyd edək ki, ən birinci suşilər Çində yaranmış və “Nare-zushi” adlanırdı. 1900-cu ildə yaponiyalı aşpaz Yohei bu məşhur yeməyin təqdim edilmə formasından fərqli olaraq, müasir üslubda süfrəyə verilən suşini yaratmışdır.
Dondurma
Dondurmanın ilk dəfə Şərqdə yarandığı ehtimal olunur. Tanınmış səyahətçi Marko Polonun dondurmadan o qədər xoşu gəlir ki, o, dondurmanın reseptini özü ilə İtaliyaya aparır. Oradan da dondurma Fransaya ayaq açır və kübar adamların yemək rasionunda özünə yer tutur. Onlar dondurmanın reseptini sadə insanlardan gizləyir, geniş yayılmasını istəmirdilər. Amma bir müddətdən sonra sirlər açılır. Dondurmanın resepti Amerikaya qədər gedib çıxır.
İlk dondurma zavodu 1851-ci ildə ABŞ-nın Baltimor şəhərində fəaliyyətə başlayıb. Dondurma qaymaq, süd, süd məmulatları qarışığından hazırlanır. Ona hərdən yumurta da qatılır. Dadlı olması üçün vanil, şokolad, fındıq və başqa dadlı meyvələr əlavə edirlər.
Hot-doq
Hot doqu tam cəsarətlə Amerika mətbəxinin klassikası adlandırmaq olar.
Bu yemək 1860-cı ildən başlayaraq, demək olar ki, ABŞ-ın simvoluna çevrilmişdir. Belə ki, həmin ildən alman immiqrantları bu yeməyi özləri ilə ABŞ-a gətirmişlər və elə həmin ildən də Hot doq ABŞ-nın yerli əhalisi tərəfindən çox bəyənilmişdi. Sonralar yəni 1893-cü ildə Çikaqoda keçirilən Beynəlxalq Sərginin iştirakçılarının hər birinə həmin yeməkdən verilmişdir. Bu yemək sərgidə iştirak edənlər tərəfindən kifayət qədər bəyənilmişdir.
1900-cü ildə Almaniyadan ABŞ-a gəlmiş qəssab Çarlz Feltman burada Hot doqun kütləvi istehsalına başlamışdır. 1957-ci ildən ABŞ-nın Ticarət Palatası tərəfindən Hot doq günü rəsmiləşdirilmiş, bundan 37 il sonra isə “Hot doq və sosislər” Milli Şurası yaradılmışdır.
Plov
Bu yemək dünyanın ən qədim yeməklərindən biri hesab olunur. Plovun yaranma tarixçəsini Makedoniyalı İsgəndərlə bağlayırlar. Əslində isə bu yeməyin tarixi Makedoniyalı İsgəndərin dövründən də çox-çox əvvəllərə gedib çıxır. Plov sözünə X əsr yazılarında rast gəlmək mümkündür. Çox maraqlıdır ki, plovun ilk resepti hələ X əsrdə Fars alimi Əli İbn Sina tərəfindən icad edilib. Məşhur həkim Əli İbn Sina bir çox xəstəliklərin müalicəsində xəstələrə ən azı həftədə bir dəfə “palov oş” (yəni plovdan) yeməyindən yeməyi məsləhət görürdü. Əli İbn Sinaya görə, “palov oş” yeməyi itirilmiş enerjinin bərpasında xəstələr üçün çox əhəmiyyətlidir.
Plov yeməyi, təxminən XV əsrdən indiyədək Şərqdə süfrələrin şahı adını daşıyır. Bu yemək ən qiymətli yeməklər sırasında olub. Şərq xalqları plovu toylarda, böyük bayramlarda, ən əziz qonaqlar gələndə süfrəyə qoyurlar. Dünya əhalisinin yarısından çoxu üçün düyü əsas qida məhsulu hesab olunur. Düyünün vətəni Asiyadır. Plov Orta Asiya xalqlarının milli yeməyi hesab olunur. Bu yeməyin tarixi bir neçə min illər əvvələ – Hindistana, Çinə də gedib çıxır. Orta Asiyada 2,5 min il bundan əvvəl düyüdən istifadə olunmuşdur.
Hal-hazırda dünyada bu yeməyin bir çox çeşidləri var.Bəzi xalqlar onu ət ilə,bəziləri püstə ilə, digərləri isə qurudulmuş meyvələrlə bişirirlər.
Dəyişilməz olaraq plovun əsas tərkib hissəsi düyüdən ibarətdir.Lakin Şərqi Avropanın bəzi ölkələrində düyünün əvəzinə buğda və bulqurdan istifadə edirlər.
Kartof fri
Fri kartofunun əfsanəvi dadı təxminən 20 inqrediyentin qarışığı nəticəsində əldə olunur. Onlardan ən əsası, təbii ki, kartofdur, lakin yağ, müxtəlif əlavələr, dad və qoxu gücləndiriciləri də var. Əslində kartof frinin maraqlı yaranma tarixçəsi var. 1680-ci ildə Belçikada Meuse çayının donduğu zaman baş verib. O, zaman balıqları tuta bilməyən yerli əhali,aclıq təhlükəsi ilə üzləşdikləri zaman maraqlı çıxış yolu tapırlar. Onlar kartofu xırda balıqların formasında, yəni zolaq-zolaq doğrayaraq qızartmağa başladılar. Hələ o zamanlardan bəri bu yemək Belçikada ən sevimli yeməklərdən biri kimi tanınmaqdadır. Hal-hazırda bütün dünyada tanınan kartof fri ketçup və yaxud mayonezlə yeyilir.
Çizkeyk
Çizkeyk (cheesecake) ingilis dilindən tərcümədə “pendir tortu” deməkdir. Harada və necə yaranması haqqında mülahizələr müxtəlifdir. Çizkeykə ən qədim istinad Qədim Yunan və Roma mənbələrinə gedib çıxır. Deyilənlərə görə, Olimpiya oyunlarında qalib gələn idmançılara hədiyyə olaraq məhz çizkeyk verilirdi.
Bir çox millətlər Qədim Roma reseptini təkmilləşdirərək, onun reseptinə yeni inqrediyentlər əlavə ediblər. Məsələn, italyanlar çizkeyk hazırlamaq üçün rikotta pendirindən, almanlar və polyaklar isə kəsmikdən istifadə edirlər.
Samirə Tağıyeva, “İki sahil”