25 noyabr 2021 17:00
431

 Kivi möcüzəvi meyvədir

Kivinin tarixi Qədim Çindən başlayır.  Əvvəlcə bu  meyvə "Çin motmutusu" adlandırılıb, sonralar isə onu Yeni Zelandiyaya gətiriblər və ölkənin simvolu olmuş kiçik kivi quşunun şərəfinə adlandırıblar.

Bu möcüzəli meyvə müxtəlif vitamin və mikroelementlərlə olduqca zəngindir. Mütəxəssislərin fikirincə məhz kivi C vitamin ilə zəngin olduğuna  görə bütün sitrus meyvələri arasında birinci yeri tutur. Bundan əlavə kividə B2, B3, B9 (fol turşusu), B6, A, E, PP  vitaminləri, maqnezium, kalium, dəmir, fosfor, yod, mis, sink və s. mikroelementlər var.

Zəngin vitamin-mineral tərkibi ilə yanaşı, kivi azkalorili giləmeyvədir. Bu səbəbdən  kivi diyetik qidalar sırasına daxildir.   Onun kalorisi çox aşağıdır və 100 qram kividə təxminən 60 kkal var.

Hər gün səhər və şam yeməyindən əvvəl 1-3 ədəd kivi istifadə edərək, arıqlamada gözəl nəticələrə nail olmaq olar.

Kivinin tərkibində C vitamini və fol turşusu çox olduğu üçün, immun sistemini gücləndirir, orqanizmin infeksiyalara olan davamlılığını artırır.

Həkimlərin fikirlərinə görə, kivi onkoloji xəstəliklərinin profilaktikasında böyük rol oynayır.

Kivi ürək-damar sistemi üçün çox faydalıdır. Tərkibində kalium və maqnezium mikroelementlərinin olduğuna görə kivi arterial təziqini normallaşdırır. Bundan əlavə bu giləmeyvə damarların və kapilyarların divarlarını möhkəmləndirir və damarlarda trombların əmələ gəlməsinə mane olur, orqanizmi ziyanlı xolesterindən azad edir.

Əgər siz qida qəbul etdikdən sonra mədənizdə ağırlıq, qıcqırma hiss edirsizsə, kividən istifadə edin.  Bu səbəbdən xarici mətbəxlərdə kivi  xüsusi ilə ət və balıq xörəklərin hazırlanmasında daim istifadə olunur.

Kivi qəbizliyin dərmanıdır. Kivinin tərkibində çoxlu liflər olduğu üçün bağırsaqların hərəkətini tezləşdirir. Nəticədə qəbizliyi aradan qaldırır.

Orqanizmi artıq duzlardan azad edə bilən kivi böyrəklərdə daşların əmələ gəlməsinə mane  olur və böyrək daşı xəstəliyinin ən yaxşı profilaktik vasitələrdən biri sayılır.

Bütün bu gözəl xüsusiyyətlərinə baxmayaraq kivi güclü allergik reaksiyalara səbəb ola bilən meyvədir. Bu səbəbdən allergik  insanlar və 5 yaşına qədər olan uşaqlar bu meyvəni qəbul etməməlidir.

Kivi həm də əla kosmetik vasitədir. O dərini əla təmizləyir, təravətləndirir və canlandırır, onu elastik və parlaq edir. Kivi ev şəraitində hazırlanan bir çox maskalara əlavə olunur.

Samirə Tağıyeva, “İki sahil”