26 noyabr 2021 23:58
1033

«Lirə böhranı», yaxud təxribatı «maliyyələşdirənlərin» qərəzi

Qardaş ölkədə təşkil olunan aksiyalar Qərbin Azərbaycan –Türkiyə birliyinə siyasi qısqanclığıdır

Beynəlxalq münasibətləri, bölgələrdəki əmin-amanlığı maraqları baxımından «tarazlayan», əsas məqsədləri isə nisbətən güclənən dövlətlərə təzyiq göstərmək, ölkələrin daxilində yaratdıqları iğtişaşlarla sabitliyin pozulmasını «təmin etmək» olan «superlər» dünyanın siyasi mühitini qaynaq qazana çevirməkdədirlər. Son günlərdə dünyada söz sahibi olduğunu möhkəmlənən iqtisadi inkişafı, hərbi qüdrəti, bölgədə artan təsir imkanları ilə sübut edən Türkiyədəki «lirə əməliyyatı» bu ölkədə sabitliyin pozulmasına uzanan məkrli əllərin növbəti təxribatıdır.

«Feto camaatını» illərdən bəri maliyyələşdirən, Fələstinə humanitar yardım aparan və «Azadlıq karvanı» adlandırılan Türkiyəyə məxsus «Mavi Mərmərə» gəmisinə basqın edən, İstanbulun Əsgər Ocağı Caddəsi adlandırılan ərazisində yerləşən «Gezipark»da guya ağacların kəsilməsi, hakimiyyətin məşhur Taksim meydanı ilə bağlı planlarına qarşı qərəzli qüvvələrin iştirakı ilə təşkil olunan aksiya, insident zamanı 14 yaşlı Berkan Elvanın ölümü ilə bağlı istintaqı aparan prokuror Mehmet Selim Kirazın terrorçular tərəfindən qətlə yetirilməsi və buna bənzər digər hadisələr, bu gün də Türkiyənin müxtəlif bölgələrində törədilən terrorlar, «lirə böhranı» qardaş ölkənin qüdrətlənməsindən xoflanan qüvvələrin xəyanətləridir.

Son günlərdə qardaş ölkədə qəsdən yaradılan «lirə böhranı» əvvəlki təxribatların davamıdır. Türkiyəyə qarşı bu cür münasibətin səbəbləri isə aydındır: Azərbaycanın 30 il Ermənistanın işğalı altında qalan ərazilərinin azad edilməsi, Zəfərimizlə nəticələnən İkinci Qarabağ müharibəsində Türkiyənin xalqımıza siyasi, mənəvi dəstəyi, Şuşada Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Müttəfiqlik Bəyannaməsi, hər iki dövlət başçılarının iştirakı ilə türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin təməlinin qoyulması, İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasınını VIII Zirgə Görüşündə qurumun Türk Dövlətləri Təşkilatı adı ilə beynəlxalq aləmdə daha geniş coğrafiyada tanınması… Sadalanan, biri –birindən əhəmiyyətli bu məqamlar illərdən bəri islamofobiya adı altında türk xalqlarının, birliyinə əngəl olan, müsəlmanların həmrəyliyini istəməyən qüvvələri narahat edir.

Azərbaycan -Türkiyə birliyinin dünya siyasətinin başlıca amilinə çevrildiyi, hər iki dövlətin birgə iştirakı ilə hazırlanan qlobal layihələrə marağın artdığı vaxtda Türkiyəyə qarşı yönəlmiş hər hansı ədalətsizliklə barışmayacağını bəyan edən Azərbaycan dövləti və xalqı həmişə olduğu kimi, indi də milli-mənəvi dəyərləri bir olan qardaşlarının yanındadır. Terrorun, soyqırımının, günahsız insanların qətlə yetirilməsinin ağrı- acısını illərdən bəri hiss edən , vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasının qarantı olan beynəlxalq hüquq normalarına sadiq qalan, xalqlar və dövlətlərarası əməkdaşlıq münasibətlərinə hörmətlə yanaşan və bəşəri dəyərlərə, humanizmə əməl edən Azərbaycan terrorları, təxribatları daim pisləyib, bu gün də həmin mövqeyində qalır.

