KÖŞƏ

Vəli İlyasov

Şeytanın şəhadət barmağı...

26 noyabr 2021 02:18
849

Məlumdur ki, son vaxtlar Türkiyədə lirənin qiymətdən düşməsi qardaş xalqa rifah vəd etmir. Ona görə də hökumət dərhal məqsədyönlü addımlar atmağa başlayıb.

Bununla bərabər, 2022-ci ildə lirənin dollar və digər xarici valyutalar qarşısında gücləndirəcək strateji tədbirlər görülməsi planlaşdırılır. Təbii ki, bütün bunlar lirənin süni surətdə ucuzlaşmasına çalışan və bununla da Türkiyədə xalqı mövcud iqtidara qarşı qaldırmağı əsas hədəf seçən Qərb dünyasının xoşuna gəlməyəcək. Bundan başqa, digər strateji hadisələr də baş verəcək. Xüsusən də Türkiyədə istehsal olunmuş beşinci nəsil qırıcılarının havaya qaldırılmasının şahidi olacağıq. Bunlarla yanaşı, silah alan ölkələrə digər ən müasir silahlar da təqdim ediləcək. Türkiyə xalqı Ərdoğan hakimiyyətinin nə qədər gərəkli olduğunu əyani şəkildə bir daha görəcək. Aydın görünür ki, “lirə əməliyyatı”nın müəllifləri Rəcəb Tayyib Ərdoğanın 2023-cü ildə növbəti dəfə prezident seçiləcəyinə əngəl yaratmaq planlarını işə salıblar. Xeyli vaxtdır ki, Ərdoğanın dünya liderinə çevrilməsi qərbli “demokratlar”ın qafasına əziyyət verir.

Lirənin ucuzlaşması məsələsi ətrafında müxtəlif fərziyyələr irəli sürülür, əsas fikir isə bundan ibarətdir ki, bu, Türkiyəyə qarşı oynanılan siyasi oyunun tərkib hissəsidir.

Başa düşülür ki, dediyimiz kimi, Türkiyədəki bu proses təkcə lirənin ucuzlaşması ilə bağlı deyil, həm də bunun arxasında bir çox siyasi məqsədlər durur. Bu, Qərb dövlətlərinin və ya ABŞ-ın maliyyə institutlarının və kəşfiyyat orqanlarının apardıları çirkin əməliyyatdır. Yəni, süni əməliyyatlarla, gizli sanksiyalarla lirəni ucuzlaşdırıb qiymət artımına səbəb olmaqla Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hökumətə qarşı daxildə etiraz yaratmaq istəyirlər. Çünki 2023-cü ildə Türkiyədə parlament və prezident seçkiləri keçiriləcək. Bu seçkilərdən əvvəl ictimai-siyasi fikri Ərdoğanın əleyhinə yönəltməklə məqsədlərinə çatmaq istəyirlər. Ssenariyə görə, Qərb kəşfiyyatının ölkənin daxilində “casus yuvası”na çevirdiyi CHP, PKK terror təşkilatının siyasi qanadı HDP və digər bir sıra müxalif partiyaları ona qarşı birləşdirməkdir. Bu, uzaq strateji hədəfdir. Yaxın hədəf isə hökuməti növbədənkənar seçkilərə məcbur etməkdir. Çünki indiki məqamda belə bir seçkinin hakimiyyətinin xeyrinə olmayacağını

düşünürlər. Bunu ona görə etmək istəyirlər ki, 2022-2023-cü illərdə Türkiyənin atacağı strateji və tarixi addımların qarşısı alınsın. Bədxahların niyyətini puça çıxarmaq üçün Ərdoğan hökuməti ilk növbədə türk kapitalını Qərb kapitalının asılılığından qurtarmaq üçün lazımi addımlar atmaqdadır. Yerli iş adamlarına geniş cəbhə açılacaq, iş adamlarına, sərmayə yatıranlara münbit daha şərait yaradılacaq, onlara yeni imtiyazlar veriləcək, güzəştlər ediləcək, istehsal yüksəldiləcək, xarici kapital ucuzlaşdırılacaq və turizm daha da inkişaf etdiriləcək. Xatırladaq ki, Türkiyənin dövlət büdcəsinin formalaşmasında turizm böyük rol oynayır. Müasir silahların və dəniz məhsullarının satışından əldə olunan milyardarla pul ölkənin rifahının daha da yaxşılaşdırılmasına yönəldilir. Bunlar AKP-nin cəmiyyətdəki mövqelərini gücləndirəcək ki, bu da seçkilərdə Ərdoğanın qalib gəlməsinə şərait yaradacaqdır.

Təəssüf ki, bunun qarşısını almaq istəyənlər erkən seçkilərin keçirilməsinə zəmin yaratmağa çalışırlar. İnandırıcı deyil. Çünki Türkiyədə siyasi və ya hakimiyyət böhranı, eləcə də hakimiyyət boşluğu yoxdur. Bundan əlavə, Türkiyədə elə bir ciddi proses də getmir ki, AKP məcbur olub erkən seçkilərə getsin. Türkiyə cəmiyyəti Ərdoğanı özünün güclü lideri kimi qəbul edir. Güclü Türkiyə hakimiyyəti və dövləti var, buna görə də Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, seçkilər 2023-cü ilin iyun ayında keçiriləcək.

Getdikcə dünyanın ən güclü lideri mövqeyini möhkəmləndirən Ərdoğan faktoru qlobal gücləri, xüsusən də ABŞ və Avropa Birliyini ciddi şəkildə əndişələndirir. Çünki o, müstəqil və müstəqim siyasət yürüdür, artıq kənardan idarə olunan Türkiyə deyil. Həm də o, tək deyil və bir çox ölkələr Türkiyəyə kömək etməyə hazırdır. Təkcə Qətər dövlətinin rəhbərləri bu günlərdə Türkiyəyə 100 milyard dollar verməyə hazır olduğunu bildiriblər. Özü də təmənna və ya qarşılıq gözləmədən, qardaş yardımı kimi. Lazım gələndə digər dost ölkələr də öz köməklərini göstərəcəklər. İndi müstəqil, hərbi-siyasi və iqtisadi sahələrdə güclü, hərbi təchizatının 80 faizini özü təmin edən Türkiyə var. Bu isə Türkiyənin “müttəfiqlər”inə sərf etmir. Ona görə də, “şeytan barmaqları” Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaq üçün hər vasitəyə əl atırlar. Ancaq yaddan çıxarırlar ki, Mustafa Kamal Paşadan sonra Ərdoğan dönəmində Türkiyə bütün dünyada güclü orduya və iqtisadiyyata malik olan dövlət kimi formalaşıb. Türkiyənin region səviyyəsindən çıxaraq dünya güc mərkəzinə çevrilməsi, yüz illərlə onun məhvinə çalışan düşmən qüvvələrə meydan oxuması onları qıcıqlandırır və şeytani əməllərlə güclü rəqibi sıradan çıxarmağa can atırlar. Xatıladırıq ki, yüz il əvvəl yeddi dövlətin ordularını darmadağın edən Türkiyə bu gün daha güclüdür və haqqında danışdığımız hücumların qarşısını qətiyyətlə alacaqdır. Şübhəsiz ki, bu işdə qardaş Türkiyənin yanında Azərbaycan və digər sədaqətli dostları da olacaqdır.

Mahir Rəsuloğlu
Üzr istə, madam!..
Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?