25 noyabr 2021 12:36
1893

Qıfılları ilə məhşur “sevgililər körpüsü” – Hohenzollern/FOTO

Almaniyanın Köln şəhərinin simvollarından biri olan Hohenzollern körpüsü həm də məhəccərlərindən asılan on minlərlə qıfılları ilə məşhurdur. Körpünün 110 illik tarixi olsa da, qıfılların asılması ənənəsi kifayət qədər yenidir. Təxminən 15 il əvvəl bir cütlüyün birliklərinin simvolu olaraq körpünün üstünə qıfıl taxaraq açarını Reyn çayına atması ilə başlayan proses körpünü “sevgililər körpüsü”nə çevirib.

O vaxtdan bu yana sevgililər körpüdən qıfıllar asaraq açarlarını Reyn çayına atırlar. Körpünün tarixinə gəlincə isə onun tikintisinə 1907-ci ildə başlanılıb və 1911-ci ildə tamamlanıb. Əvvəlcə dəmir yolu və avtomobil yolu üçün istifadə edilən körpü 1945-ci ildən sonra bu günə qədər yalnız dəmir yolu və piyada keçidi kimi istifadə edilir. Almaniyanın ən çox istifadə edilən bu körpüsü həm də Köln Hauptbahnhof və Köln Messe/Deutz stansiyalarını birləşdirir.

İkinci Dünya Müharibəsi dövrünün ən əhəmiyyətli körpülərindən biri olan Hohenzollern körpüsü hava bombardmanlarına baxmayaraq ciddi ziyan görməyib. Lakin 1945-ci il martın 6-da Müttəfiq Qüvvələrin Köln şəhərinin qərb sahillərini işğal etməyə başladığı vaxt körpü alman mühəndis bölməsi tərəfindən partladılıb. Müharibənin bitdiyi 8 may 1945-ci ilə qədər yenidən tikilib. Ümumi uzunluğu 409,19 metr olan Hohenzollern körpüsündən bu gün 1200-dən çox qatar keçir.

Vüsal Cahanov, “İki sahil”