Artıq BYD-nin Sumqayıt Sənaye Parkında istehsal etdiyi ilk elektrik avtobusu sərnişindaşıma fəaliyyəti ilə məşğuldur
Əgər bu gün Azərbaycanın neft və qaz məhsullarının ixracı üçün ən yaxşı bazar Avropadırsa, qeyri-neft sektorunun səmərəli bazarı isə Asiyadır. Xüsusilə ərazi və əhali sayına görə Asiyanın birincisi, iqtisadi və hərbi qüdrətinə görə isə dünyanın ikincisi olan Çin Xalq Respublikası (ÇXR) ilə iqtisadi əməkdaşlıq ölkəmizə yeni dividendlər gətirir.
Azərbaycanın Çinlə iqtisadi və siyasi əməkdaşlığı ona görə zəruridir ki, son 20 ildə bu ölkənin iqtisadiyyatı yüksələn xətlə inkişaf edib. Yəni, ÇXR hazırda dünya iqtisadiyyatının artımında önəmli rol oynayır. Sənaye istehsalının həcmi üzrə lider mövqedədir və bu sahədə dünya istehsalının dörddən birini təmin edir. Asiyanın bu nəhəng ölkəsi həm də innovativ yenilikləri ilə diqqət çəkir. Çin günəş panelləri, külək turbinləri və elektrik avtomobillərinin ən böyük istehsalçısıdır. Hazırda bu ödkə qlobal elektrikli avtomobil satışlarının 65 faizinə sahibdir. Elmi araşdırmalara çəkilən xərclərə və uğurlu nəticələrə görə Çin dünyada ABŞ-dan sonra ikinci yerdədir.
Bu qədim Asiya ölkəsi son illərdə qlobal texnoloji liderliyini möhkəmləndirərək süni intellekt, elektrikli nəqliyyat, kvant hesablama, dron texnologiyaları və batareya istehsalı kimi sahələrdə üstün mövqeyə yüksəlmişdir. Beynəlxalq iqtisadi təşkilatların heablamalırına görə, Çin 44 strateji texnologiyadan 37-də lider mövqedədir. Dünya Əqli Mülkiyyət Təşkilatının 2024-cü il hesabatında isə Çin dünya üzrə ən çox elmi-texnoloji klasterə sahib ölkə kimi təqdim olunur. Çin dünya üzrə ən çox patent müraciəti edən ölkədir ki, bu da «Huawei» və digər texnologiya nəhənglərinin qlobal rəqabət gücünü nümayiş etdirir.
Hazırda ÇXR dünya ticarətinin lokomotividir. Ötən il ixrac etdiyi məhsulların həcmi 3,58 trilyon, idxalı isə 2,59 trilyon dollar olub. Bununla da bu ölkə ixrac və idxal üzrə ilk yerlərdə qərarlaşıb. Nəqliyyat sahəsində Çin 48 min kilometrdən çox uzunluğa malik sürətli dəmir yolu şəbəkəsi ilə dünya lideridir.
Bu gün Çin Azərbaycanın xarici ticarət tərəfdaşları arasında dördüncü yerdə qərarlaşıb. Bu gün Azərbaycan təbii resurslarda, Çin isə istehsal gücü və texnologiyada nisbi üstünlüyə malikdir. Ölkəmizin Çinə ixracı əsasən enerji və kimya məhsullarından ibarətdir. İdxal isə maşın-mexanika, elektronika və nəqliyyat vasitələridir. 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 2,1 milyard dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,6 faiz artım deməkdir. 2024-cü ildə Azərbaycanın Çinlə ticarət dövriyyəsi 3,73 milyard dollar olub. Bu dövriyyənin böyük hissəsini Çin məhsullarının idxalı təşkil edir. İki ölkə arasında əməkdaşlıq Çinin «Bir kəmər, bir yol» təşəbbüsü çərçivəsində daha da genişlənir. Azərbaycan Asiya ilə Avropa arasında nəqliyyat və ticarət körpüsü olmaqla həm də Çin üçün mühüm tranzit ölkəyə çevrilib. 2024-cü ildə Orta Dəhliz vasitəsilə Azərbaycan və Çin arasında tranzit yük daşımaları 86 faiz artaraq 378 min ton təşkil edib. Hazırda Çin Azərbaycanın xarici ticarət tərəfdaşları arasında dördüncü yerdə qərarlaşıb.
Xatırladaq ki, son bir neçə ildə xarici investorların ölkəmizə marağının artması birmənalı olaraq davamlı iqtisadi inkişafla bağlıdır. Xüsusilə Azərbaycanda investorlara yaradılan şəffaf və səmərəli mühit bu məsələdə əsas prioritetdir . Xarici investorlar aydın şəkildə görürlər ki, ölkəmizdə biznes mühiti yaxşılaşdırılır, investisiya qanunvericiliyi təkmilləşdirilir və xarici investorlara münasibət müsbət istiqamətdə dəyişir. Bu amillər dünyanın bir çox şirkətləri kimi, Çin şirkətlərini də Azərbaycana investisiya yatırmağa sövq edir. Bu mənada, Azərbaycanda elektrik mühərrikli avtobusların istehsalının lokallaşdırılması layihəsi diqqət çəkir. Bu layihə Sumqayıt Sənaye Parkında reallaşdırılır. Belə ki, Sumqayıt Sənaye Parkında «BYD» ilə «Azerbaijan Energy Automotive Factory» MMC-nin birgə istehsal etdkləri ilk elektrik avtobusu «BakuBus» MMC-yə təqdim olunub. Bununla da Azərbaycan Respublikasının Prezidentinin 2023-cü ildə imzaladığı «Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında» Sərəncama uyğun olaraq ölkədə ekoloji təmiz nəqliyyat vasitələrinin istehsalı və istifadəsi daha da genişləndirilir.
Mütəxəssislər hesab edirlər ki ilk elektrik avtobusunun istifadəyə verilməsi Azərbaycanın yaşıl enerji və yaşıl nəqliyyat siyasətinin mühüm hissəsidir və Azərbaycan-Çin əməkdaşlığının uğurlu nümunəsidir. İlk istehsal olunan 12 metrlik avtobus 82 sərnişin tutumuna malikdir və bir dəfə şarjla 350 km məsafə qət edə bilir. Gələcəkdə müxtəlif tutumlu modellərin, həmçinin paralel olaraq yük, kommunal və minik avtomobillərinin istehsalı istiqamətində təşəbbüslər reallaşdırılacaq. Bu təşəbbüslər Azərbaycanın regionda ekoloji təmiz və dayanıqlı nəqliyyat sahəsində mövqeyini gücləndirir.
Elçin Zaman, «İki sahil»