Dövlət başçıları arasında bacarığı, qətiyyəti , siyasi iradəsi , verdiyi sözünə sadiqliyi ilə ön sıralarda dayanan Prezident Rəcəb Tayyib Ərdoğanın apardığı genişmiqyaslı siyasi, iqtisadi islahatlar sayəsində qardaş ölkənin güclənməsini istəməyən, ölkədə sabitliyin pozulması üçün terror təşkilatlarını maliyyələşdirən tərəflərin planlaşdırdıqları «lirə təxribatı» Ermənistanı dəstəkləyən qüvvələrin fitnəkar əməlləri, Türkiyəyə qarşı aparılan siyasi oyunun tərkib hissəsidir. Qardaş ölkədə baş verən son hadisələr təkcə lirənin ucuzlaşması ilə bağlı deyil. Arxasında siyasi güclərin dayandığı təxribat Qərbin maliyyə institutlarının və kəşfiyyat orqanlarının planlaşdırdıqları əməliyyatdır. Süni yollarla lirəni ucuzlaşdırıb qiymət artımı görüntüsü yaratmaqla Türkiyədə daxili sabitliyi pozmağa cəhd edənlər onlara xidmət edən qüvvələrin iştirakı ilə ölkə daxilində etiraz yaratmağa çalışırlar. 2023-cü ildə Türkiyədə keçiriləcək parlament və prezident seçkiləri ərəfəsində ictimai-siyasi fikri hakimiyyətin əleyhinə yönəltmək istəyənlər Qərb kəşfiyyatının «casus yuvası»”na çevrilən PKK-dan, bu terror təşkilatının siyasi qanadı HDP, CHP kimi müxalif partiyalardan istifadə edirlər. Bu kimi uzaq strateji hədəfə çatmağın yolu isə hökuməti erkən seçkilərə məcbur etmək və bunun üçün zəmin yaratmaqdır. Hazırda Tükiyədə törədilən təxribat, «lirənin ucuzlaşdırılması əməliyyatı» bu məqsədə hesablanıb. Amma Türkiyədə erkən seçkiləri labüd edəcək siyasi və ya hakimiyyət böhranı yoxdur, ölkə daxilində narahatlıq yaradacaq ciddi proseslər də getmir. Rəcəb Tayyib Ərdoğan insanlarla görüşlərində dəfələrlə vurğulayıb ki, 2022-2023-cü illərdə Türkiyənin gələcəyi üçün strateji, konkret addımlar atılacaq, seçkilər 2023-cü ilin iyun ayında keçiriləcək. Aparılan islahatlar nəticəsində iqtidar partiyasının nüfuzu daha da artacaq, ölkənin iqtisadi qüdrəti güclənəcək, xalqın rifahı yüksələcək. Bu çirkin oyunların əsas hədəfi bu islahatları aparan, dünyanın ən güclü lideri Rəcəb Tayyib Ərdoğan faktorudur. ABŞ, Avropa İttifaqı Türkiyə ilə sözdə müttəfiqlik imici yaratsalar da, əslində isə bu dövlətin qüdrətlənməsini, türk dünyasını birləşdirən qardaş ölkənin liderliyini qəbul etmirlər. Türkiyədə istehsal edilən beşinci nəsil silahlardan qorxanların ciddi-cəhdlərinə baxmayaraq xalqın Rəcəb Tayyib Ərdoğana olan etimadına xələl gətirə bilməyəcəklər.

Rəsmi Ankaraya qarşı birləşən qüvvələri narahat edən başqa faktor isə Türkiyə-Azərbaycan dostluğu, həmrəyliyidir. 44 gün davam edən İkinci Qarabağ müharibəsində tarixi, mədəniyyəti, etnik kökləri, dili, dini, milli dəyərləri, maraqları eyni olan, birlikləri ilə dünyaya nadir əməkdaşlıq formulunu göstərən Türkiyə ilə Azərbaycan prezidentlərinin imzaladıqları Müttətiqlik Bəyannaməsi çoxlarına vurulan zərbə idi. Prezident İlham Əliyevin «Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir» sözləri bir əsr bundan əvvəl türk dünyasının aparıcı qüvvəsi olan Azərbaycanı parçalayanları narahat edir. Beynəlxalq müstəvidə diqqət çəkən qlobal enerji, nəqliyyat layihələrinin reallaşmasında, Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında birgə çalışan Türkiyə ilə Azərbaycanın müdafiə sahəsindəki iş birliyi maraqları naminə rəzil Ermənistanı dəstəkləyənlərin geopolitik siyasətlərini alt-üst edir. Həmin qüvvələr türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin bərpasını da istəmirlər. Prezident İlham Əliyevin «Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq», «Bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları bizim birliyimizi göstərir. İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan əziz qardaşım, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Dedi ki, Türkiyə Azərbaycanın yanındadır və müharibənin ilk saatlarından son dəqiqələrinə qədər əziz qardaşımın və Türkiyə Cümhuriyyətinin, qardaş türk xalqının dəstəyi bizə əlavə güc verirdi. Bu siyasi və mənəvi dəstək bizi ruhlandırırdı. Türkiyənin bütün yerlərindən gələn mesajlar, təbriklər, dəstək, həmrəylik ifadələri bir daha bütün dünyaya bizim birliyimizi nümayiş etdirmişdir» sözləri Türkiyənin qüdrətlənməsini istəməyənlərə, Ermənistanı təkrar müharibəyə sövq edənlərə, təxribatlar törədənlərə də mesajdır. Türk birliyinin sarsılmazlığına növbəti xəbərdarlıq Prezident Rəcəb Tayyib Ərdoğanın «Azərbaycan ailəmizin üzvüdür», «Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür» sözləri, «Türkiyə olaraq, azadlıq mübarizəsində olduğu kimi, bərpa işlərində də qardaşlarımıza hər cür dəstəyi veririk, verməkdə də davam edəcəyik» çağırışıdır.

Xuraman İsmayılqızı, «İki sahil»