Banan qabığı
Dəymiş bananın qabığı dərini ağardır. Həmçinin, sızanaqların azalmasına səbəb olur. Bananı yeməzdən öncə qabıqlarını yaxşıca yuyun. Onları qaynayan suyun içinə qoyub 10 dəqiqə bişirin. Daha sonra əzib püre halına salın. Üzərinə bir neçə damcı ərik tumu yağı əlavə edin. Bu maska sızanaqlarla yanaşı, dərinin həddən artıq yağlanmasının da qarşısını alır.
Fıstıq yağı
Fıstıq yağı yalnız dadlı və faydalı bir məhsul deyil. O,həmçinin çox qiymətli bir kosmetik vasitədir. Fıstıq yağının tərkibində linolen, olein, palmitin və s. kimi turşular mövcuddur. Məhz sözügedən turşular dərinin yenilənməsinə kömək edir. Fıstıq yağından hazırlanan maskalar üzü hamar, yumşaq və parlaq edir. Ayrıca, yağda çox miqdarda olan nişasta və protein maddələri sayəsində dəri kifayət qədər E vitamini alır, bu da üzdə hüceyrələrin yenilənməsini sürətləndirir. İki xörək qaşığı fıstıq yağının içinə bir çay qaşığı bal, bir yumurtanın sarısını və bir neçə damla limon suyunu əlavə edərək mükəmməl bir maska əldə edə bilərsiniz. Alınan bu qarışımı üzünüzə tətbiq etdikdən sonra,təxminən yarım saat ərzində saxladıqdan sonra ilıq su ilə yuyun.
Kahı
Kahının müstəsna faydaları dərini canlandıran və elastik saxlayan çox miqdarda vitaminlə bağlıdır. Kahının tərkibində olan laktusin dəriyə sakitləşdirici təsir göstərir və qızartını aradan qaldırır ,lif suyunun daha dərin təbəqələrə nüfuz etməsini asanlaşdırır, yəni dərinin qurumasının və yaşlanmasının qarşısını alır. Bu bitkidən gözəl maska hazırlamaq üçün iki üç kahı yarpağını əzdikdən sonra üzünüzə bir neçə xörək qaşığı isti süd və bir qaşıq yağlı kəsmik əlavə edin. Həmin qarışığı dərinizə tətbiq etdikdən sonra , təxminən 15 dəqiqə saxlayın və sonra ilıq su ilə yuyun.
Mayonez
Mayonez tərkibli maskalar dərinizi qidalandırır və nəmləndirir, hüceyrə mübadiləsini normallaşdırır və beləliklə, dərinizi cavanlaşdırır. Belə bir maska əldə etmək üçün 1 xörək qaşığı mayonezə yumurtanın sarısını əlavə etdikdən sonra bu qarışığı yaxşıca qarışdırın və mütləq bir neçə damcı bitki yağı əlavə edin. Maska otaq temperaturunda olmalıdır. Onu üzünüzə masaj hərəkətləri edərək tətbiq edin və təxminən 20 dəqiqə üzünüzdə saxlayın. Qeyd edək ki, bu prosedurdan həftədə bir dəfə istifadə edə bilərsiniz. Yağlı dəriyə sahib olan xanımlar üçün 1 xörək qaşığı mayonez və 3-4 çay qaşığı yaşıl çaydan istifadə edərək çox faydalı maska əldə etmək olar. Bu qarışığı üzünüzdə 15 dəqiqə ərzində saxlasanız üzünüzün nə qədər hamar və gümrah olduğuna şahid olacaqsınız.
Xurma
Xurma quru dəri üçün çox vacib bir nəmləndiricidir. Xurmadan hazırlanan müxtəlif maskalar üz dərisini canlandırır və dərini müxtəlif minerallar ilə qidalandıraraq, həmçinin dərinin rəngini yaxşılaşdırır. Qeyd edək ki,xüsusilə solğun dəriyə sahib olan xanımlar xurmadan hazırlanan maskalardan istifadə etməlidirlər.Təxminən 6-7 xurmanın qabığını soyaraq, xırda-xırda doğradıqdan sonra bu qarışıma 1 xörək qaşığı itburnu yağı əlavə edin. Alınan maskanı üzünüzə tətbiq edin və 10 dəqiqə saxladıqdan sonra üzünüzü ilıq su ilə yuyun.
Arqan yağı
Qədim zamanlardan arqan yağı tibb və kosmetologiya sahəsində geniş istifadə edilir. Dəri xəstəlikləri və yanıqların müalicəsində çox effektivdir. Saç və dərinin gözəlliyini qoruyub saxlamağa kömək edir. Xolestrin səviyyəsini aşağı salır, qan dövranını yaxşılaşdırır və orqanizmi möhkəmləndirir.
Yaşıl çay
Yaşıl çayla üzünüzdəki səpkilər və qara nöqtələrdən xilas ola bilərsiniz. Orqanizm üçün faydalı olan bu möcüzəvi çay həm də günəş vannası qəbul etdikdən sonra yaranan qızartının da yox olmasına müsbət təsir edir.
İki çay qaşığı gil ilə dəmlənmiş və süzülmüş yaşıl çayı qarışdırın. Daha sonra məhlulu üzünüzə çəkib, 30 dəqiqə gözləyin. Quruduqdan sonra maskanı üzünüzdən təmizləyin.
Samirə Tağıyeva, “İki sahil”